Ana səhifə YAZILAR Yeqzar Cəfərli – Cənnətdən gələn məktub (hekayə)…

Yeqzar Cəfərli – Cənnətdən gələn məktub (hekayə)…

Müəllif: Bizim Yazı
842 baxış

İlk baxışdan başqalarından heç nə ilə fərqlənməyən Ağabəy dindardır. Həyatının mənasını dini qaydalara ciddi riayət etməkdə görür. Daha çox fanatik olan Ağabəyin ən gözəl məziyyəti çalışqan olmasıdır. Dişini dırnağına qatır, ailəsinə korluq çəkdirmir. Dediyinə görə ömründə bircə tikə haram çörək yeməyən qəhrəmanımız, heç kimin bostanını daşlamayıb, qonşunun toyuğunu həyətində görəndə “bu artıq mənimdi” – deməyib.

Ağabəyin atası haqqında danışırlar ki, dükandan heç nə almaz, hətta taxılı belə özü əkib becərərmiş. Taxılın müsəlman ölkələrinən gəlməməsindən, ibadətinin bada getməsindən qorxarmış.

Ağabəy hər şeyi qismətlə, alın yazısı ilə bağlayır. Məsələn, güclü qar yağan kimi işə getmək fikrindən daşınır. Belə günlərdə arvadı Məsmə ondan soruşur:

– Ay kişi, bu gün işə gedəcəksən?

– Qismətimdə olarsa gedərəm.

Arvadı hirslənir, dodaqaltı mızıldanır.

– Səni tanıdığım günə daş düşəydi…

Qismət məsələsi ümumiyyətlə mənə çatmır. Peyğəmbərlərin belə dolanmaq üçün ağır zəhmət çəkdikləri halda eç bir zəhmət çəkmədən evdə oturub qismətini gözləməyin harası düzgündü? Ağadadaş kişinin diliylə desəm, “Allah çəkdiyin zəhmətə qiymət versin” yetər. Ağadadaş kişinin başqa bir məşhur sözü də var. “Sabahın xeyir” deyənlərə “aqibətin xeyir” deyil, “axırın xeyir” şəklində cavab verir. Çox şən, hazırcavab və Allaha şükürlü olan Ağadadaş əşyalarını nümayiş etdirəndə bir az xoşbəxt olur, gülümsəyən dodaqları bir az da aralanır. Evlərində özü demiş Xruşşov dövründən qalma enli bir dəmir çarpayı var. Çarpayını mənə göstərib deyir.

– Bax, bu çarpayıda üçümüz yatırıq.

– Üçüncüsü kimdir, ay Ağadadaş kişi?

– Mən, arvad, bir də ki, rəhmətlik atam.

– Bu necə olur?

Gecələr elə ki arvada tərəf dönmək istəyirəm, “sən atanın goru, mənimlə işin olmasın” deyərək üz-gözünü turşudur.

Ağadadaş kişinin 4-ü qız, 3-ü oğlan olmaqla 7 uşağı var (elə bil qoyunları cinsinə görə ayırıram, mən də dəhşətəm e). Qızları köçürmək onu əməllicə bankrot edib. Bu barədə söhbət düşəndə Ağadadaş kişi dərindən ah çəkir, deyinir,  “kasıbın əkdiyi bitmir ki,..” deyərək dayanır.

Qayıdaq yenə Ağabəyin macəralarına. Qisməti çıxmaqla qalan hər şeylə atası ilə razılaşan Coşqun “kor tutduğunu buraxmaz” deyərək atasını əlamətlərə inandırmaqdan çalışır. Tərbiyəsi, oturuşu, duruşu ilə kənddə xüsusi hörməti olan Coşqun atasından qorxanlardandı. Ağabəy kişi ötkəm adam olduğundan sözü çəp gələn kimi ”bös-böyük cahıl” olan Coşqunun qulağını şillə ilə alışdırır. Belə məqamlarda atası da rahatca “haqlı çıxır”.

– Görürsən, heç nə deyə bilmirsən. Belə tutarlı faktların qarşısında nə deyə bilərsən ki..?

