Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Naxçıvana səfəri ilk anlardan böyük ictimai maraq doğurdu.
Bütün digər hadisələrin içində səfərin çox incə, mənəvi bir xətti də vardı. Bəli, söhbət, Möminə Xatun məqbərəsindən, Əcəmi Naxçıvaninin heykəkinin açılışından, ümumən Naxçıvan memarlıq məktəbindən gedir. Əgər bir şəhərdə 900 yaşlı bir memarın abidəsi ucaldılırsa, yaxın-uzaq həndəvərdəki bəzi dövlətlərin yaşı heç 450 il etmirsə, bunlar bizi qürurlandırmaqla birgə gələcəkyönümlü düşüncələrə, hər kəsi idraka da sövq edir…
Prezidentin sosial-iqtisadi, hərbi və enerji layihələri ilə yanaşı tarixi-mədəni irsin qorunmasına ayrıca diqqət yetirməsi dövlət quruculuğunun yalnız beton, dəmir və texnologiyadan ibarət olmadığını açıq-aydın göstərir.
Prezidentin AzTV-yə Naxçıvanda verdiyi müsahibədə səslənən fikir bu baxımdan səfərin kulturoloji açıqlaması sayıla bilər: görülən bütün işlərin təməlində milli kimliyimiz, milli ruhumuz, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız və tariximiz dayanır.
Bax, bu, əslində, çox böyük dövlətçilik formuludur. Çünki
yol çəkib yaddaşı itirmək inkişaf sayılmaz;
elektrik istehsal edib milli ruhu söndürmək qabaqcıllıq deyil və şəhər qurub tarixini dağıtmaq çağdaşlaşma ola bilməz.
Azərbaycanın seçdiyi model başqa modeldir. Həmin modeli bir cümləyə sığdırsaq, bu, keçmişi qoruyaraq gələcəyi qurmaqdır!
Əcəminin Möminə Xatunu ilə çağdaş sənaye parkının eyni dövlət proqramında, eyni səfərin gündəliyində görüşməsi məhz bunun rəmzidir.
Naxçıvandan Türk dünyasına doğan ədəbiyyat günəşi Hüseyn Cavidin ismarıcı yenə də güncəldir:
Turana qılıcdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI

