Home ƏDƏBİ GÜNDƏM Şuşada sözün bayramı, Ağdamda gənc qələmlərin zəfəri

Şuşada sözün bayramı, Ağdamda gənc qələmlərin zəfəri

by Ali Zeynalov

Vaqif Poeziya Günləri və II Türk Dünyası Gənc Şairlər Festivalından geniş reportaj

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 2026-cı ilin iyul ayının 16–18 tariximdə növbəti dəfə poeziyanın, sözün və milli-mənəvi dəyərlərin mərkəzinə çevrildi.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vaqif Poeziya Günləri” bu il də ölkənin və Türk dünyasının tanınmış ədiblərini, elm və mədəniyyət xadimlərini, eləcə də gənc şairləri bir araya gətirdi. Ənənəvi poeziya bayramı çərçivəsində keçirilən tədbirlər yalnız ədəbi mühit üçün deyil, bütövlükdə Türk dünyasının mədəni inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıdı.

Şuşada poeziya bayramının rəsmi açılışı

“Vaqif Poeziya Günləri”nin rəsmi açılış mərasimi əvvəlcə Qazaxda, bir gün sonra isə Şuşada keçirildi. Tədbirdə dövlət rəsmiləri, yazıçılar, şairlər, alimlər, incəsənət nümayəndələri və xarici qonaqlar iştirak edirdilər.
Açılış mərasimində çıxış edən natiqlər Molla Pənah Vaqifin Azərbaycan poeziyasındakı yeri, Şuşanın milli-mədəni yaddaşımızdakı əhəmiyyəti və Vaqif Poeziya Günlərinin artıq beynəlxalq miqyasda tanınan ədəbi hadisəyə çevrilməsi barədə fikirlərini bölüşdülər.
Rəsmi çıxışlardan sonra bayram ab-havası ilə davamlanan poeziya günü Ağdamda keçirilmiş  “Sözün sabahı – II Türk Dünyası Gənc Şairlər Festivalı”-nın qaliblərinin mükafatlandırılması mərasimi ilə yaddaşlara və ədəbi mədəni tariximizin səhifələrinə köçdü,  tədbir yüksək səviyyədəbaş tutdu. Tədbir daha sonra musiqi və poeziyanın vəhdətini özündə birləşdirən bədii kompozisiya ilə davam etdi.

Şuşa – Türk dünyasının ortaq ədəbi məkanı

Vaqif Poeziya Günləri çərçivəsində TÜRKSOY-un təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən II Türk Dünyası Gənc Şairlər Festivalı Türk dünyasının altı ölkəsindən gənc şairləri bir araya gətirmişdi.
Festivalın açılışında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un Baş katibi Sultan Raev, Ankara Sosial Elmlər Universitetinin rektoru professor Musa Kazım Arıcan, Türkiyə Yazarlar Birliyinin sədri professor Muhammed Enes Kala, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Qırğızıstan Yazıçılar Birliyi sədrinin müavini Atantay Akbarov, Özbəkistan Yazıçılar Birliyinin nümayəndəsi Dilfuza Qarşiboyeva, Türkmənistan Mədəniyyət Nazirliyinin nümayəndəsi Akmurat Rəcəbov, Xalq şairi Vahid Əziz, eləcə də Türk dünyasının çoxsaylı şairləri, yazıçıları və alimləri iştirak etdilər.
Çıxışlarda ortaq tarix, ortaq dil və ortaq ədəbi irsin qorunmasının vacibliyi vurğulandı. Bildirildi ki, gənc qələm sahiblərinin bir araya gəlməsi gələcəkdə yeni ədəbi əməkdaşlıqların yaranmasına mühüm töhfə verəcək.

Ağdamda gənc şairlərin söz bayramı

Festivalın əsas proqramlarından biri Ağdam Muğam Mərkəzində keçirildi. Burada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan gəlmiş gənc şairlər öz şeirlərini səsləndirdilər.
Fərqli poetik üslublar, müxtəlif mövzular və fərqli bədii yanaşmalar bir məqsədə – Türk dünyasının ortaq mədəni yaddaşının yaşadılmasına xidmət edirdi. Səsləndirilən şeirlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Festival çərçivəsində beynəlxalq münsiflər heyəti iştirakçıların yaradıcılığını qiymətləndirdi. Münsiflər heyətinə Türk dünyasının müxtəlif ölkələrindən tanınmış ədəbiyyat və elm nümayəndələri daxil idi.

