Ana səhifə YAZILAR Sofu suların sirdaşı

Sofu suların sirdaşı

Müəllif: Bizim Yazı
461 baxış

Gündüz Qaral(ov) / Azərbaycan Texniki Unversitetinin tələbəsi

…Heç inanmaq olmur ki, Məmməd Dəmirçioğlu 60 yaşını arxada qoydu. Bütün taleyi kimi onun yaş durumu da yetərincə bənzərsizdi: həyat eşqi, yazıb-yaratmaq həvəsi, bitib-tükənməyən istəyi sarıdan sanki hələ də “bir telli toqqalı oğlandı Məmməd” (Mahmud Vəli). Məncə bu cür ömrü hamı yox, yalnız Məmməd Dəmirçioğlu yaşaya bilər. Dəmirçioğlu ruhu, yaradıcılığı ilə həm də minillərin adamı təsiri bağışlayır. Onun insani yaddaşı la-ap uzaqlardan- Yunus İmrədən, Qaracaoğlandan, Dadaloğlundan, Xəstə Qasımdan, Tufarqanlı Abbasdan, Qul Allahquludan, Səfil Şenlikdən, Dədə Ələsgərdən, Hacı Mahmud Əfəndi həzrətlərindən, Aşıq Avdı Qaymaxlıdan, könül dostları, əqidə arxadaşları Ağamalı Sadiq Əfəndidən və Akif Səməddən güc alıb. Onun şerlərini oxuyanlar bu keşməkeşli yolun havasını canlarında duyurlar. Maraqlıdır, Dəmirçioğlu dövrümüzün mövzularına əl atanda belə, misralarının alt qatında minilliklərin havası adamın üzünə vurur. Mənə onun Məmməd Dəmirçioğlu olmağını, onun Dəmirçioğluluğuna məhdud sayda bələd insanlardan olan qardaşım Həmid Ormanlı anladıb. İndi mən onun İncəliliyinə də, şairliyinə də, rəssamlığına da, memarlığına da, heykəltəraşlığına da, aşıqlığına da, təbiətdən necə zövq aldığına da, sofu sularla əhvallaşmasına da… yaxşı bələdəm.
Məmməd əmi uzun müddət Orta Asiyada yaşayıb-yaradıb. O, tək Azərbaycana sığışmır, ucu-bucağı görünməyən geniş bir məkandır.
Camahat Məmməd əminin 50 yaşından sonra xəbər tutduğu kimi, əminəm, 60-dan sonra da onun hələ bizə açıq-aşkar bəlli olmayan neçə (və necə!) qatı var, – deyə könülləşəcək, dərdləşəcəcəyik. Deməli, hələ canında canı var. Canında canı olduqca da bitib-tükənən deyil Məmməd Dəmirçioğlu!..
Tanrı qorusun!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.