Ana səhifə YAZILAR SƏHƏRin nəsri haqqında düşüncələr

SƏHƏRin nəsri haqqında düşüncələr

Müəllif: Bizim Yazı
949 baxış

Xanverdi Turaboğlu

(Səhərin təhkiyəçi qəhrəmani və obrazlar aləmi)

Səhərin nəsrində (“Monastır pəncərəsində dibçək gülü”, “Bizim keçən dərsimiz”, “Həyatın təkrar nəşri”, “Həmişəyaşıl və miskin”, “Əbədiyyət haqqında nağıllar”, “Daş kimi azad”, “Bir az uzaqdan baxanda”, “Xeyir və şər”, “Atəşböcəkləri”, “Yaşıl xatirə”, “Qurman yırtıcılar”, “Sonuncu həftə sonu”) real gerçəklik öz donu və biçimində bütün çoxtərəfli cəhətləri ilə dərin fəlsəfi qatda və ya fəlsəfi-intellektual analizin bədii-estetik baxış bucağında təsvir və təhlil olunur.
Yazıçının təqdimatında üzə çıxan bu real gerçəklikdə həmişə üç rəng-ağ, qara və boz qabarıqlığı ilə önə çəkilir. Burada hadisə, vəziyyət, obrazlar aləmi, əsərin bədii-estetik quruluşu və həllində fəlsəfi-intellektual psixologizm və ya analiz üstünlük  təşkil edir.
Bu baxımdan Səhərin  “Monastır pəncərəsində dibçək gülü” nəsrində  əsas bədii obraz kimi diqqəti çəkən gülün bədii-fəlsəfi və estetik baxış bucağından simvolik mənaları açıqlanır.
Təhkiyəçi qəhrəmanın düşüncəsinə görə, gülün təbii yaşayış mənbəyi açıq səma altındadır. Dibçəklər gülün qəfəsi, güldanlar onun tabutudur.
Nasirin qəhrəmanının anlayışına görə, gül müxtəlif məkan və situasiyada olsa belə  onların hər birisi öz donu və biçimində daha gözəl və ya əsrarəngiz görünür.
Təhkiyəçi qəhrəman qarşılaşdığı hadisə, vəziyyətə və ya ətraf gerçəkliyə münasibətdə intellektual davranış və düşüncə tərzi nümayiş etdirir. Ümumiyyətlə, əsərdə əksini tapan hadisə, vəziyyət, obrazlar aləmi təhkiyəçi qəhrəmanın subyektiv qavrayışında ələnərək təhlildən keçirilir və dərk olunur.
Təhlildən keçirilən bədii faktlardan biri də büllur güldandakı qırmızı qızılgül qanında boğulmuş təki görüntüyə gələrək təqdim olunur. Bu görüntüdəki güllər isə sanki əvvəlcədən öz ölümünü mütləq şəkildə hazırlayaraq cəsədə dönür. Amma bütün bunlara baxmayaraq büllur güldandakı qırmızı qızılgüllər də təbii olaraq yaşamaq həsrətlisidirlər və onlar saxsı dibçəkdəki güllər təki diri olmaq arzusu ilə yaşayır. Hər şeydən əvvəl ona görə ki, saxsı dibçəkdəki gül toz içində olsa da, hər halda canlı, azad və sərbəst yaşamaq haqqına malikdir.
Əsərdə təhlilə çəkilən bədii obrazlardan biri- pəncərə qarşısına qoyulmuş dibçək güllər isə monastırda yaşayan qızlara bənzədilir. O “qızlar”a  ki, onlar üçün həyatı, dünyanı görmək, izləmək və sevmək yalnız pəncərə vasitəsilə mümkün olur. Pəncərə onların həyatı duymaq və sevmək üçün simvolik yaşam tərzinə çevrilir.
Səhərin “Bizim keçən dərsimiz” adlı nəsrində də bəşəri, ümuminsanlığı narahat edən qlobal əhəmiyyətli problemlər qabardılır. Əsərdə bədii həllini tapan hadisə, vəziyyət, obrazlar aləmi fəlsəfi-intellektual analizin estetik dərkində təqdim olunur.
