Ana səhifə YENİLİKLƏR Paşa KƏRİMOV – 55

Paşa KƏRİMOV – 55

Müəllif: Bizim Yazı
923 baxış

Fevral ayının 10-da yazılı abidələrimizin tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovun 55 yaşı tamam olur.


Paşa Əli oğlu Kərimov 1959-cu ildə Bakı şəhərində dünyaya gəlmiş, 1981-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
1982-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışır. Fəaliyyətə baş laborant vəzifəsindən başlamış, dörd il elmi katib, doqquz il direktor müavini olmuşdur, iki ildən artıqdır ki, direktor vəzifəsini icra edir.
O, 1991-ci ildə «Əlican Qövsi Təbrizi «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik, 2012-ci ildə «XVII əsr anadilli Azərbaycan lirikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, əlyazma abidələrimizin mahir və məhsuldar tədqiqatçısı kimi tanınmışdır.
Paşa Kərimov Əlyazmalar İnstitutunda, dünyanın müxtəlif əlyazma xəzinələrində saxlanan onlarla əlyazmalarımızı aşkar edərək araşdırmış, kitab halında geniş ön sözlə çap etdirmiş, yazılı abidələrimizin tədqiqinə monoqrafiyalar, həm də xarici ölkələrdə işıq üzü görmüş çoxsaylı məqalələr həsr etmişdir. İlk dəfə olaraq XVI-XVII əsr şairlərimiz Yusif bəy Ustaclu, Sadiq bəy Əfşar, Qövsi Təbrizi, Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Məczub Təbrizi, Təsir Təbrizi və başqalarının türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra digər abidələrimizi çap etdirmişdir.
P.Kərimov Əlyazmalar İnstitutunda işlədiyi müddətdə xarici ölkələrin kitabxana və muzeylərində saxlanan yazılı abidələrimizin surətlərinin əldə edilməsinə xüsusi fikir vermiş, yüzlərlə əlyazmamızın surətinin çıxarılaraq tədqiqata cəlb edilməsinə nail olmuşdur.
Onun ölkəmizə gətirdiyi, tədqiqata cəlb etdiyi yazılı abidələrimizin köməyi ilə tariximiz, ədəbiyyat, dil və mədəniyyət tariximiz barəsində yeni söz demək mümkün olmuşdur. P.Kərimovun “Əlican Qövsi Təbrizi “Divanı”ının tekstoloji tədqiqi”, “XVII əsr anadilli Azərbaycan lirikası”, “XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret oçerklər)”, “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” monoqrafiyaları, ölkəmizdə və xaricdə çap edilmiş çoxsaylı mə¬qa¬lələri araşdırılan əlyazma materiallarının coxluğu, elmi-nəzəri səviyyəsinin yüksəkliyi ilə diqqətimizi cəlb edir.
P.Kərimov Ankara, Elazığ, Diyarbəkir, Aşqabad və Daşkənddə keçirilən beynəlxalq konfranslarda, 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikan və Romada keçirilmiş Azərbaycan mədəniyyəti günlərində iştirak edibdir.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2013-cü ildə İstanbuldakı Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi «Türk ədəbiyyatına xidmət baratı»na layiq görülübdür.
Görkəmli alim və elm təşkilatçısı Paşa Kərimovu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun mətbuat və informasiya xidməti

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.