Home YAZILAR OXU! – İLK VƏHYİN DƏRİN MƏDƏNİYYƏT FƏLSƏFƏSİ

OXU! – İLK VƏHYİN DƏRİN MƏDƏNİYYƏT FƏLSƏFƏSİ

by Ali Zeynalov

Tanrının sonuncu elçisinə nazil olan ilk vəhyin başlanğıcında bir buyruq dayanır: OXU!
Bu, kitab açmaq, hərfləri tanımaq, sözləri səsləndirmək buyruğundan ötə, insanın öz varlığına, yaradılışa, zamana, yaddaşa, biliyə və bilmədiklərinə yönəlmiş böyük bir çağırışdır. Bir anlamda, insanın öz insanlığını idraka dəvətidir.
Qurani-Kərimin ilk nazil olan ayələrinin “OXU!” (“İqra!”) buyruğu ilə başlaması son dərəcə düşündürücüdür. İslam inancına görə, ilahi vəhyin başlanğıcında insanın idrakına müraciət edilir.
Niyə “Bax!” deyil?
Niyə “İnan!” deyil?
Niyə “İtaət et!” deyil?
Niyə anrı deyil, niyə bəri deyil?
Niyə məhz “OXU!”?

Əlbəttə, Quranın başqa ayələrində dinləmək də, baxmaq da, düşünmək də, iman və itaət də öz yerini tutur. Ancaq ilk vəhyin “OXU!” buyruğu ilə başlaması insanın mənəvi yüksəlişində bilginin, öyrənmənin və anlamanın özəl yerini kəsinliklə göstərir.

Bəlkə də burada böyük bir mədəniyyət fəlsəfəsinin qapısı aralanır: İnsan yaşadığını anlamaq üçün də yaradılmışdır.

“Ələq” surəsinin ilk beş ayəsində yaradılışdan, öyrənməkdən, qələmdən və insana bilmədiklərinin öyrədilməsindən söz açılır.
Beş ayə… Ancaq bütöv bir bilik və mədəniyyət fəlsəfəsi!
Burada üç önəmli anlayış bir-birinə bağlanır: yaradılış, bilik və öyrətmə.

İnsan yaradılmış varlıqdır. İnsan öyrənən varlıqdır. İnsan bildiyini başqasına ötürə bilən varlıqdır.
Bunlardan birincisi varlığın, ikincisi idrakın, üçüncüsü isə mədəniyyətin təməl məsələlərinə toxunur.
Qələm isə insanın yaddaşını öz bioloji ömründən qırağa çıxaran, ömürlərə ömür calayan böyük vasitələrdən biridir.
Budur, şairim deyir,
“…Bunlar hamsı həmi sözdü, həm həyat,
nəyə lazım yanmaz ocaq, kəm həyat!?.
Yana-yana hərlənirik, nəhayət,
İlham gəlir, Qələm yazır, Söz qalır…”

İnsan ölür, yazı qalır; imperiyalar dağılır, kitablar yaşayır. Bəzən bir kitab yüzillərin dövlətindən uzunömürlü olur…

Ancaq qələmlə yazılan hər şey mədəniyyətdirmi? Əlbəttə, yox!
Qələmlə hikmət də yazılar, böhtan da; ədalət də müdafiə olunar, zülm də əsaslandırılar. Deməli, biliklə mənəvi məsuliyyətin qovuşması vacibdir.
Bilik gücdür. Ancaq gücün mədəniyyətə çevrilməsi üçün onun əxlaqla, ədalətlə və insan ləyaqətinə sayğı ilə tamamlanması gərəkdir.
Dərin mədəniyyət harada başlayır yaxud təcəlli edir? Bax, biz o təcəlli olayını, ünvanını insanın nə qədər bilməsində axtarmırıq; insanın bildiklərinin onun mənəvi varlığında hansı keyfiyyət dəyişikliyi yaratmasında axtarırıq mədəniyyətin dərinliyini!

