Ana səhifə YAZILAR “Əllərim göylərə dayaq…”

“Əllərim göylərə dayaq…”

Müəllif: Bizim Yazı
176 baxış

EMİL RASİMOĞLUemil
Dünya Gənc Türk Yazarlar Birliyi Yönətim Kurulunun üzvü

Əllərim göylərə dayaq olubdur…

Tanrı geyindirib bəxti ömrümə,
Günümdən qaçıram günümə sarı.
Əllərim göylərə dayaq olubdur,
Dizimlə gedirəm “Din”imə sarı.

Alışmır eşqimin közü də, kordu,
Əriyə sinəmin buzu da, kordu!
Mən tapa bilmirəm, özü də, kordu,
Xoşbəxtlik yol tapmır önümə sarı.

Ürək gəzdirirəm tən buludlara,
Yüksələn ahımdı-çən buludlara.
Yerdən boylanıram mən buludlara,
Buludlar ağlayır ünümə sarı.

 

Atıb bəndəliyin daşını bir gün…

Atıb bəndəliyin daşını bir gün,
Alçala-alçala gedəm Tanrıya.
Sərhədsiz göylərin sığınacağında,
Yerlərdən şikayət edəm Tanrıya.

Qənim kəsilibdi yerə şər axı,
Dözürəm, bəlkə son yetişər axır.
“Üzüm də gəlməyir” nə qədər axı,
Gündə gileylənər adam Tanrıya.

Əllərim dizimdə, dizim yolunda,
Tapdım ürəyimə dözüm yolunda.
Eşqi sinəmdədi izim yolunda,
Demirəm özgəyəm, yadam Tanrıya.

Dünən dünyaya gələn…

Dünən dünyaya gələn,
Bəyaq bezib dünyadan.
Yatır fikri dağılsın,
Oyaq bezib dünyadan.

Alnım bitib dizimdə,
Gözüm yatım dizimdə.
Dözüm itib dizimdə,
Ayaq bezib dünyadan.

Ürək odda, təşnədə,
Fikir dağnıq, qəlb zədə.
Nəinki biz, bəlkə də,
“Dayaq” bezib dünyadan.

Çıx get, ruhum…

Torpaqdan bir-bir yoğrulur,
Kündə buluddan aşağı.
Neçə kündə ruhla bişir,
Gündə buluddan aşağı.

Didərginəm, qovulmuşam,
Gəlib dərdə yol olmuşam.
Mələk idim, qul olmuşam,
Mən də, buluddan aşağı.

Milyon ildi söküb-tikib.
Hərə sonda bir “daş əkib”.
Haqdan “Tanrı yolu”çəkib,
Din də, buluddan aşağı.

Dartınır insan yuxarı,
Çün çəkinir can yuxarı.
Allah buluddan yuxarı,
Bəndə buluddan aşağı.

Nalə, fəryad, ölüm, qarğış…
Xeyrə doğru şərlə çarpış.
Yer neyləsin tufan, yağış,
Çən də, buluddan aşağı.

Çıx get ruhum “qənim” kimi,
Əzabdasan tənim kimi.
Nə durmusan mənim kimi
Sən də, buluddan aşağı..?

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.