Ana səhifə YAZILAR Qırxıncı qapının astanasında

Qırxıncı qapının astanasında

Müəllif: Bizim Yazı
406 baxış

Bu yazı Səlim Babullaoğlunun 40 yaşına yazılıb

Elxan Zal QARAXANLI

Səlim Babullaoğlu bu gün ədəbiyyatımızda öz üslubu, öz mövqeyi, öz sözü olan yaradıcı adamlardan biridir və belə adamlar heç də çox deyil. Bu gün Azərbaycan cəmiyyəti neft və qaz fontanlarından ilhamlanaraq bir ədəbiyyat bumu yaşasa da, minlərlə yazıçı və şairimiz, yüzlərlə ədəbiyyat sahəsində prezident təqaüdçümüz olsa da, ədəbiyyatı yaradanlar elə də çox deyil və onlar heç zaman çox olmayıblar. İndiki “kütləviləşdirilmiş ədəbiyyat”  dönəmində onlar kütlənin fonunda nəhəng görünməsələr də, Azərbaycan ədəbiyyatının istiqamətini, axarını müəyyən edən əsərlər ortaya qoymaqla nəhəng bir iş görürlər.
Səlim Babullaoğlu da bu adamlardan biridir.
Öncə söylədiyim kimi onlar elə də çox saylı deyil və onların adlarını burada sıralamaq da olar. Amma şair dostumun ad gününə yazdığım bir yazının hay-küyə çevrilməsini istəmirəm. Onsuz da hamı hər şeyi yaxşı bilir…
Səlim ədəbiyyata  XX əsrin 90-cı illərdə gəlsə də, onun poetik istedadı XXI əsrin əvvəllərində daha qabarıq göründü. Onun “9-cu hissə” adlı uzun bir şeiri dərc edildikdən sonra, ədəbi cameə ədəbiyyatımıza ciddi və geniş poetik nəfəsi olan bir şairin gəlişini gördü. “9-cu hissə”ni uzun şeir adlandırsalar da, məncə o daha çox kiçik poemadır. Həmin dövrdə hələ “ədəbiyyat bumu” başlamamışdı və bu əsər əsasən mütəxəssislər arasında müzakirə olunurdu. Xalq şairi Fikrət Qoca “9-cu hissə”dən geniş bir yazı yazsa da, bütün yaxşı əsərlər kimi, ədəbiyyat adamları tərəfindən yüksək qiymətəndirilsə də, bu əsər də bu günə kimi cəmiyyətdə elə geniş rezonans doğurmadı. Bu bəlkə də belə olmalıdır, çünki cəmiyyətin ən nifrət etdiyi şey öz eybəcərliyini görməkdir.
“9-cu hissə” yeni Bakının dastanıdır. Göydələnlər cəngəlliyinə çevrilən Bakının, dolların allaha çevrildiyi Bakının, milyonların arasında insanın tək qaldığı Bakının. Bizdə köhnə Bakıya, Sovet Bakısına minlərlə əsərlər yazılıb və yazılmaqdadır, amma yeni Bakının, vəhşi kapitalizmin ilk illərini yaşayan Bakının poetik obrazını yaradanlar cəmi bir necə nəfərdir və Səlim onlardan biridir. Artıq köhnə Bakı yoxdur, bizim gəncliyimizin kafeləri, küçələri, parkları yoxluğa qovuşdu, onlar Anarın, Eıçinin, Sabir Əhmədovun, İbrahimbəyov qardaşlarının əsərlərində qaldı. Və nə yaxşı ki, belə əsərlər var, çünki nə zamansa, kimsə bu şəhərin itmiş xatirələrini diriltmək həvəsinə düşə bilər və bu əsərlər bunun üçün qiymətli mənbədir. İndi İspanyanın bir çox şəhərləri “Don Kixotda” təsvir olunduğu kimi dizayn olunur. Traktirlər, qonaq evləri o dövrün havasını yaşadır üzündə. Buraya gələn turistlər bir anlıq da olsa böyük Lamançlı cəngavərin dönəmində yaşamaq istəyir, don Kixotun içdiyi parçlarda pivə içirlər. Bakıda isə Üzeyir Hacıbəyov və Səməd Vurğundan, Hüseyn Cavid və Qara Qarayevdən yalnız cansız muzeylər qalıb. Onların Bakısı çoxdan heçliyə qovuşub. Elə bizimki də bitir. Səlim Babullaoğlunun “9-cu” hissədə təsvir etdiyi və sənət adamlarının daim yığışdığı “Şirzadın kafesi`” də artıq yoxdur. O da Səlimin yazılarında bir xatirə kimi qalacaq.

