Tarixin elə çağları olur, hadisələr salnamələrə, dövlət bəlgələrinə, hərbi hesabatları ilə birgə ulusun ruhuna yazılır. O çağların öz qəhrəmanları, öz bayraqdarları, öz söz adamları olur. Bir qisim insanlar tarixi yaradır, bir qisim onu yaşayır, bir qisim insanlar isə yaşananları gələcək nəsillərin mənəvi yaddaşına köçürür. – Şair-publisist Güləmail Murad bax, həmin sonuncu missiyanı böyük vətəndaş məsuliyyəti ilə daşıyan qələm yiyələrindəndir. Daha doğrusu, onun yaradıcılığında yaşamaqla yazmaq, duymaqla duyurmaq, anmaqla anılmaq bir-birindən ayrılmaz anlayışlardır.
Güləmail xanım haqqında düşünərkən göz önünə yalnız şair obrazı gəlmir. Onun timsalında müəllimi, mühəndisi, publisisti, ictimai fəalı, şəhid analarının ağrısını öz ürəyindən keçirən həssas Azərbaycan qadınını və bütün bunların ötəsində Vətən yaddaşının keşiyində dayanmağa çalışan fədakar bir aydını görürük. Əslində, onun yaradıcılıq yolunu bir cümlə ilə səciyyələndirmək mümkündür: Güləmail Murad Zəfərə gedən yolun, Zəfərin özünün, Zəfərsonrası mədəni quruculuğun və Böyük Qayıdışın xəritəsini sözlə çəkməyə can atanlardandır.
Haraydan Zəfərə uzanan söz yolu
Güləmail Muradın əsərlərinin adlarını ardıcıllıqla oxumaq belə özlüyündə bütöv bir dönəmin mənəvi özkeçmişini oxumağa bərabərdir. – “Qarabağ harayı”, “Vətən sağ olsun!”, “Dağlarda şəhid səsi”, “Qayıdış”, “Aprel döyüşləri”, “Qəhrəmanlıq yüksəkliyi”, “Günnüt zəfəri”, “Canını Vətənə sərhəd elədi”, “Döyüş yolları”, “Tovuz döyüşləri”, “Zəfərnamə”, “Vətən uğrunda”, “Qürur dastanı”, “Cənnətim Şuşa”, “Beş Ulduz” və b… Bu adlar təsadüfi seçilmiş mövzuların siyahısı deyil. Burada bir ulusun haraydan ümidə, ümiddən dirənişə, dirənişdən döyüşə, döyüşdən Zəfərə doğru keçdiyi tarixi yolun bədii izləri görünür. – Diqqət yetirək – “Qarabağ harayı” 2009-cu ildə, “Vətən sağ olsun!” 2012-ci ildə, “Dağlarda şəhid səsi” 2014-cü ildə, “Qayıdış” 2017-ci ildə, “Aprel döyüşləri” 2018-ci ildə, “Günnüt zəfəri” 2019-cu ildə gün üzü görüb. Bunların hər biri 2020-ci ilin böyük Zəfərindən öncəki mənəvi dirəniş illərinin söz anıtları kimi çıxış edir. Burada ilginc bir ədəbi-estetik qanunauyğunluq var: müəllif hadisələrin arxasınca sadəcə müşahidəçi kimi getmir, hadisələrin içindəki milli mənanı axtarır. O, döyüşü yalnız hərbi əməliyyat, şəhidliyi yalnız yeridolmaz itki, Zəfəri yalnız siyasi-hərbi sonuc kimi görmür. Bunların hər biri milli xarakterin, tarixi iradənin, mənəvi bütövlüyün təcəlliləridir.
Ədəbiyyatşünaslıq baxımından bu yaradıcılığın önəmli yönü onun bəlgəli yaddaşla poetik təxəyyülün qovşağında formalaşmasıdır. Burada publisistika faktın, poeziya duyğunun, vətəndaşlıq düşüncəsi isə mənanın daşıyıcısına çevrilir. Belə yaradıcılığın dəyərini yalnız bədii ifadə vasitələrinin zənginliyi ilə ölçmək doğru olmaz. Onun önəmli tərəfi həm də yaddaş yaratmaq, milli duyğuları diri saxlamaq və şəhid adlarını unudulmazlığa qovuşdurmaq niyyətidir.
Beş ulduz – beş işıq, bir Vətən
Güləmail Muradın “Beş Ulduz” kitabı onun uzun illər davam etdirdiyi vətəncanlı yaradıcılığının diqqətəlayiq örnəklərindəndir. Suverenliyimizin tam bərpası uğrunda şəhid olmuş ağstafalı Vətən oğullarının əziz anısına ithaf edilən bu poetik-publisistik nəşrin adı özü də dərin simvolik anlam daşıyır.