Mükafatlar Şuşada təqdim olundu

Festivalın yekununda qaliblərin mükafatlandırılması mərasimi Molla Pənah Vaqif Muzey-Məqbərə Kompleksinin qarşısında keçirildi.
Qaliblərə medal və sertifikatlar Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən təqdim olundu.
Azərbaycandan Nadir Rızalı, Kamal Hüseynzadə, Tural Balabəyli;
Qazaxıstandan Aliya İnkarbek, Kundyz Jhubayeva, Nurtileu Kadyrkul, Yedilbek Duısenov, Maksat Dauylbay;
Qırğızıstandan, Melis Mamatzhan Uulu, Yrysgul Izatova, Maksat Zhangazıyev;
Özbəkistandan Madina Norçayeva,İslom Boboqulov, Allayar Darmenov;
Türkiyədən Emre Demir, Melike Yavuzay, Ümit Çiçekçi;
Türkmənistandan Garahanjar Bayhanov, Kerim Hallyyev, Yusup Meredov mükafatlandırıldıkar.
Beləliklə, festival Türk dünyasının müxtəlif ölkələrini təmsil edən iyirmi gənc şairi eyni səhnədə bir araya gətirərək ortaq ədəbi məkanın daha da möhkəmlənməsinə töhfə verdi.

Sultan Raev: “Mədəniyyət və poeziya könülləri birləşdirir”

Festivalın açılışında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev qeyd etdi ki, Şuşa Türk dünyasının mədəni yaddaşında xüsusi yer tutur.
O bildirdi ki, dövlətləri sərhədlər ayırsa da, mədəniyyət, incəsənət və poeziya xalqları bir-birinə yaxınlaşdırır. Yunus Əmrədən Molla Pənah Vaqifə, Abaydan Məhtumquluya və Colpon Mamıtova qədər uzanan ortaq ədəbi irs Türk xalqlarını birləşdirən ən mühüm mənəvi bağlardan biridir.
Sultan Raev festivalın gələcək illərdə də müxtəlif türk dövlətlərində keçirilməsinin vacibliyini vurğulayaraq bu layihənin artıq ənənəyə çevrilməkdə olduğunu bildirdi.

“Şuşa gecələri” poeziyanın işığında

“Vaqif Poeziya Günləri”nin yaddaqalan tədbirlərindən biri də “Şuşa gecələri – interaktiv poeziya saatı” oldu.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açdı. Daha sonra proqram AYB Poeziya bölməsinin sədri İbrahim İlyaslı və AYB Gənclər Şurasının sədri Fərid Hüseynin moderatorluğu ilə davam etdi.
Poeziya axşamında Səlim Babullaoğlu, Rəsmiyyə Sabir, Məhəmməd Turan, Tural Balabəyli, İntiqam Yaşar, Narıngül Nadir, Gəray Göyyurd, Mustafa Rasimoğlu, Elşad Ərşadoğlu, Hafiz Hacıxəlil, Nadir Yalçın, Güləmail Murad, Xatirə Fərəcli və digər şairlər öz şeirlərini səsləndirdilər.
Qiraətçilər klassik Azərbaycan poeziyasından nümunələr təqdim etdilər. Tədbir boyunca tarda Səxavət Məmmədovun ifası poetik ab-havanı daha da zənginləşdirdi.

“Sözün gülüşü – Şuşa hekayələri”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi də Vaqif Poeziya Günlərinin proqramına maraqlı səhnə işi ilə qatıldı.
Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri”, “Diş ağrısı”, “Qiraət”, “Bomba” hekayələri və “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərinin motivləri əsasında hazırlanan “Sözün gülüşü – Şuşa hekayələri” interaktiv meydan tamaşası tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşanın musiqi rəhbəri Məhəmməd Məmmədov idi. Səhnə əsərində Əzizağa Əzizov, İqrar Salamov, Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Rauf Babayev, Yuliya Heydərova, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev və Nigar Rüstəmova çıxış etdilər.

Sözün gələcəyi Şuşadan başlayır

Bu ilki Vaqif Poeziya Günləri bir daha göstərdi ki, Şuşa yalnız tarixi qələbənin rəmzi deyil, həm də sözün, poeziyanın və milli yaddaşın yaşadığı müqəddəs məkandır. Burada keçirilən hər tədbir, səslənən hər şeir və təqdim olunan hər mükafat Azərbaycan ədəbiyyatının inkişafına, Türk dünyasının mədəni inteqrasiyasına və gənc yaradıcı nəslin formalaşmasına xidmət edir.
Şuşada Vaqifin ruhu ilə başlayan söz bayramı Ağdamda gənc şairlərin səsi ilə davam etdi. Fərqli ölkələrdən gələn gənc qələm sahibləri göstərdilər ki, ortaq dil, ortaq tarix və ortaq mədəniyyət Türk dünyasının ən möhkəm mənəvi dayaqlarından biridir. Bu baxımdan Vaqif Poeziya Günləri və II Türk Dünyası Gənc Şairlər Festivalı təkcə bir ədəbi tədbir deyil, həm də Türk xalqları arasında mədəni həmrəyliyi gücləndirən mühüm platforma kimi yadda qaldı.

Tural Balabəyli

You may also like

Leave a Comment