Ana səhifə YENİLİKLƏR “Şekspir” teatrsevərlərlə ilk görüşə gəlir

“Şekspir” teatrsevərlərlə ilk görüşə gəlir

Müəllif: Bizim Yazı
549 baxış

Martın 6-da, 10-da və 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş yeni tamaşanın premyerası keçiriləcəkdir.
ADAMDT-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanda ilk dəfə “ÜNS” Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan “Şekspir” pyesi tezliklə dünya teatr ictimaiyyətinin də diqqətini cəlb etmişdir. Bir sıra xarici ölkələrin teatrları, o cümlədən Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən ”Avanqard” teatrı, Ukraynanın Krım-tatar Akademik Musiqili Dram Teatrı Elçinin bu əsəri əsasında tamaşa hazırlamışlar.
Tamaşanın quruluşçu rejissoru Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri Xalq Rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Xalq Artisti Ramiz Novruz, əməkdar artistlər Pərviz Bağırov, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Anar Heybətov, Elşən Rüstəmov və başqaları çıxış edirlər.
Bu tamaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və ADAMDT-ın təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsinin tərkib hissəsidir.
Bəlli olduğu kimi, ötən il Akademik Milli Dram Teatrı GUAM ölkələrinin teatr əməkdaşlığı ilə bağlı irimiqyaslı bir layihə həyata keçirməyə başlamışdır. Teatrın Ukraynaya qastrol səfəri, Krım-tatar Akademik Musiqili Dram Teatrının Elçinin “Şekspir” əsəri əsasında hazırladığı “Xəstə könül” tamaşasının ADAMDT-ın səhnəsində nümayişi, gürcü rejissoru Levan Tsuladzenin, moldovalı Petru Vutkereunın Azərbaycan teatrına quruluş üçün dəvət olunması bu layihə çərçivəsində realizə olunan tədbirlərdəndir.
“GUAM-ın teatr məkanı” layihəsi yalnız bu tədbirlərlə məhdudlaşmır. Daha çox strateji məqsədlərə yönələn bu layihə gələcəkdə də davam etdiriləcəkdir. Layihə Gürcüstan, Ukrayna və Moldova teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini, müştərək tamaşaların hazırlanmasını, qarşılıqlı qastrol səfərlərini, rejissor və aktyor mübadiləsini, texniki heyət üzvlərinin təcrübə keçmələrini, Azərbaycan dramaturqlarının əsərlərinin GUAM ölkələrinin teatrlarında səhnəyə qoyulmasını, həmçinin milli səhnəmizdə Gürcüstan, Ukrayna və Moldova klassik və müasir dramaturgiyası nümunələrinin təcəssümünü, bütün sahələrdə qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.