Doğrusu masalar çəkdi məni bu kafeyə, masalar,
masalar üstündə əşyanı düz saxlar,
yəni ki, bir qismət duz-çörək kəsdinsə düz ol, pozma kəsməti.

Bu gün biz çox surətli bir zamanda yaşayırıq və bu zamanın nəbzini, ritmini tutmaq elə də asan məsələ deyil. Yaşadığımız cəmiyyətdə ayaqda qalmaq üçün yeganə yol hadisələrlə bərabər addımlamaqdır. Bunu bacarmayanlar gedib ya bomj olur, ya da yazıçılığa qurşanıb filisofluq edir. Belə bir zamanda hadisələri qabaqlayıb onu təsvir etmək böyük istedad və qabiliyyət tələb edir. Səlim bunu bacardı və dəbdəbəli kafelər, supermarketlər və bank binaları bolluğunda öz tənhalığında yaşayan insanın dastanını yaratdı. Bizim hamımızın dastanını. Çünkü bu vəhşi cəmiyyətdə hamımız təkik və hərə öz yalnızlığını bir cür yaşayır. Məsələn,  Həmid Herisçinin qəhrəmanları öz yalnızlıqlarını hamıya nifrət etməklə ovudurlar, “Torqovı peyzajı”nın qəhrəmanları özlərini şərab və qadında tapırlar, Səlimin qəhrəmanı isə daha çox Hüseyn Cavidin Azərinə bənzəyir. O müşahidə edir və yalnızlığını öz içində yaşadır. O hər yerdə təkdir,  “Torgovı”da ən bahalı geysilərini geyib gəzişən izdihamın içində, metroda, teatroda, kafedə, parkda, fontan kənarında, bulvarda və hər yerdə…

Hamının içində miskin qələbə, tələskən söz var.
Pilləkən mənzil başına çatanda qırışın açılar. Qaçarsan.
Təksən.