İndi isə bir az özümüzə, öz gündəmimizə baxaq.
Oxumağı qutlu çağırış sayan bir inancın daşıyıcıları arasında kitabdan uzaqlaşma, elmi düşüncəyə şübhə, sərbəst sualdan rahatsızlıq, tənqidi fikrə dözümsüzlük və qarğışçılıq zaman-zaman niyə baş qaldırır?
Bu sualı vermək dinə qarşı çıxmaq olmadığı kimi, elə dinin öz içindəki maarifçi imkanlara ciddi yanaşmaqdır.

Əgər ilk çağırış “OXU!”dursa, oxumaqdan qorxan düşüncə həmin çağırışın hansı qatında dayanır?
Əgər insana bilmədiklərinin öyrədildiyi bildirilirsə, bilmədiyini etiraf etməyi zəiflik sayan zehniyyət hansı mənəvi üstünlükdən danışa bilər?
Əgər qələm ilahi vəhydə xüsusi vurğulanırsa, kitabı ikinci plana keçirən, düşüncəni hazır qəliblərə sığışdıran, sualı günah kimi qarşılayan münasibət necə yorumlanmalıdır?
Burada dinlə din adından danışanların davranışlarını bir-birindən ayırmaq lazımdır, əlbəttə. Qutlu mətnin mahiyyəti ilə onun tarixi yozumları həmişə üst-üstə düşürmü?
Din adına danışmağın hələ dinin bütün hikmətini mənimsəmək olmadığı aydındır. Eləcə də elm adına danışmaq hələ elmi düşüncəyə yiyələnmək sayılmır.
Bir insan yüzlərlə kitabın adını çəkə bilər, amma bir fikri dərindən anlamamış qalar. Bir toplum minlərlə məktəb aça bilər, amma sual vermək mədəniyyətini formalaşdırmamış qala bilər.
Oxumaq bir fəaliyyətdir, oxuduğunu anlamaq bir yetənək, anladığını ədalətlə tətbiq etmək isə mədəni yetkinlikdir.
Bu gün toplumda zaman-zaman yenidən güncəlləşən baş örtüyü, məktəbli geyimi, dini və dünyəvi dəyərlər çevrəsindəki müzakirələrə də bu baxımdan yanaşmaq yerinə düşərdi.
Əlbəttə, baş örtüyünün dini, mənəvi, fərdi və ictimai tərəfləri vardır. İnsanların inancına, vicdanına, şəxsi ləyaqətinə sayğı göstərilməsi mədəni toplumun önəmli şərtidir. Eyni zamanda, dünyəvi dövlətin təhsil siyasəti, məktəbin vahid qaydaları və uşaqların hüquqları da ciddi yanaşma tələb edir.
Gəlin bax, burada düşündürücü bir məqama diqqət edək: İlk vəhyi “OXU!” olan bir inancın daşıyıcıları üçün başlıca ictimai qayğı oxumağın özü olmalı deyilmi?
Biz niyə bəzən uşağın başının necə örtülməsini onun zehninin necə açılmasından daha çox müzakirə edirik?
Niyə məktəbli geyiminin formasına ayırdığımız ictimai enerjini təhsilin məzmununa, müəllimin nüfuzuna, şagirdin mütaliəsinə, qızların və oğlanların bərabər təhsil imkanlarına eyni həssaslıqla yönəltmirik?

Niyə uşağın nə geyindiyi haqqında saatlarla danışırıq, ancaq onun nə oxuduğu, nə düşündüyü, hansı sualları verdiyi, gələcəyə necə hazırlaşdığı barədə eyni ardıcıllıqla danışmırıq?
Bu suallar ictimai prioritetlərimizin düzgün müəyyənləşdirilməsi üçündür.
Baş örtüyü taxan qız da oxumalıdır, taxmayan qız da. Hər ikisinin təhsil hüququ, insan ləyaqəti və gələcək qurmaq imkanı qorunmalıdır.
Dünyəvi məktəb fərqli inanclara malik uşaqların ortaq təhsil məkanıdır. Onun qaydaları hüquqi əsaslara, pedaqoji məqsədə, mütənasibliyə və uşağın üstün mənafeyinə söykənməlidir.
Məktəb geyiminin müzakirəsi öz yerində, məktəbin maarifçi missiyası da öz halal-hümmət yerində. Birincinin ikincini kölgədə qoyması ciddi mədəni problem olardı.

