Ana səhifə TÜRK DÜNYASI Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sərgi təşkil olunub

Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sərgi təşkil olunub

Müəllif: Bizim Yazı
143 baxış

Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sərgi təşkil olunub

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub.

Sərgidə Osmanlı İmperiyasının nadir incilərindən olan Yıldız Sarayının arxivindən seçilmiş, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın maddi-mənəvi irs nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sərgini açıq elan edərək, təşkilat tərəfindən bu layihənin ilk dəfə cari ilin yanvar ayında Türkiyə Respublikasının 100 illiyi çərçivəsində İstanbul şəhərində həyata keçirildiyini bildirib. O, Milli Saraylar Dolmabahçe İncəsənət Qalereyasında təşkil olunmuş sərgidə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi təbrik məktubunun oxunduğunu vurğulayıb.

Günay Əfəndiyeva sərginin Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü ərəfəsində Astanada keçirilməsinin rəmzi məna daşıdığını bildirərək, layihənin Türk ölkələrinin keçmişindən bugününə uzanan körpü rolunu oynadığını bildirib. Fondun prezidenti Türk Dövlət Başçılarının Zirvə toplantısının onilliyini müasir dövrdə sarsılmaz qardaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

Günay Əfəndiyeva layihənin Türk Dünyasının ümumi irsini, memarlığını, milli geyimlərini, adət-ənənələrini və bir çox digər elementlərini ehtiva etməsindən bəhs edib. O bildirib ki, sərgi eyni zamanda bu il Türk Dünyasında qeyd olunan möhtəşəm yubileylərə, o cümlədən Azərbaycanın ümummilli lideri ulu öndər Heydər Əliyevin 100 illiyinə, Sultan Beybarsın 800 illiyinə, Xoca Əhməd Yasəvinin 830 illiyinə, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunur. Fondun prezidenti tədbirin həmçinin, Qarabağı Türk Dünyasına qaytaran Azərbaycanın, bir əsri şərəflə tamamlayan Türkiyə Cümhuriyyətinin bütün Türk Dünyasına yaşatdıqları qüruru simvolizə etdiyini vurğulayıb.

Sərginin açılışında Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Baş nazirinin müavini-Xarici işlər naziri Murat Nurtleu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Qazaxıstan Respublikası Prezidentinin Beynəlxalq məsələlər üzrə köməkçi Yerjan Kazıxan, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, Türk Dövlətləri Təşkilatının sədri Kubanıçbek Omuraliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycan nümayəndəsi Həsən Həsənov və digər rəsmi şəxslər iştirak edib.

Sonda tədbir iştirakçıları Türk xalqlarının köklü tarixini və mədəniyyətini özündə ehtiva edən foto şəkillərdən ibarət sərgiyə baxış keçiriblər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.