Səhərin qəhrəmanı vətəndaşlıq duyğuları ilə yüklənərək yaşadığı halda, qarşılaşdığı hadisə, vəziyyətdə adi, normal məntiqə söykənməyən hazırkı dünyanın və insanlığın əzəmi bəşəri problemlərinin ağırlığında yaşayır.
Dünyanın böyük kədər yükünü öz üzərində hiss edib yaşayan nasirin təhkiyəçi qəhrəmanı indilikdə anlayır ki, artıq tarazlığı, nizamı pozulmuş dünyanın və ya mühitin, cəmiyyətin xaotikliyində “Kim haqlıdır?” sualı yersiz görünmək  üzrədir.
Düşünülməmiş addımlar isə ağlasığmaz faciəvi sonluqla müşayiət olunur. Vəhşi “avanqard” zövqlər, heç nəyə tabe olmayan müharibələr, sonucu böyük fəlakətlər hara və nəyə aparıb çıxarır. Müəllifin təhkiyəçi qəhrəmanını düşündürən problemlərdir. Buna görə də, nasirin qəhrəmanı qarşılaşdığı hadisə, vəziyyəti təhlil etdikcə anlayır ki, ”həyat mübarizə yox, bütün hallarda ədalətsiz  müharibədir.”
Bu baxımdan Səhərin qəhrəmanı düşünür ki, kütlə bu və ya digər halda artıq heç kimə azarkeşlik etmir, sadəcə yaxşı oyun tələb edir və bir də yaxşı oyunçu. Ancaq bu “yaxşı oyunçu” qaydasız döyüş əhatəsində və içində özünü elə aparmalıdır ki, kütlənin etimadını doğrulda bilsin. Amma qaydasız döyüş faktı isə qəhrəmanın fikrincə, bizi tariximizin neçə-neçə minillik dövrlərinə aparıb çıxaran ”hələ sualların meydana gəlmədiyi qədim dövrə yönəldir. Hansı ki, ən güclünün sağ qalacağı qladiator döyüşü o dövrün sərt qayda-qanunlarından idi.”
Müəllifin qəhrəmanı hesab edir ki, qaydasız “qladiator döyüş” üsuluna müraciətin özü bizi dünyanın və ya zamanın dairəvi çarxında bəşər övladı olan insan daxil olmaqla hansısa müəyyən olunmuş yaxud qeyri-müəyyən şəkildə gözlənilən və ya gözləniləsi mümkün olmayan hansısa məqamda böyük dəyişikliyə məruz qaldıqca mütləq halda öz oxu ətrafında fırlanmağa məcburdur.
Dünya, yer kürəsi, zaman, tarix və insanın öz oxu ətrafında dairəvi olaraq fırlanması təhkiyəçi qəhrəmanın fikrincə, əslində ”Sirk səhnəsini” xatırladır. Burda ancaq necə gəldi yox, öz oxu ətrafında fırlanmaq mümkündür.
Bu baxımdan təhkiyəçi qəhrəman qarşılaşdığı hadisə, vəziyyətlə bağlı problemin bədii-estetik həllində əsər boyu fəlsəfi-intellektual analizləri və ya çevik düşüncə tərzi ilə  diqqəti çəkir.
Qarışıq və ya indiki xaotik dünya hadisələrin izi ilə addımlayan Səhərin qəhrəmanı sonucda yenə fikir, analizlərini bəzən bədbin, eyni zamanda böyük vətəndaşlıq duyğusu üzərində köklənən kəskin ironik notlarla yükləyərək bu düşüncədə israrlıdır ki, “həmişə və hər kəs öz sahəsində “otlamaq” və “ovlamaq”da, öz ovunu pusmaqda, öz rəqibinin məhvi ilə məşğuldur. Neynək oyunçu aparsın! … Hər an yeni qurban tələb olunur, gündə bir milçək düşür bu hörümçək toruna, işinizdə olun, bəs necə ov ovlamaq, quş quşlamaq, ot otlamaq lazımdır.”
Ancaq görünür Səhərin qəhrəmanı sonucda mübarizə yox, müharibə aparmaq istəmir, sadəcə üzünü çevirmək və izdihamı yara-yara utanc yaradan bu tamaşadan uzaqlaşmaqdan başqa çarə görmür. Ancaq tamaşanın verdiyi xoş olmayan ağır, üzücü təəssüratlardan sonra qəhrəmanın daxili, iç aləmində köklənmiş dərin ikrah hissi zəif işartı şəklində üzə çıxır.