Ulduz göylə yer arasında, belə deyək, mənəvi rabitədir. İnsan ömrü başa çata bilər, lakin onun Vətən adına göstərdiyi fədakarlıq ulusun yaddaşında işıq kimi yaşayar. Şəhidlik anlayışının mənəvi ucalığı da buradadır: bir ömrün fiziki sonluğu milli varlığın mənəvi davamlılığına çevrilir.
“Beş Ulduz” adında beşliklə bütövlük, fərdi talelərlə ümummilli yaddaş arasında bir məna körpüsü görmək mümkündür. Hər ulduz öz işığı ilə seçilir, lakin hamısı eyni Vətənin göyüzündə parlayır. Bu əsərin başqa bir önəmli cəhəti onun elektron nəşr şəklində də oxuculara çatdırılmasıdır. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin həyata keçirdiyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi kulturoloji-innovativ layihə çərçivəsində yayımlanan e-variant gələnəksəl anım ədəbiyyatının yeni informasiya mühitinə daşınması baxımından əlamətdardır. Bu məqam ayrıca vurğulanmalıdır: çağdaş dönəmdə milli yaddaşın qorunması yalnız kitab yazmaqla bitmir; həmin kitabın yeni nəslin oxu vərdişlərinə, rəqəmsal mədəniyyət mühitinə uyğun şəkildə əlçatan olması da vacibdir. Beləliklə, şəhidlərin xatirəsinə həsr edilmiş söz kağız səhifədən elektron mühitə keçir, coğrafi məsafələri aşır, yeni oxucu auditoriyalarına yol tapır. Güləmail xanımın Vətənin ən yaxın dünəninə, bügününə və gələcəyinə mail kitabı, həm də yaddaşın yaşadılması yönündə mədəni təşəbbüsün tərkib hissəsidir.
Ağstafadan başlanan, Azərbaycana yayılan sevgi
Güləmail Murad 1950-ci ildə indiki Ağstafa rayonunun Sadıqlı kəndində dünyaya göz açıb. Onun ömür yolu elm, təhsil, əmək və ədəbiyyat arasında maraqlı bir vəhdət yaradıb.
Keçmiş Neft-Kimya İnstitutunda (indiki ADNSU-da) təhsil almış, mühəndis-müəllim kimi çalışmış, uzun illər Gürcüstanda pedaqoji fəaliyyət göstərmiş, sonralar Azərbaycanda pedaqoji işini davam etdirmiş bu xanım aydının ədəbi özkeçmişində bir mühüm keyfiyyət var: o, peşə məsuliyyətini yaradıcılıq məsuliyyətindən ayırmayıb. Dəqiq elmlərin nizam-intizamı ilə poeziyanın duyğu dünyası onun yaşamında yanaşı mövcud olub. Bəlkə elə buna görə də Güləmail xanımın qələmində mövzuya davamlılıq, hadisəyə sədaqət, yığvala diqqət özəl yer tutur.
Doğma Ağstafa onun üçün ulus yaddaşının başlanğıc ünvanıdır. Bu torpağın yetirdiyi qəhrəmanların taleyini qələmə almaqla o, doğma yurda mənəvi borcunu da yerinə yetirir. Ancaq bu sevgi yerli çərçivələrlə məhdudlaşmır, əlbəttə. Ağstafadan başlanan duyğu Qarabağa, Şuşaya, bütöv Azərbaycana, hətta Türk dünyasının ortaq tarixi-mədəni məkanına doğru genişlənir, genişlənir.