Ağabəy kişinin savadlı adamları görməyə gözü yoxdu. Düşünür ki, elm onların başını xarab edir, dindən uzaqlaşırlar. Oğlunu da vaxtilə məktəbə göndərməklə çox səhv iş gördüyünü düşünür.

– Nəslimizdə oxumuş yox idi, canımız çıxmırdı ki, bir tikə çörək qazanırdıq, acından ölmürdük.

Oğlunun İnşaat Mühəndisləri Universitetinə daxil olması Ağabəyi cin atına mindirir. Coşqun anasının uzun-uzadı xahiş – minnəti nəticəsində atasının razılığını ala bilir.

İllər keçir, aylar ötür, həftələr dolanır, günlər rəqs edir. Qonşuluqdakı Gültac adlı bir qıza könül bağlayan Coşqunun evlənmək vaxtı yetişir. Qızın ali təhsilli olması Ağabəyi bu izdivacın qarşısında ən böyük əngələ çevirir. Üstəlik, ədəbiyyat müəlliməsi olan qızın ailəsi də namazdan, orucdan bir köynək uzaqdılar, ağ balıq və kolbasa yeyirlər. Kənd camaatı Ağabəyi cırnatmaq üçün tez-tez xeyir işin vaxtını soruşurlar.

– Kim sizə dedi ki, mən xeyir iş etmək istəyirəm? Gedin işinizlə məşğul olun. Eh.

Coşqun memarlığa uyğun iş tapa bilmir, atası kimi isə xırda işdə də çalışmaq istəmir. Bəyənmədiyimiz Sovet vaxtında ən azından təyinat var idi, gedib bir işin qulpundan yapışırdın. İndiki Universitetlər pul tələsidi, məzun olursan, qalırsan Allahın ümidinə.

Ağabəy Quranı qırıq-qırıq da olsa oxuya biləni alim adlandırır. Bununla yetinməyərək, onun, bunun ağzından eşitdiyi bir neçə kəlməylə məclislərlə mübahisələr edir. Camaata məsləhət verir, onları “pis” yoldan çəkindirməyə çalışır. “Mütrüb dəftəri”indəki Qasımdan heç bir fərqi yoxdu. əmi kimi deyərdi:

Məclislər bir üzükdüsə, Ağabəy kişi də o üzüyün qaşıdır. Məclislərin birində molla xəlifələrdən birinin ələvilərə zülmündən danışır. Guya bu xəlifə ələvilərdən birini təhqir etmiş, həmin şəxs də əsəbiləşərək, Kufə şəhərindən əlini uzadıb, Şam şəhərində xəlifənin bığlarını dartır. Molla bu söhbəti avazla danışır, arada hönkürüb ağlayır. Ağabəy kişi necə ağlayır?! Göz yaşı su yerinə axır. Onun göz yaşlarını Kür çayına töksələr, Kür daşar, Aran rayonlarını sel basar.

Hüzr sahibi varlı bir hacı  olduğundan evin bütün otaqları və artırması adamla doludur. Necə deyərlər, iynə atsan yerə düşməz.

Məclisdə moüzə etmək üçün dəvət olunan Molla Nəxşibəndi adlı Axund dəvət söhbətinə davam edir. Adın mənası haqqında atamdan soruşuram. Tarixçi olduğu üçün şəriətə də bir az bələd olan danışır ki, Əmir Teymur dövründə yaşayan Xacə Bəhayəddin əl-Nəqşbəndi “Nəqşbəndiyə” adlı bir təriqət yaradır.

O dövrün bütün insanları Xacəyə böyük ehtiramla yanaşırmış. Əmir Teymur  onun qəbri üzərində möhtəşəm bir məqbərə ucaldır. Bu günün özündə Orta Asiya müsəlmanlarının sevimli ziyarət yeridir həmin məqbərə. Yerli dindarların dediyinə görə bu məqbərəni 3 dəfə ziyarət etmək Məkkə ziyarətinə bərabər tutulur. Daşkənddə yüksək dini təhsil almış və bu müqəddəs məqbərəni bir neçə dəfə ziyarət etmiş Nəqşbəndi Peyğəmbərin Məkkədəki acınacaqlı həyatından danışır, gözəl nitqi ilə məclisi rövnəqləndirir.

