Ana səhifə YAZILAR “Səni kim unudar?”

“Səni kim unudar?”

Müəllif: Bizim Yazı
1. 006 baxış

Əfsanə BAYRAMQIZI

Mikayıl Müşfiq – 105

…Yenə o illər, yenə o qumlu sahil, bir də… Dilbər olaydı. Yenə də dəniz sahilində dalğalar kimi qıvrılan saçlara şair könlü şeir ərmağan edəydi. Həyatın yamanlıqlarına yaşamaq eşqi ilə meydan oxuyan gənc yenə sevdalar ölkəsində ürəkləri fəth edəydi. Yenə o Müşfiq olaydı, ancaq nə o şair qəlbini qandallamağa çalışan “qanun”lar, nə də o qandal sahibləri olaydı… Kim bilir, o zaman Mikayıl Müşfiq qələmi neçə-neçə ölməz əsərlər yazardı…
Ömrünün ən qaynar çağında, 29 yaşında sovet repressiyasının qurbanı olmuş istedadlı şair Mikayıl Müşfıqin anadan olmasının 105 illiyi ilə bağlı Bakının Nizami rayonundakı 10 nömrəli orta məktəbdə ədəbi-bədii gecə keçirildi. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, icra başçısının müavini Gülnaz İsrafilova, rayonun müəssisə və təşkilat rəhbərlərinin, güc strukturlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, eləcə də ümumtəhsil məktəblərinin fəal şagirdlərinin iştirak etdikləri tədbir tamaşaçıları sevgi dolu Müşfiq lirikasına köklədi.
M.Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. İbtidai təhsilini rus-tatar məktəbində alan şair o zamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dil-ədəbiyyat fakültəsini bitirib. Yeddi il Bakının orta məktəblərində müəllimlik edib. Son olaraq, 18 saylı Bakı şəhər orta məktəbində işləyib. Yeri gəlmişkən, hazırda bu təhsil ocağı şairin adını daşıyır.
Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeirilə başlayan şair lirik şeirlərlə yanaşı, bədii tərcümələrlə də zəngin söz xəzinəsi yadigar qoyub. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qursa da, amansız tale bu xoşbəxtliyə mane olub. 1938-ci il yanvarın 6-da isə şair repressiya maşınının qurbanı olub.
Məktəbin şagirdləri Əsmər Salamova və Sadiq Musazadənin aparıcılığı ilə baş tutan tədbirdə Müşfiqin şeirləri ilə yanaşı, əsərlərinə bəstələnmiş mahnılar da səsləndi. “Sənə qurban…”, “Söylə?!” və digər mahnılar Fatimə, Günel və Valentinanın ifasında xoş ovqat bəxş etdi. Şairin dillər əzbəri olan və nəcib duyğular oyadan “Yenə o bağ olaydı” şeirini Çilənay Babaşlı və Əyyub Vəliyev xüsusi zövqlə səsləndirdilər. Xalid Musazadə və Aysun İsmayılovanın canlandırdıqları Müşfiq və Dilbər obrazları şairin həyat eşqinin sönməzliyıni nümayiş etdirdi.
Müşfiq o sənətkarlardan idi ki, sovet dövrünün milli ənənə və musiqi alətlərini tənqid atəşinə tutduğu illərdə “Oxu tar, səni kim unudar?!”-deyə milli kökə sadiqliyini cəsarətlə bildirmişdi. Bu baxımdan ədəbi-bədii kompozisiyada Müşfiqlə (Xalid Musazadə) tarzən Qurban Pirimovun (Cəlal Mehdiyev) dialoqu xüsusi seçilirdi. Balaca Leylanın ifasında vaxtilə Müşfiqin dərs dediyi tibb elmləri doktoru Zəhra Salayevanın uşaqlıq obrazının canlandırılması da gözəl tapıntı idi. Əməkdar artist, müğənni Eyyub Yaqubovun ifasında çəkilmiş “Yenə o bağ olaydı” klipinin nümayişi isə Müşfiq poetikası ilə musiqinin vəhdətinin lirik örnəyi oldu.
Məktəbin fəal şagirdləri, Rübabə Məmmədzadə, Röya Şirinova, Mehrubə Abdullayeva və digərləri Müşfiq yaradıcılığında xüsusi yer tutan şeirləri səsləndirdikcə, o lirik misralar könülləri təkrar-təkrar fəth edirdi. Samirin ifasında anasını erkən itirmiş Müşfiqin “Ana” şeiri ədəbiyyatımızda ananı vəsf edən ən kövrək və təsirli sətirlərdəndir.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Məktəblilərin böyük sevgi və məsuliyyətlə hazırlaşdıqları tədbir maraqla qarşılandı. Uşaqların uğuruna ən çox sevinənlər arasında tədbirin hazırlanmasına rəhbərlik etmiş ədəbiyyat müəllimələri Familə Aslanlı və Rəfiqə İbrahimova, Nüşabə Sadıqova və Sevda Hacıyeva da vardı. Şagirdlərinin uğuruna nə qədər sevinmələrini, onların gözlərindəki kövrəklik qarışıq sevincdən duymamaq mümkün deyildi. Səhnə arxasında tədbirin bütün texniki təchizatına, musiqinin keyfiyyətli səslənməsinə nəzarət edən, on birinci sinif şagirdi Nəsib isə uğurlarına görə müəllimlərinə minnətdarlıq dolu baxışlarla baxırdı.