Əlbəttə, Səlimin yaradıcılığını yalnız “9-cu hissə”lə şərtləndirmək düz olmazdı. Onun özünəməxsus və maraqlı poeziyası var ki, bu barədə geniş söhbət açmaq olar, amma bu yazının məqsədi o deyil.  Qısa şəkildə onu deyə bilərəm ki, onun ifadə tərzi, dünyaduyumu fərqlidir, o təbiəti, hadisələri, insanları həmişə kənardan müşahidə etməyə çalışır və onların mahiyyətindən, içindən söz açmağa çalışır. Məsələn, “Avqust” silsiləsini buna misal göstərmək olar. İncə müşahidə, realist təsvir və hadisələrin mahiyyətini görmək cəhdi. Mən Səlimin poeziyasını belə xarakterizə edərdim.  Bu cəhətinə görə məncə onu iki böyük rus şairi ilə maqayisə etmək olar. Onda Boris Pasternak müşahidəsi ilə İosif Brodskinin hadisələrin təsfir forması çulğaşıb. Bir az da Çeslav Miloşun pessimizmini hiss edirəm onda, çünki Miloşun “Avropa uşaqları” ilə bu günkü “Azərbaycan uşaqları” arasında elə bir ciddi fərq yoxdur.  Onların hər ikisi yaşadıqları cəmiyyətin günah hissi ilə yaşayırlar. Onlar böyük şəhərlərin kiçik insanlarıdır, postmodern cəmiyyətin törəmələridir. Əlbəttə Azərbaycan hələ postmodern cəmiyyətin astanasındadır, böylə bir cəmiyyət hələ burada formalaşmayıb, amma onun illüziyaları ilə yaşayan bütöv bir nəsil var. Bu nəslin illüziyaları ilə real gerçəklik fərqli durumdadır, amma bu nəsil israrla xəyallarını gerçəkləşdirməyə çalışır. Onlar virtual dünya ilə Azərbaycan adlı bir dünyanın arasında yaşayırlar və Azərbaycanı virtual dünyanın bir hissəsi kimi dərk edirlər. Get- gedə onların ortaq estetik dəyərləri formalaşır və bu dəyərlər sənətdə və ədəbiyyatda öz əksini tapmaya bilməz. Məncə yaşlı nəslin bu günkü müqaviməti də keçəri xarakter daşıyır. Artıq həyatın bütün sahələrində yeni Bakının dastanı yazılmağa başlayıb və onu inkar edənlər  inkar olunanlar ola bilər.  Hər çağın öz havası çalınır və şair Səlim Babullaoğlu yeni çağın havasını yaradanlardandır. İstər yaradıcılığı ilə, istər yaşamı ilə. Onun bütün fəaliyyəti yeniliklər havasının köklənməsinə xidmət edir. Dünya ədəbiyyatından etdiyi tərcümələr də, yazdığı esselər də, götürdüyü müsahibələr də.
Səlim Babullaoğlu ədəbiyyatla, şeirlə yaşayan adamlardandr. O yatanda da bu barədə düşünür və yəqin ki, bir əsər misali uyqular görür. Bir vaxt “azadlıq.org” saytında Rövşən Qəmbərovun bir Amerika müəllifindən tərcümə etdiyi bir yazı oxumuşdum. Yazıda diqqətimi iki əsas iki detal cəlb etdi. Birincisi Amerikada şeir ölür və ikincisi şeirin öldüyü ölkədə bir ədəbiyyat sevdalısı poeziya jurnalına 200 milyon dollar yardım edib. Buradan belə bir paradoks hasil olur: yəni doğrudanmı poeziya jurnallarına 200 milyon dollar keçirənlərin ölkəsində poeziya öləcək? Özü də həmin ölkə mühacirlər ölkəsidir. Onlar hər şeyi idxal etməyi bacarırlar. Mənim bildiyimə görə Ruminin ən çox oxunduğu olkələrdən biri Amerikadır. Praqmatizmi ilə seçilən Çin və Yaponiyada poeziyaya xüsisi önəm verilir. Azərbaycanda isə poeziya jurnallarına bir qəpik də verən yoxdur. Amma poeziya yaşayır. Çünki nə qədər Səlim kimi insanlar var,  şeir öləsi deyil.
Mən azərbaycanlıların “şair xalq” olması mifinə inanmıram. Çünki adi ruslarla müqayisə edəndə görürsən ki, bu belə deyil. Amma poeziya əsrlərlə dövlətçiliyi olmayan bu xalqın var olmasının əsas təminatçısı olub. Elə indi də olaraq qalır. Ömrünün dördüncü on illiyinə qədəm basan şair dostum Səlim Babullaoğlu da bu təminatın möhkəmlənməsində ömür fəda edənlərdəndir. 40 özlüyündə mistik bir rəqəmdir. Məhəmməd əleyhüssalama da peyğəmbərlik 40 yaşında verilmişdi. Bir çox şair və yazıçılar öz şah əsərlərini məhz 40 yaşından sonra yazıblar. Bizim nağıllarımızda qəhrəmanlar bütün süalların cavabını 40-cı qapının arxasında tapır. 40 yaşı tamam olan Səlim də indi qırxınçı qapının actanasında dayanıb. O tayda sirli bir aləm dayansa da, şairlər sirləri əyan edənlərdəndir. Qırxıncı qapının astanasını adlayan Səlim Babullaoğlu yeni bir çağın mistikasına qovuşmaqla, bizi yaradıcılığının daha mistik qatları ilə tanış edəcək yəqin.
Poeziyanın nəsrdən fərqi də ondadır ki, burda həmişə mistik bir sirr var və adamlar min illərdir bu sirrin sehrinə düşməkdən doymurlar.  Allah ömür versin, qardaşım, bizi yeni yazılarınla sevindir. Yeni Bakının dastanı hələ indi başlayır.

***

“BizimYAZI”-dan:

Yubilyarı, sayğıdəyər dostumuzu təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.