Ana səhifə YAZILAR Məhəmməd Füzulinin Əlisi

Məhəmməd Füzulinin Əlisi

Müəllif: Bizim Yazı
779 baxış

Azərbaycan elminin müxtəlif sahələrində çalışan elə alimlərimiz vardır ki, onlar təmsil etdikləri sahədə böyük uğurlar qazansalar da adları bugünki gəncliyə çox az məlumdur. Əli Fəhmi də belə alimlərimizdəndir.
Cəmi 56 il ömür yaşayan, lakin qısa ömür sürməsinə baxmayaraq özündən sonra zəngin irs, qiymətli xatirələr qoyan Əli Fəhmi Qurani-Kərimin, İslam dini ehkamlarının, şərq poe¬ziyasının,  əruzun və klassik musiqinin çox gözəl bilicisi olub.Əli Fəhmi 1919-cu il fevralın 19-da Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik  olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədaətən şeir demək bacarığına görə  Müşfiq verib. “Səndə İmam Əli fəhmi var” – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan “Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar” deyə soruşduqda “Əlbəttə ki, Əli Fəhmi” deyə cavab vermişdir.
Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komisarlığında həkim kimi çalışmışdır.

***
Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan Ədəbiyyatı Tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi  həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı” mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır. Lakin son anda bəlli olur ki, həmin iş digər bir aspirant tərəfindən işlənir. Sovet dövrünə xas olan haqsızlıq, süründürməçilik onu bezdirir, bu işi yarımçıq qoymağa vadar edir.
Əli Fəhmi ADU-da mətnşünaslıqdan dərs deyir, qəzəllərin elmi təhlilini verir, jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edirdi.
Əli Fəhminin klassiklərimizlə bağlı zəngin biliyindən kinoda, teatrda, televiziya və radioda geniş istifadə olunurdu. O televiziyada əruzla bağlı çətin oxunan qəzəllər üzrə məsləhətçi idi. Kinoda “Nəsimi” filminin baş məsləhətçisi kimi Rasim Balayevi Nəsimi roluna, teatrda isə Məlik Dadaşovu Şeyx Nəsrullah roluna hazırlamışdı. Sayğıdəyər aktyoromuz Məlik Dadaşov deyirmiş: “Məni Şeyx Nəsrullah roluna hazırlayarkan o sözlər ki, Əli  Fəhminin dilindən çıxrdı – adam doğurdan da Şeyx Nəsrullahın ölüləri dirildə biləcəyinə inanmaq istəyirdi.
Görkəmli aktyor, Hacı Həsən rolunun ifaçısı Məmmədrza Şeyxzamanov isə öz xatirələrində yazır: “Biz hamımız Şeyxin dilindəki qəliz ərəb-fars sözlərini heç bir mənası olmayan boş söz yığını hesab edirdik. Lakin Əli Fəhmi bu fikirləri alt-üst edərək bildirdi ki, bu sözlərin hər biri bir anlam kəsb edir.”
Ünlü xanəndə Hacıbaba Hüseynova da əruzun gizlinlərini və Seyid Əzim yaradıcılığını məhz Əli Fəhmi öyrətmişdir.
Böyük istedada malik olan  alim ədəbiyyatımızda yaradıcılığı ən çətin olan şairləri incələmişdir. O, Nəsimi, Füzuli, və S.Ə.Şirvaninin yaradıcılığına aid 18 məqalə və mono¬qrafi¬yanın müəllifidir. Onun “Füzuli yaradıcılığının bəzi poetik xüsusiyyətləri” monoqrafiyası bu mövzuda yazılmış əsərlərin ən yaxşısı hesab olunur. Alimin Ədəbiyyatşünaslıq elmi üşün olduqca dəyərli olan  əsərlərini gələcək tələbə və aspirantlara çatdırmaq üçün bir Əli Fəhmi vurğunu olaraq var-gücümlə çalışıram. Onu da qeyd edim ki, bu məqalələrin tədqiqi ərəb dilini və əruzu ciddi surətdə bilməyi tələb edir. Ərəb dilindəki biliyimin köməyi ilə bu işdə cüzi uğur qazansam da gələcəkdə elmi rəhbərimin köməyi ilə bu çətin işin öhdəsindən gəlməyə olduqca israrlıyam. Çünki,  istər Nəsimi, istərsə də Füzüli yaradıcılığını tədqiq etmək üçün tək şair, tək alim olmaq kifayət etmir. Klassik irsimizi, şərq dillərini, Quranı, islam, hüqüq və şəriət məktəblərini dərindən bilməklə yuxarıdakı iki keyfiyyəti də özündə birləşdirmək lazımdır. Əli Fəhmi bu çətin işin öhdəsindən asanlıqla gəlir. Onu da qeyd edim ki, bu məqalələri özüm başa düşdüyüm tərzdə incələyib “Əli Fəhmi Dünyası” adlı kitabıma daxil etmişəm. Sonrakı məqsədim heç yerdə çap olunmamış bu məqalələri ayrıca kitab şəklində nəşr etdirmək və onların üzərində elmi araşdırmaları davam etdirməkdir. Üzümü tələbələrə və aspirantlara tutub demək istəyirəm:
– Əziz dostlar, Füzuli yaradıcılığına ən asan yol Əli Fəhmidən keçir!

***
Görkəmli şərqşünas alim çox nadir alimin bacara biləcəyi Qurani-kərimin doğma dilimizə çevrisinə nail olmuşdu. 1969-1970-ci illərdə Əli Fəhmi bu qutsal kitabda ayələri daha çox olan “Bəqərə”, “Ali-İmran” surələrini və bir də “Nisa” surəsinin 9 ayəsinin çevrisini uğurla həyata keçirmişdi. Alimin bu çevrisi  hazırda demək olar, hər birimizin evində olan Qurani-kərimə daxil edilmişdir. (Təəssüf ki, alim Quranın dilimizə çevrilməsi işini axıra çatdıra bilməmiş, deyilənə görə, ermənilərin Moskva vasitəsi ilə Azərbaycan KP MK-ya təzyiqləri sonucu bu xeyirxah iş dayandırılmışdır.)

***
Əli Fəhmi 1959-cu ildən başlayaraq ömrünün sonunadək Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirak edib. O, Zaqafqaziya Müsəlmanları Konqresinin üzvü kimi  Quran ayələrinə istinad edib dünya müsəlmanlarını birliyə çağırırdı. Əli Fəhminin arxivində saxlanılan həmin çıxışların mətnləri bu gün üçün də çox güncəldir.
Alimin yazdığı onlarla əsərin hər biri bir alim adını almağa kifayət etsə də o, elmi adlar, fəxri titullar daşımağa heç bir təşəbbüs göstərməmiş; öz təvazökar, mərd insan obrazına xələl gətirəcək işlərə qatılmamışdır. Şair-qəzəlxan Həkim Qəni yazırdi: “20 il onunla bir yerdə oturdum-durdum, heç eşitmədim ki, o eyni sözü təkrar etsin.” O, hər hansı bir məmurda özünə qarşı müsbət rəy oyatmaq fikrindən çox-çox uzaq idi. Görkəmli alimi tanıyan hər kəs təsdiq edir ki, o, heç bir dünya malına əsla etina etməyən gözü-könlü tox adam olmuşdur. Örnəyi, 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olmuş Vəli Axundov onun tələbə yoldaşı olmuşdu. O, Əli Fəhmiyə hər cür kömək göstərməyə hazır olduğunu dəfələrlə bildirsə də, hətta ona Şeyxülislam vəzifəsini təklif etsə də o, bundan imtina etmiş “Mən dindən kənar işlərdə insanlara daha çox lazımam” – demişdir. İnsanlarda mərdlik, gözütoxluq kimi keyfiyyətləri yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev də məhz bu keyfiyyətlərinə görə Əli Fəhmiyə həmişə sayğı bəsləyərmiş.
Böyük alimin klassik şərq ədəbiyyatından, islam dini ehkamlarından, Qurani-kərimin müxtəlif dövrləridəki nəşrləri ilə zəngin bir kitabxanası vardır. Professor Əkrəm Cəfər yazırdı: “Əsərlərində göstərdiyi mənbələrdən anlaşılır ki, Əli Fəhminin yaxşı arxivi və kitabxanası vardır. Bunları əldə etmək, qorumaq və öyrənmək bizim əlaqədar elmi təşkilatların borcu olmalıdır.

***
…Əli Fəhmi Bakı məclislərinin yaraşığı olub. O, şirin söhbətləri, Allah kəlamları, Peyğəmbər hədisləri ilə xalqı feyziyab edər, maarifləndirərmiş. O, xalqının yolunda işıq saçan əsl aydın idi. Heyif ki, ölüm onu tez aldı apardı  –  apardı ki, öz aydınlığı ilə o dünyaya da işıq saçsın..!

Yeqzar CƏFƏRLİ /Azərbaycan Universitetinin IV kurs tələbəsi/

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.