Ana səhifə YAZILAR “İndi o, heç kommunist də olmaq istəmirdi.”

“İndi o, heç kommunist də olmaq istəmirdi.”

Müəllif: Bizim Yazı
743 baxış

– “Bir əsgərin yaşantıları”…

Azər Həsrətin romanı gün üzü gördü

Tanınmış ictimai xadim, jurnalist, çevirmən Azər Həsrətin ilk iri həcmli qələm təcrübəsi olan “Bir əsgərin yaşantıları” adlı memuar-romanı “Qanun” nəşriyyatında min nüsxə tirajla çapdan çıxıb. Kitab bədii üslubda qələmə alınsa da təsvir edilən olaylar və obrazların, demək olar ki, hamısı gerçəkləri əks etdirir.
Yazarın mediaya verdiyi xəbərə görə, kitabın əsas mövzusu onun şəxsən 1986-1988-ci illər ərzində Almaniyadakı Sovet Qoşunları Qrupu tərkibində hərbi xidmət keçdiyi zaman şahidi olduğu olaylar, özəlliklə də Azərbaycanlı əsgərlərin gizli təşkilatlanması, düzənli bir şəkildə hər həftə sonu keçirilən Millət Məclisinin çalışmalarıdır. Burada həm də 1987-ci ildə o zaman SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini olan Heydər Əliyevin vəzifəsindən uzaqlaşdırılmasının uzaq Almaniyada hərbi xidmət keçən Azərbaycanlı əsgərlərə necə təsir etməsi, bir qazax əsgərin dilindən 1986-cı ilin 16 dekabr günü Almatı şəhərində Sovet qoşunlarının dinc nümayişçilərə divan tutaraq 172 nəfəri öldürməsi, yazarın ilk dəfə türk kimliyini dərk etməyə başlaması, ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırım kimi təzahürlərə geniş yer verilib.
Romanda diqqət çəkə biləcək məqamlar arasında 1988-ci ilin əvvəlindən ermənilərin Azərbaycanlılara qarşı yenidən başlatdığı təmizləmə siyasəti və buna Moskvanın münasibəti, Sumqayıt olayları, erməni və Azərbaycanlı əsgərlər arasında elan edilən müharibə, Azərbaycanlı əsgərlərin hərbi hissədə üstün mövqedə olması da var.
Yazar zaman-zaman xəyal aləminə də ekskurs edir və öz uşaqlığını, məktəb illərini, ailəsinin ayrı-ayrı fərdlərini göz önünə gətirərək bir növ fürsətdən istifadə edib romanı 1986-88-ci illər çərçivəsindən çıxarmağa da çalışır.
Romanda bir ana xətt diqqəti cəlb edir. Yazarın özünün əsas obraz olduğu əsərdə əsgərliyə gedərkən bir kommunist kimi yetişmək istəyən Azərbaycanlı gənc artıq iki ildən sonra mənsub olduğu quruluşdan imtinaya, ümumiyyətlə isə kommunizmə nifrət etməyə hazırdır: “İndi o, heç kommunist də olmaq istəmirdi. Onun bir neçə il öncəki istəklərinin yerini tək bir istək tutmuşdu: Azərbaycanı Sovet imperiyasının caynağından qurtarıb azad bir ölkəyə çevirmək! Bu yolda o, özü kimi milyonlarla həmvətəni, həm də əksəriyyəti türklüyünü dərk edən Azərbaycanlıyla bir sırada addımlayırdı indi…
Yazar sadə xalq dilində yazdığı romanın geniş oxucu rəğbəti qazanacağına şübhə etmir. Bununla belə, arzu edir ki, bu əsər ən sərt və əsaslı tənqidlərə məruz qalsın.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.