Ana səhifə BAŞ YAZI Əlirza HƏSRƏT. Yeni şeirlər

Əlirza HƏSRƏT. Yeni şeirlər

Müəllif: Bizim Yazı
361 baxış

 

KİM SƏNƏ OXŞAYIB, SEVMİŞƏM ELƏ

Kim sənə oxşayıb, sevmişəm elə,
Kim sənə oxşayıb, bir tutmuşam mən.
Hər gün bu sevdanı nəzir eləyib,-
Sənu ürəyimdə pir tutmuşam mən.

Hicrandır sevginin əli-ayağı,
Əlsiz-ayaqsızlar neynir dayağı?!
Dinsəm, açılacaq gülləsayağı,
Dilimin ucunda sirr tutmuşam mən.

 

Hələ yaxınlar var bizdən uzaqda,
Yol dara şəkilib izdən uzaqda.
Bir dağam könüldən, gözdən uzaqda,
Gör belə nə gözəl qar tutmuşam mən.

DÜNYANIN DÜZƏLMƏK TƏHLÜKƏSİ VAR

Şimşək işığına düşdü gözlərim,
Buludlar dərdimə məlhəm aradı.
Sabahı ürəklə qarşılamağa,-
Ümidim sevdiyim adamlaradı.

Kölgəm də haçandır düşüb dalımca,
İstidən çəkinmir, soyuqdan qaçmır.
Yaxşı ki,dilənmir kölgəm adam tək,
Yaxşı ki,heç kimə əlini açmır.

Gəlmir xoşunuza divanəliyim,
Ruhumu çarmıxa çəkən adamlar!
Atın özünüzü Yer kürəsindən,-
Dünyanın düzəlmək təhlükəsi var…

TƏKLƏNDİM BİR EŞQİN YOL AYRICINDA

Təkləndim bir eşqin yol ayrıcında,
Ucaltdı göylərə bu ad-san məni.
Sevməkdir cavabı hər sual eşqin,
Sınadın gör neçə imtahan məni.

Aramızda bu nə bəhsəbəsdi ki,
Bəhs edib sevmək də cana qəstdi ki.
Od gəzən könlümü həsrət kəsdi ki,
Endirin sinəmin dağından məni.

Günah yumağadır gözlərdəki nəm,
Mənalı yaşasaq bu ömrü,nə qəm?!
Ölən sevgilərin edam yeriyəm,
Belə hər tərəfdən tutub qan məni…

SAZ İLAHƏSİ
(Aşıq Zülfiyyə üçün)

Gözlərində aynalanıb gülür dan,
Dan yeridir ürəyimə düşən qan.
İlham alıb Dədə Qorqud ruhundan,-
Haqqa ünvan bir aşıqdır Zülfiyyə.

İlahidən bir dənədir, təkdi ki,
Sinəsində saz tutan mələkdi ki…
Günəş bulud yaşamağını çəkdi ki,-
Aləm  görsün gur işıqdır Zülfiyyə.

Təbəssümü gül ətirli ilk bahar,
Belə bir saz ilahəsi harda var?!
Bu nə sirdir, ey məmləkət, ey diyar?!
Gözəlliyə yaraşıqdır Zülfiyyə!

You may also like

1 şərh

SSS 2015-02-18 - 13:19

cox gozel Sair muellim

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.