Burada daha bir önəmli məsələyə toxunmalıyıq.
Qadağa ilə maarif eyni tərəzidə dartılmır… Qadağa müəyyən davranışı sınırlaya bilər, lakin onun səbəblərini həmişə aradan qaldırmır.
Maarif isə insanın öz seçimlərini bilik, düşüncə və məsuliyyət əsasında formalaşdırmasına imkan yaradır.
Ona görə də bizə inzibati qaydalardan savayı güclü maarifçi immunitet lazımdır.
Maarifçi immunitet insanın yanlış fikri öz idrakı və mənəvi meyarları ilə ayırd edə bilməsidir. Yəni heç nə dışarıdan zorən olmamalıdır.
Bu, uşağa dünyanı anlamağı öyrətməkdir; deməli, dünyadan təcrid etmək bizim mövzumuz ola bilməz. Bu, gəncin nəyi düşünəcəyini daim diktə etməkdən üstün – necə düşünəcəyini öyrətməkdir. Bu, sualdan qorxmaq yox, sualın qarşısına biliklə çıxmaqdır.
Əgər məktəb sualı zəiflədirsə, ictimai mühit müzakirədən çox təqlidi ödülləndirirsə, onda gənclərin kitab oxumamasından şikayət etməyimiz nə dərəcədə ədalətli olacaq?

Biz uşaqlarımıza oxumağı, tarixi düşünməyi öyrədirik, yoxsa tarix haqqında hazır hökmləri təkrarlamağı?
Yaxud ədəbiyyatı insanın iç dünyasına açılan qapı kimi göstəririk, yoxsa əsərlərin məzmununu əzbərlədib imtahan suallarına hazırlayırıq?

Bir toplumun mədəni səviyyəsi kitabxanalarının sayından çox, düşünən insana göstərdiyi münasibətlə ölçülməyi haqq edir.

Gəlin elə bu məqamda yenidən ilk vəhyin fəlsəfi dərinliyinə qayıdaq.
“Oxu!” – hərflərdən üstün hadisələri oxu!
Tarixi oxu! Təbiəti oxu! Zamanı oxu!
İnsanı oxu! Özünü oxu! – Qədim yunan müdriklərinin dediyi kimi ÖZÜN ÖZÜNÜ DƏRK ET.
Başqasının yanlışını görmək asandır, öz yanlışını görmək isə mənəvi cəsarət istər…

İnsan dünyanı dəyişdirməzdən öncə də, dünyanı dəyişdirərkən də onu anlamağa borcludur. – Bəlkə də, ilk vəhyin dərin mədəniyyət baxımından ən böyük anlamı elə budur.
Yəni bir toplum kitab oxuya bilər, lakin zamanını oxumamış qalar; bir dövlət tarixini yaxşı bilər, lakin gələcəyin çağırışlarını vaxtında anlamamış duruma düşər… Bir sivilizasiya böyük bilik sərvəti yaradar, lakin həmin biliyi insanlığın xeyrinə yönəltməkdə çətinlik çəkər…
Bax, ona görə də oxumaq davam edən mənəvi-intellektual məsuliyyətdir.
İlk vəhy “OXU!” buyruğu ilə başlar.
Bəli, oxu ki, biləsən; bil ki, anlayasan; anla ki, ədalətli olasan; ədalətli ol ki, insanlığın yüksəlişinə xidmət edəsən.
Nəhayət, oxu ki, kitabdan ötə, insanın üzünə baxanda onu doğru oxuya biləsən!
İnsanı oxumaq isə savadla yanaşı, vicdan, mərhəmət və mədəni dərinlik də istər.

Heç bir örtük insanın zehninə, heç bir dünyəvi geyim də insanın vicdanına öz-özlüyündə zəmanət vermir.
Bəlkə, ilk vəhyin “OXU!” çağırışını yenidən eşitməyin vaxtıdır – daha dərindən, daha məsuliyyətlə, daha mədəni şəkildə və məktəblərin şüşələrini qırmadan!..
Haqq Yolunda olanlara, ariflərə, bilənlərə, o cümlədən müstəqil dövlətinin mədəni-mənəvi irsini və müstəqilliyinin dəyərini bilənlərə salam olsun!

Əkbər QOŞALI

You may also like

Leave a Comment