Özünü bütün mollalardan daha ağıllı, çoxbilmiş hesab edən Ağabəy Axundun uzun-uzadı danışması ilə razılaşa bilmir, onun sözlərinə müdaxilə edərək mübahisə etməyə başlayır.

– Axund ağa, çoxdandı bu sualın cavabını axtarıram.

Axund əlindəki stəkanı yerə qoyub Ağabəy kişiyə sarı çevrilir.

– Buyurun, buyurun.

– Niyə bizim cavanlar axışıb Rusiyaya gedirlər?

Ağabəy sualı verən kimi gözünü zilləyir axundun ağzına.

Bilirsiniz, uşaq anadan olandan sonra iki ildən az olmayaraq anasının südünü əmməlidir. Ana südünü əmdikcə ana məhəbbəti, Vətən məhəbbəti damla-damla uşağın qanına hopur. Amma indiki qadınların çoxu uşağı  süni südlə qidalandırır. Ona görə də uşaq böyüyən kimi qaçır Rusiyaya ki, görsün anası Rusiyanın hansı fermasındadı?!

Bir gün də eşitdirik ki, kəndin başında qırxdır. Məclisi molla Ağabəy aparacaq. Bizim kənddə hərənin bir ləqəbi var. Məsələn, kəndin məscidində gecələyən, obaşdan azan verib camaatı namaza səsləyən Xeybər “Xoruz Xeybər”, arvadların işinə qarışan Əzizağa  “qız Əzizağa” ləqəbi ilə tanınır. Xümsdən, zəkatdan danışmağa başlayan Ağabəy cümləsini bitirən kimi kənd cavanlarından biri mollaya növbəti cümləni deməyə imkan vermədən soruşur.

– Molla əmi, ruh nədir?

Ağabəy kişi üzünü həmin cavana çevirir.

– Necə yəni, ruh nədir? Ruh elə ruhdu da.

Ağabəy kişi “Yasin” surəsini Kiril əlifbası ilə dəftərçəsinə yazdırıb, boş vaxtlarında kənd qəbristanlığında  “müştəri” gözləməkdə olsun, görək Coşqun nə işlə məşğuldu?

Coşğunun Anası bərk narahatdı. Qızın ailəsi Ağabəyin nazıyla çox oynamaya bilər. Üstəlik, söhbət gəzir ki, Gültacı qonşu kənddən olan bir müəllimə vermək istəyirlər.

Coşqunu daim üzgün görən dostları Ağabəyi öz metodu ilə qorxutmağa qərar verirlər. Dostlar təkidi ilə dərzilikdə xüsusi məharəti olan Coşqunun anası bir mələk paltarı tikir. Gənclər axşam qəbristanlıqda gizlənib cümə axşamından qayıdan Ağabəy kişini gözləməyə başlayırlar. Qəbristanlıq kənarı ilə gəzə-gəzə Ağabəy kişinin qulağına əcaib səslər gəlir. Dostlar bir neçə müxtəlif səs çıxararaq kişini situasiyaya hazırlayırlar.  Qəfil qarşısına çıxsaydılar o, qorxar, xəstə ürəyi partlaya bilər. Az sonra Ağabəy kişinin qarşısında “mələk”  peyda olur. Ağabəyin dili, dodağı quruyur, olduğu yerdə mıxlanır.

“Mələk” qabaqcadan əzbərlədiyi sözləri xüsusi məharətlə söyləməyə başlayır:

– Ey bəni-adəm! Bu məktub sənindi. Cənnətdən göndərilib. Məktubda yazılanlara əməl etməsən səni dəhşətli fəlakətlər gözləyir.

Ağabəy əlini titrəyə-titrəyə uzadır, məktubu alır. Həmin gecəni ilan sancan yatır, amma Ağabəy  yata bilmir. Gecənin bir yarısı məktubu açıb davamını oxumağa başlayır. “Sən hansı cürətlə Allahın istəyinə qarşı çıxıb bir-birini sevən iki sevən gənci ayırmağa çalışırsan?! Qorxmursan, səni qıl körpüsündən keçərkən qır qazanına yuvarladarıq?!”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.