“Nuru Paşa dastanı”, “Sən Azərbaycansan”, “Cənnətim Şuşa” kimi əsərlər də müəllifin milli mövzunu daha geniş tarixi və mədəni kontekstdə düşünmək istəyini göstərir. Bu baxımdan onun yaradıcılığında vətəncanlılıq tarixə, dilə, bayrağa, mənəvi irsə və ortaq taleyə sədaqətdir…
Zəfərin də öz ədəbiyyatı var
Biz bəzən Zəfərin siyasi, hərbi, diplomatik və iqtisadi sonuclarından geniş danışır, onun ədəbi-mənəvi sonuclarına isə nisbətən az diqqət ayırırıq; halbuki hər böyük tarixi hadisənin gələcəyə ötürülməsi üçün sözə ehtiyacı vardır. Tarix – hadisənin nə zaman və necə baş verdiyini təsbit edir; ədəbiyyat isə həmin hadisənin insan ruhunda necə yaşandığını göstərir. Tarix –döyüşün nəticəsini yazır, ədəbiyyat – döyüşçünün anasının gözlədiyi gecəni, övladın atasına ünvanladığı deyilməmiş sözü, bir kəndin qəhrəmanını necə andığını yaşadır. Bax, burada Güləmail Murad kimi yazarların yaradıcılıq missiyası aydın görünür. İsa Muğannanın bərəkətli torpağında doğulan, onillər boyu “Tütək səsi”nə diqqət kəsilən, İsmayıl Şıxlının “Cəbhə yolları”nı səhifə-səhifə öyrənən, həmçinin Süleyman Rüstəmin, “Ana və poçtalyon”unu, Əhməd Cəmilin “Can nənə, bir nağıl de”sini, Bəxtiyar Vahabzadənin “Yaşıl çəmən, ağac altı, bir də ki, tünd çay”ını, bir sözlə, Azərbaycan şair-yazıçılarının “Alov saçan sətirlər”ini oxuyub-öyrənmiş, təsirlənmiş Güləmail Murad savaş ədəbiyyatı mövzusunda dolğun ədəbi irsə yiyələnmiş toplumun arzu-istəklərinin yeni dönəmdəki ifadəçisi olmaq yoluna təsadüfən çıxmamışdır. Sərhəd bölgəsində doğulub, kamala yetən, “Vətənin qıraqda qalan yerləri”ndə soydaşlarımıza dərs deyən, Qarabağın işğalının ağrı-acısını ömrünə çökdürən, dəftərinə köçürən ana nə yazmalıydı?.
O, qəhrəmanlıq mövzusuna yalnız qələbənin təntənəli tərəfindən yanaşmır. Onun kitablarının adlarında belə ağrı ilə qürur, itki ilə mənəvi ucalıq, həsrətlə qayıdış yanaşı dayanır.
“Qarabağ harayı”ndan “Zəfərnamə”yə uzanan yol, əslində, Azərbaycan cəmiyyətinin mənəvi halının dəyişməsini də ifadə edir. Bir zamanlar həsrət və harayla dilə gələn duyğular sonralar qürur və qayıdışın ifadəsinə çevrilir. Burada bir incəliyi də unutmayaq: Zəfər ədəbiyyatı yalnız tərənnüm ədəbiyyatı olmamalıdır. O, həm də düşüncə, təhlil, mənəvi hesabat və gələcək qarşısında məsuliyyət ədəbiyyatı olmalıdır.
Şəhid haqqında yazmaq onun adını çəkməklə məhdudlaşmır; onun uğrunda canından keçdiyi dəyərlərin mahiyyətini gələcək nəslə anlatmaq deməkdir. Güləmail Muradın uzunillik ədəbi fəaliyyətinə bu meyarla yanaşdıqda onun fədakarlığının ictimai-mədəni mənası daha aydın görünür.
Bayraq, Zəfər və qadın qələminin mənəvi qüdrəti
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü bir-birini tamamlayan iki böyük milli-mənəvi hadisədir.
Zəfər bayrağın ucalığını qoruyan iradənin təntənəsidir. Bayraq isə həmin iradənin tarixi, hüquqi və mənəvi rəmzidir.
Bir günün digərinin ardınca gəlməsi sanki xalqımızın tarixi taleyində də özünəməxsus məna qazanır: əvvəl Zəfərin qüruru, ardınca dövlətçiliyin müqəddəs rəmzinə ehtiram… Bu iki günün ərəfəsində Güləmail Muradın yaradıcılığına nəzər salmaq xüsusi anlam daşıyır. Çün onun qələmində bayraq yalnız rənglərin, rəmzlərin vəhdəti deyil. Bayraq şəhidin son baxışı, ananın duası, əsgərin andı, müəllimin öyrətdiyi Vətən sevgisi, şairin sözlə qoruduğu mənəvi sərhəddir.
Azərbaycan qadını tarix boyu həm yaşamın davamlılığının, həm mənəvi dirənişin, həm də milli yaddaşın daşıyıcısı olub. Güləmail Murad bu gələnəyin çağdaş ədəbi təmsilçilərindən biri kimi diqqət çəkir. O, şəhid anasının ağrısını qadın həssaslığı ilə duymağa, Vətən qəhrəmanlığını vətəndaş qətiyyəti ilə ifadə etməyə çalışır. Bu iki keyfiyyətin – həssaslığın və qətiyyətin – qovuşması onun ədəbi portretini tamamlayan əsas cizgilərdəndir.
