Ana səhifə YAZILAR Tumurcuqlarım cücərdi, çiçəyim çırtladı…

Tumurcuqlarım cücərdi, çiçəyim çırtladı…

Müəllif: Bizim Yazı
917 baxış

Esmira RƏHİMLİ
/1966-cı ildə Bakı şəhərində doğulub. 1983-86-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1989-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsilini davam etdirib. 1998-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür./

Günəşim

Salam, xoş gəldin,
Günəşim mənim.
Güldün üzümə,
Budaqlarım isindi,
Tumurcuqlarım cücərdi,
Çiçəyim çırtladı!
Gəlməsəydin,
Qışın sərt üzü
Öldürəcəkdi məni.
Kəsib odun edəcəkdi
Yeyənlər bəhərimi.
Salam, xoş gəldin,
Həyatımı mənə gətirdin,
Əli dolu gələn qonağım mənim!
Baxdım, səhərlər nə gözəlmiş,
Buludlar yolum-yolum.
Baxdım, gecələr nə gözəlmiş,
Ulduzlarla qol-boyun.
Oyatdın qış boyu yatmış ruhumu,
Gətirdin baharımı.
Meh əsib sığalladı
Xumar-xumar hallarımda.
Quşlar gəldi,
Yuva qurdu qollarımda.
Sənin sayəndə eşitdim nəğmələrini,
Bilsən nə qədər sevindirdin məni!
Salam, xoş gəldin,
Günəşim mənim,
Getmə daha!
Mən çiçəkləyən ağacam,
Vermə məni odunluğa,
Atma məni tənhalığa!
Getmə, daha,
Getmə, daha!

Sən gəldin

Sən gəldin,
Artıq səmalardan
Güllü budaqlara qonmağa başladım.
Sən gəldin,
Həyatımı alt-üst eylədin,
Hamar yuxularım əyişdi.
Sən gəldin,
Sənin zövqünlə ətirlənirəm,
Çiçəkli qoxularım dəyişdi.
Sən gəldin,
Mənim sevdiklərim qaldı bir yana,
Sənin sevdiklərinə
Baxmağa başladım.
Sən gəldin,
Səndən ayrılmamaqçün
Ölümdən qorxmağa başladım,
Qorxmağa başladım…

* * *
Qəlbin kitab kimidir,
Yazılar dolu.
Gözlərinin pəncərəsindən
Oxuyuram onu.

Qəlbin səma kimidir!
Sən heç gün çıxanda
Səmanı gördünmü?
Fırtınalardan xəbəsiz,
Buludsuz, təmiz…
Doğrunu gördünmü, doğrunu!
Nə qədər ümüdsüz, aciz…
Amma oğru hər zaman haqlı,
Hər şey ona caiz!
Gözləri qəmsiz, kədərsiz…

Sən heç dənizin səsini
Eşitmisənmi?
Danışmır, heç nə demir,
Onu anlayırsan…
Danışma, heç nə demə,
Səni anlayıram!

Qəlbin zirvə kimidir,
Ucalığına qısqanacaqlar səni.
Nəfsin qapı kimidir,
Böyüklüyünə qısqanacaqlar səni.
Səninçün qadınlar bacı, kişilərlər qardaş,
Səni sənin təmizliyinə qısqanacaqlar.
Qısqanclar qaranlıq quyu kimidir,
Səni sənin işığına qısqanacaqlar.
Zalım, təkəbbürlü, qəddar adamlar
Səni sənin mərhəmətinə qısqanacaqlar!

Qorxma!
Qorxdunsa, bu zarafatdır…
Əgər inandınsa,
Qəlbləri oxumaq
Çox asanddır…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.