Məktəbin direktoru Leyla Məmmədova tədbirin təşkilində əməyi olan şagirdlərə, pedaqoji kollektivə və tədbirdə iştirak edən qonaqlara təşəkkür etdi. Bildirdi ki, Müşfiq yaradıcılığı ədəbiyyatımızda özünəməxsus yer tutub və hər zaman da belə olacaq. Tədbirdə çıxış edən Nizami Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ədəbiyyatın insanların dünyagörüşünün formalaşması, mənəvi dünyasının zənginləşməsində mühüm rolu oynadığını vurğuladı. Bildirdi ki, Müşfiq, eləcə digər ədəbi şəxsiyyətlərimizin yaradıcılığına həsr edilən və gənclərimizin milli-mənəvi dəyərlərimizi mənimsəməsi, vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlər davam etdirilməlidir. Natiq həmçinin ədəbiyyat xadimlərinin yubileylərinin təntənəli şəkildə keçirilməsini dövlətimizin mədəniyyət və ədəbiyyatımıza olan diiqqətin bir nümunəsi olduğunu vurğuladı.
Müşfiqin nəslindən olan və vaxtilə 10 saylı məktəbdə dərs demiş qocaman müəllimə İzzət Əhmədova-İsmayılzadə hamıya təşəkkür etdi və şairin Novruz bayramına həsr etdiyi şeiri səsləndirdi. Milli Məclisin deputatı Sədaqət Vəliyeva bu ədəbi-musiqili tədbirin uğurlu alınmasında şagirdlərlə yanaşı, məktəbin pedoqoji kollektivinin də böyük əməyi olduğunu vurğuladı. Bildirdi ki, dövlətimizin təhsil və gənclər siyasəti onların məhz bu cür vətənsevər, yüksək dünyagörüşlü və intellektual olmaqla yanaşı, milli dəyərlərinə bağlı vətəndaş kimi formalaşmasına xidmət edir. Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı başladığı siyasət bu gün də uğurla davam etdirilir və öz bəhrələrini verir. AMEA-nın elmi işçisi Sevil Zülfüqarova, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev və digər natiqlər Mikayıl Müşfiq yaradıcılığının ən ülvi duyğuların, saf sevginin, vətən¬se¬vər¬lik hisslərinin tərənnümü baxımından örnək olduğunu bildirdilər.
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?” – deyən Mikayıl Müşfiqin poeziyası daim yaşayacaq və yaşadıqca da könüllərə ülvi duyğular bəxş edəcək…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.