Ana səhifə YAZILAR Qaralanmış kağızlar, qırılmış qələm…

Qaralanmış kağızlar, qırılmış qələm…

Müəllif: Bizim Yazı
890 baxış

Cavid ŞÜKÜROV

YAĞMUR

(Səbinənin istəyi ilə…)

Yağış yağır. Fikirlərim düşən damlaların sıçrantıları kimi darmadağın… masada kirli qablar, əzik-üzük, qaralanmış kağızlar, qırılmış qələm… Və pırtlaşıq saçlı bir başın divara düşənkölgəsi… Və pəncərəni yağış döyəcləyir. Dam… dam… dam…
Ətrafdahər şey Səni xatırladır. Çərçivədən mənə gülümsəyən şəklin, Sənə ünvanlanmışgöndərilməyən məktublar… Hələ yağış… dam… dam… dam… Və mən darıxıram. Mənim da-rıx-mam, Sənin yox-lu-ğun yağışla həmqafiyədi: dam… dam… dam…
Yağmur damlayır, xatirələr çözülür. Gülüşlərin, saçların, gözlərin… sözlərin, SƏN… Dam… dam… dam…
Yalnızlıq qapımda it kimi ulayır. Qapı dəstəyi kimi darıxıram Səninçün. Gəlmirsən…
Yük yerindəki ehtiyat təkəri kimi yalnızam. Yoxsan. Olmadın. Olmamısan. Amma, bax, burdasan, yanımda. Əlimi uzatsam çatar. Əllərinə toxuna, gözlərində boğula, saçlarına dolaşa, kipriklərində üsyançı kimi asıla bilərəm. Amma olmaz, olmamalıdı. Bu, “olmazların” dünyasıdı, bizim deyil. Gəl, gedək buralardan, çayımız yarım, gülüşümüz gözlərimizdə, sözlərimiz dişlərimizin arxasında qalsın…
Xəyaldı…
Payız cançəkişir. Yağış dayanmır. Dam… dam… dam… Damlalar öyüd verir:
Sev… Məsələn, yağmuru, səmanı, payızı…
Sev… Məsələn, Tanrını, yaradılışı…
Sev… Məsələn, məni…
Yağış güclənir…
Gecələriköhnə mesajları oxumaqla keçirən adamam mən – sevməkdən başqa günahı olmayan.Oysa, ən böyük günahmış sevmək. Qarşılıqsız sevənlər hamısı sorğu-sualsız cəhənnəmlikdir: “əşi, əzaba öyrəşiblər, cəhənnəm vız gəlir bunlara. Nə sorğu-sual bu vur hayda?!” – deyib atacaqlar cəhənnəmə…
Yağış damlaları hakimin çəkici kimi səslənir. Dam… dam… dam…
Həmişə “anıyaşayın” demişəm. Sənsizliyi yaşamaq olmur, axı, Sevdiyim. Elə bir dərddir ki,yağış yumur, qar örtmür. Yağışsa yağır, yağır… dam… dam… dam…
Yalnız olmamalı insan. Xromosomlarımız belə, cütdür. Bax, indi yağmaqda olan yağmur damlaları da bir-birinə həyandır, Sənhardasan?! Xoşbəxtsənmi, gülümsəyirsənmi,özlədiklərin, gözlədiklərin kimdir?! Sevirsənmi, sevilirsənmi?! Neynirsən,axı?! Hə, yadıma düşmüşkən. Soyuğa da davamın yoxdu. Tez soyuqlayırsan. SənAllah, barı əynini qalın geyin, gecələr yorğanın ikisini ört, soyuq su da içmə. Həmişə öz bildiyini edirsən. Heç olmasa, bu dediklərimə qulaq ver, zalım qızızalım… Şəklinə qədər susursan. Pəncərə şüşəsini örtən buğda görünən xəyalın dadodağından qıfıl götürmür. Yağış nə deyir, görəsən?! dam… dam… dam…

***
Buludlar bir-birini qovur. Göyün üzü açılır. Ulduzlar suda boğulub, deyəsən, görünmürlər.Yağış səngiyir. Daaammm… daaammm… daaammm…
Hardasa bir sərxoş yumruğunu masaya çırpır. Daaammm… daaammm… daaammm…

19.12.2013, 04:06.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.