Qəhrəmandakı ikrah hissi özlüyündə dərin dünya kədəri üzərində boy ataraq rişələnir. Qəhrəman kədərin verdiyi ağır yükdən qaçıb qurtulmaq istəsə də fəqət bu onun imkanı daxilində olmur: ”Arxada qələbəlik və səs-küy, öndə isə boşluq və sükut” onu daim Əzəmi Dünya Kədərin verdiyi ağır, üzücü ab-havadan kənarlaşdıra bilmir.
Yazıçının qəhrəmanı ümumilikdə bütün hallarda ədalətsizliyə bürünmüş davranışlar, münasibətlərlə daxilən barışa bilmir. O, harada ədalətsizlik görürsə, orada ədalətin haqq səsini ucaltmağa çağırır. Əksinə, seyrçilik, kənardan laqeydlik edib “tarixin bizə verdiyi ən böyük dərsdən ibrət almamaqla” bizə bağışlanmaz böyük günah olardı.
Səhərin təhkiyəçi qəhrəmanı hansısa lazım olan fikrini israrla qeyd edirsə, o halda nəzərdə tutduğu hansısa ideyaya ciddi üstünlük verir. O fikir, ideya isə tarixin bizə verdiyi dərslərdən ibrət almaq şansını bir daha yenidən yaradır. İndi isə qəhrəman onu məşğul və narahat edən fikir və düşüncələri öz auditoriyasında necə və hansı şəkildə analizdən keçirilməyini və qavranılmasını və ya başqa cür deyilirsə, atdığı oxun hədəfə dəyib-dəyməməsini yəqinləşdirmək üçün bir daha israrla sualla dolu fikirlərini üzə çıxarır. Sualla müraciətin özü də Səhərin qəhrəmanı tərəfdən çoxqatlı və çoxtərəfli rəmzi-simvolik mənalarla yüklənir: ”Kim deyər, bizim keçən dərsimiz, nə olmuşdu? ”
Səhərin ”Həyatın təkrar nəşri” əsərində də fəlsəfi-intellektual psixologizm və ya intellektuallıqla psixoloji proses qovuşaraq onların birgə ümumi analizi vəhdət halında bədii-estetik dəyəri ilə önə çəkilir. Bu baxımdan əsərdə təhlilə çəkilən hadisə, vəziyyət və ya zaman, insan, torpaq qəhrəmanın düşüncələri axarında fikri-hissi proses və analizdən keçirilir. Burada fəlsəfi-intellektual-fikri əməliyyatla psixoloji proses qovuşaq halda bədii təhlil obyektinə çevrilir. Başqa cür ifadə olunursa, burdakı bədii əməliyyat fəlsəfi-intellektual analiz və düşüncənin və ya əqli-fikri əməliyyatın özü, eyni zamanda psixoloji prosesin, analiz və düşüncənin və ya yenə də əqli-fikri əməliyyatın özü kimi reallaşaraq estetik dəyər qazanır.
Bu baxımdan Səhərin qəhrəmanı davranış və düşüncələri ilə psixoloji proses müqabilində intellektuallığı ilə diqqəti çəkir, qarşılaşdığı hadisə, vəziyyətlə bağlı intellektual davranış və düşüncə tərzi nümayiş etdirir.
Digər tərəfdən, əsər boyu qəhrəman həyatın təkrar və uzun, həm də üzücü oyunlarına qarşı çıxa bilmir. Ona görə ki, o, mənən, ruhən təkdir. Qəhrəman mənəvi təklikdən qaçıb qurtulmaq istəsə də, fəqət, bu, onun imkanı daxilindədirmi? Mənəvi təklik onu özündən yaşca böyük olan daşlaşmış, bərkimiş və hətta lazım olmayan bir fikri dəyişdirə və ya onunla bağlı döyüşə hazır ola bilmir. Ancaq ona alışa və onunla barışa bilər. Buna görə qəhrəman vəziyyətin bədii-məntiqi nəticəsi olaraq ona üstünlük verir ki, ”güclü olan ağır zərbəni vuran deyil, ən ağır zərbəyə dözəndir.”
Qəhrəman uzun və üzücü həyat oyunlarında ədalətin nə vaxtsa qələbə qazanacağına ən axmaq və qoca ümid kimi baxır. Onun fikrincə, insan üçün ən böyük rəqib məhz zamandır. Ona görə ki, Zaman insan istəyi, arzusu ilə heç vaxt hesablaşmır. Onun üçün ən dəyərsiz olan insan düşüncəsidir. İnsan düşüncəsi  isə Zamanın sınağından çıxmaya da bilər.
Təhkiyəçi qəhrəman əsər boyu Zamanla bağlı daha tutarlı və ya məntiqli düşüncələrini xəyali dinləyicisi ilə bölüşür, həyat, cəmiyyət, insanlıq barədə intellektuallığı ilə seçilən davranış və düşüncə sahibi kimi diqqəti çəkir.
Bu baxımdan Səhərin qəhrəmanının daxili düşüncələr sistemində mühüm əhəmiyyətə malik torpaqla bağlı fikirlərində yenə də Zamana söykənən maraqlı məqamlar diqqəti çəkir.
Təhkiyəçi qəhrəman düşünür ki, torpaq da həmçinin Zaman təki  heç nə ilə hesablaşmır. O da  heç kimin adını soruşmur, ancaq sonda  hamı onun üçün  naməlum insan cəsədi olur. Deməli, təhkiyəçi qəhrəmanın bədii-məntiqi düşüncəsinə görə, sonda gülən yenə də Zamandır və  ən kədərlisi isə onun məhz sonda gülməsidir.
Səhərin “Əbədiyyət haqqında nağıllar” adlı nəsrində də qəhrəman intellektual davranış və düşüncə tərzi nümayiş etdirərək dünya, kainat, insanlıq və zamanla bağlı düşüncələrini xəyali dinləyicisi ilə bölüşür və bu qənaətə gəlir ki, ümumiyyətlə, nə baş verir-versin, Zamansız heç nə mümkün olmur: ”Zaman hər yerdə və hər an mövcuddur və onunla adamlar ölməz görünür. Çünki nə vaxtsa, insanlar din, millət, torpaq  yolunda döyüşməkdən usanıb insanlıq uğrunda vuruşmağa hazır olanda və ya gerçəkliklə romantika arasında hədd aradan qaldırıldığı halda o həqiqət üzə çıxacaq ki, əsl gerçəklik ən asan yaşadığın yox, ən dərində  hiss etdiyin olacaqdır.”
Qəhrəman düşüncələrində bu baxımdan yenə də, olsun ki, ümidlə yaşamaqdadır və o hesab edir ki, nə vaxtsa, insanlara mənsəblərinə görə yox, məqsədlərinə görə qiymət verilə bilər. Bütün bu proseslərdə vaxt, zaman ölçü, dəyəri mühüm rol oynayır. Buna görə də, qəhrəman  o halda təəssüf hissi ilə yaşayır ki, vaxtında əbədiyyət haqqında nağıllar yox, Zamanla bağlı Həqiqətlər bizə diqtə olunmalı idi.
Səhərin “Bir az uzaqdan baxanda” adlı nəsrində də təhkiyəçi qəhrəman intellektuallığı ilə fərqlənən düşüncə tərzi ilə çıxış edərək hadisə, vəziyyəti əsər boyu  ümumi bədii nəzarəti ilə diqqətdə saxlayır. Özünü və ətraf aləmi təhlildə özünü və ətraf gerçəkliyin dərkinə yönələn Qəhrəmanın düşüncələrində hadisə , vəziyyət, obrazlar, aləmi, qaldırılan problemlər əsər boyu estetik-fəlsəfi təhlildən keçirilərək bədii dəyər qazanır.
Bu baxımdan əsərlə tanışlıq onu izah etməyə imkan verir ki, nasirin qəhrəmanı ünsiyyətdə, təmasda olduğu qarşı tərəfi kütlədən ayrılıb tənhalıqda qalaraq əzablı anlar yaşamasına görə, qınaq obyektinə çevirir. Qəhrəman bu halda özünü və ətraf aləmi təhlildə yaşayaraq özünü və ətraf gerçəkliyi tanıyıb dərk etdikcə özünün gəldiyi yeni qənaətini müsahibi ilə bölüşmək istəyindədir.