Bir ömrün mənəvi ünvanı
Güləmail xanımın yaradıcılığı yalnız hərbi-vətənpərvərlik mövzusu ilə məhdudlaşmır. Lirik şeirləri, müxtəlif janrlarda qələm təcrübələri, o cümlədən hayku və vaka janrlarına müraciəti, əsərlərinin ayrı-ayrı dillərə çevrilməsi onun ədəbi maraqlarının genişliyini göstərir.
“Güldüm göynəyə-göynəyə”, “Sənli-sənsiz”, “Gecələr ulduzlar üstümə tökülür”, “Ruhumun qanadları”, “Mən bulud gözlü, sən yağış” kimi kitablar müəllifin duyğu və düşüncə dünyasının başqa qatlarını da tanıdır. Bununla belə, onun yaradıcılıq özkeçmişinin ən davamlı xətlərindən biri Vətən, qəhrəmanlıq və milli yaddaş mövzusudur. Əlbəttə, çox kitab yazmaq özlüyündə ədəbi kamilliyin yeganə ölçüsü sayılmır; ədəbi dəyər əsərin daxili poetik keyfiyyətləri, düşüncə yeniliyi, dil və üslub özəllikləri ilə müəyyənləşir; lakin bir mövzuya uzun illər ardıcıl sədaqət göstərmək, tarixi hadisələri izləmək, insan talelərini yaddaşdan silinməyə qoymamaq ayrıca vətəndaşlıq xidmətidir. Güləmail xanımın bu səmimi xidməti təqdirə layiqdir.
Onun Azərbaycan Yazıçılar Birliyinin Hərbi-Vətənpərvərlik Komissiyasında təmsil olunması, pedaqoji və ictimai fəaliyyəti, müxtəlif ədəbi-mədəni ödüllərlə təltifi də ömür yolunun bu istiqamətini tamamlayır. Ancaq məncə, onun ən böyük mənəvi ödülü yazdığı qəhrəmanın adının unudulmaması, həssas ailələrin öz dərdini tək yaşamadığını hiss etməsi, gənc oxucunun Vətən anlayışını daha dərindən dərk etməsidir. Ədəbiyyatın bəlkə ən səmimi xidməti, sayğıduyarlığı elə budur.
Güləmail xanımın ömür və yaradıcılıq yoluna nəzər salanda bir həqiqət daha aydın görünür: Vətənə xidmətin yalnız bir yolu yoxdur. – Kimi sərhəddə dayanır, kimi sinif otağında gələcəyin əsgərini, mühəndisini, alimini yetişdirir, kimi də qələmi ilə ulusun yaddaşını qoruyur. O, ömrünün müxtəlif mərhələlərində bu xidmətlərin bir neçəsini öz fəaliyyətində birləşdirib. Xanım yazarın qələmi Qarabağ həsrətini də yazıb, Aprel döyüşlərinin qəhrəmanlığını da, Günnüt uğurunu da, Tovuz döyüşlərini də, böyük Zəfərin qürurunu da. Bax, bunun sadəcə mövzu ardıcıllığı olmadığı bəllidir; bu, bir aydının öz ulusunun yığvalına uzunmüddətli sədaqətidir. İndi – Zəfər Günü və Dövlət Bayrağı Günü ərəfəsində – həmin sədaqətin mənəvi dəyəri daha aydın duyulur. Şuşada dalğalanan üçrəngli bayrağımızın işığında şəhidlərimizin, qazilərimizin, onların əziz ailələrinin anılarını yaşadan hər səmimi sözün ayrıca yeri var.
Vətənə mail, Orduya, Qələbəyə, İşıqlı Gələcəyə mail Güləmail xanımın “Beş Ulduz”u da o işıqdan pay alan, o işığı gələcəyə daşımağa çalışan əsərlərdəndir. Qoy qələmininin mürəkkəbi qurumasın, sözünün işığı azalmasın, könlünüzün Vətən sevgisi yeni əsərlərə çevrilsin! Çün Zəfərin tarixi də, yaddaşı da yaşamalıdır. O yaddaşın yaşamasında isə yazarların üzərinə məsuliyyət düşür. Vətənin sərhədlərini qəhrəmanlar qoruyur, Vətənin mənəvi sərhədlərini isə yaddaş, mədəniyyət və söz.
Şəhidlərimizin ruhu şad, Zəfərimiz əbədi, Bayrağımız uca olsun!
Əkbər QOŞALI