Qəhrəman o fikrində israrlıdır ki, əslində “kütlə təkləri əzir, çoxluq həmişə həllediləndir və deməli, bu oyunda sən yalnız zərərçəkənsən”
Qəhrəman fikrən, xəyalən nəzərdə tutduğu şərti müsahibi ilə söhbətində daha irəli gedərək həyat, cəmiyyət, dünya, insan və zaman haqda intellektuallığı ilə seçilən davranış və düşüncə tərzi nümayiş etdirir. Qəhrəman inandırır ki, həyata kənardan baxdıqda, səhnə kimi aydın görünür, burada hamıdan öz rolunun öhdəsindən məharətlə gəlmək tələb olunur, ”Yaşadığımız bu həyatda adi məişət vərdişlərindən tutmuş yüksək diplomatik hoqqalara qədər bütün qaydalar cəmiyyətin əxlaqsızlığını pərdələməyə xidmət edir.”
Qəhrəmana görə,  xeyir və şər barədə  oxunan nağıllar real gerçəklik üçün  nəzərdə tutulmur. Bu nağıllarda əsər üçün lazım olan süjet xətti və ya “razvyazka” olduğu halda, yaşadığımız hazırkı cəmiyyətdə belə üsul  və vasitələr isə yaramır, burada hər şeyi yenə ancaq Zaman həll edir.
Qəhrəman xəyali müsahibi ilə söhbətində bir az uzaqdan, kənardan baxdığı bu real həyat səhnəsində  oynanılan acı həqiqətə kəskin, öldürücü ironiyalı münasibətini əsər boyu sanki “səpələyir.” Qəhrəman içi başdan-başa mənfiyə yüklənmiş bu yararsız mühitdə, cəmiyyətdə tarazlığın olmamasına görə, “hərdən artıq hərəkət  etməmək qorxusu ilə dişlərini bir-birinə sıxmalı olur.” Ona görə ki, yaşanılan və bizi əhatə edən bu cəmiyyətdə “insanlarla layiq olduğu kimi rəftar etmək çəngəl-bıçaqla düzgün davranmaq qədər önəmli deyil.”
Səhərin “Xeyir və Şər” adlı nəsrində qəhrəman intellektual davranış və düşüncə tərzi nümayiş etdirərək, özünü və ətraf aləmi təhlildə özünü və ətraf gerçəkliyin bəzən gözə çarpmayan cəhətlərinə bədii işıq salır.
Yazıçı başqa əsərlərində olduğu kimi, bu əsərində də ona yaxın olan doğma mövzular barədə qəhrəmanı ilə ünsiyyətə daxil olur. Qəhrəman isə müəllifin onun üçün yaratdığı bu geniş bədii imkan və ya səlahiyyəti daxilində daha çox yararlanmaq istəyindədir. Və belə də olur. Qəhrəman əsər boyu Xeyir və Şər fonunda dünyəvi, bəşəri problemlər qaldıraraq onun həlli yollarını düşünür.
Səhərin digər əsərlərində olduğu kimi, bu əsərdə də qəhrəman həyat səhnəsi məsələsinə toxunur. Burada təsvir və təhlilə çəkilən insanlar müxtəlif rol biçimində diqqəti çəkir. Yaşanılan bu həyat səhnəsində qorxaq, fağır və laqeyd adamlar qəhrəmanda mənfi emosiyaya yüklənmiş hədsiz gərginlik yaradır.
Təhkiyəçi qəhrəmanın anlamına görə, qorxaq adama cəsurluğun əslində, heç də qorxulu olmadığını sübut etmək olar. Fağır və laqeyd adam isə onu daha çox qıcıqlandırır. Qəhrəman bunu özlüyündə sidqi-ürəklə vətəndaşlıq borcu bilərək ömründə heç olmasa bir dəfə narazı qaldığı həmin adamları qeyrətləndirmək ümidindədir.
Əksinə, həyat səhnəsində özünəuyğun yaşayış və düşüncə tərzi ilə seçilən və  ya bəzən lazım olmayan anda öz mənafeyini daha çox düşünən haqsız adamlara qarşı təhkiyəçi qəhrəman “öz düşmənçiliyini” təklif edir. Ona görə ki, qəhrəman ədalətsizlik üzərində qələbəni görmək, xeyirin haqlı, haqqın güclü olmasına bir daha əmin  olmaq istəyindədir.
Digər tərəfdən qəhrəman ”mayası şərdən yoğrulan” kəsin yaxşılığa doğru dəyişilməsinə inana bilmir. Qəhrəmanın düşüncəsinə görə, adətən belə adamlar həmişəki kimi, yaxşılıq etməyə öyrəşməyib və buna heç qadir deyil, o, yalnız manevr edə bilər.
Təhkiyəçi qəhrəman düşünür ki, yaxşı adamla pis adamın dostluğu mümkün deyil, mümkün olsa da, bu, itlə pişiyin barışı kimi müvəqqəti və hər an “cırmaqlaşma” labüddür. Bu ədavət qəhrəmanın fikrincə, onları idarə edən daimi qüvvələrin – Xeyirlə Şərin ədavəti, özü də barışmaz, tarixi ədavətidir.
Səhərin “Yaşıl xatirə” adlı nəsrində də təhkiyəçi qəhrəman insan amilini önə çəkir. Qəhrəman xəyali müsahibi ilə söhbətində insanla bağlı ən çox ona üstünlük verir ki, həyatı sevmək üçün özünü, özünü sevmək üçün başqalarını sevmək şərtdir. Bu bədii düstur, modeldə adamlar təhkiyəçi qəhrəmanın nəzərincə, oxuyub bitirmədiyi kitab şəklindədir. Qəhrəman isə bu kitab modelində inikasını tapan insanla bağlı əsas düsturlarda doğma bir sifətin cizgiləri altında get-gedə qocalan uşaq ruhunu sezmək, onun yaşıl xatirəsini qoruyub saxlamağa daha çox diqqət yetirir.
Yazıçının “Sonuncu həftə sonu” əsərində də hadisə, vəziyyət və ya obrazlar aləmi fəlsəfi-intellektual psixologizmlə lirik-romantik psixologizmin qovuşaraq vəhdət halında təqdim olunur. Burada inikasını tapan sevgili insan  və ya təbiət amili rəmzi-simvolik olaraq önə çəkilir, bəzi məqamlarda hadisə, proses və ya obrazlar aləmi həzin notlar üzərində köklənərək üzə çıxır.
Əsərdə əks etdirilən hadisə, vəziyyətdə real aləm, gerçəklik simvolik olaraq son günlərini yaşayır, yaşlı ağaclar canlı varlıq təki hər yaz bir az da qocalır, amma o yaşlı ağaclar heç də qocalmaq istəməzlər. Buna baxmayaraq ondakı həyat mənbəyi artıq tükənmək üzrədir və yaşamağa ümidləri qalmayıb.
Təhkiyəçi qəhrəmanın anlamına görə, ümidlər  qırılmaq üçün yaranan uşaq oyuncaqlarına bənzəyir və yaş ötdükcə təzə oyuncaqlara həsrət qalmalı oluruq. Bu vaxt isə “nəğmələr susmağa, sükutlar oxumağa məhkum olur və bütün məhkumlar çox sadə səbəbdən-bütün hakimlər haqlı olduğu üçün suçludur. ”
Nasirin qəhrəmanı yaşlı ağaclarla bərabər uzun ömrün sonuncu günlərini tənhalıqla keçirən və ya həzin notlar üzərində köklənərək üzə çıxan tənha adamların taleyində də eyni bədii-psixoloji durumun ağırlığını müşahidə etməkdədir.
Bu baxımdan təhkiyəçi qəhrəman sonuncu həftə günlərini yaşayan adamları tənhalıq dənizində adaya oxşadır. Hər tərəfi çoxlu insanlarla əhatələnən o adada dayandığın balaca, dar yer ətrafından kənara çıxmaq mümkün deyil. Buna baxmayaraq isti insani münasibət, gözəl davranış mədəniyyəti onu əhatə edən mühit, cəmiyyət içərisində çatışmır və gözlənilən və ya başqa cür deyilirsə, bu qədər insan toplusunda  qarşılıqlı olaraq umulan mənəvi tələbatı ödəmir. Buna görə də tənhalıq dənizində  mənəvi adaya (oxu: qəfəsə) qapılaraq acı göz yaşları ilə üz-üzə qalmaqdan başqa çarə qalmır.
Bu halda təhkiyəçi qəhrəman adamları tənhalıq dənizində fırtınalı həyata sürükləyən mühiti qınağa çəkir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.