Ana səhifə BAŞ YAZI Qəlbimi dinlə…

Qəlbimi dinlə…

Müəllif: Bizim Yazı
1. 413 baxış

Türkiyəli şairə Azərbaycanlı şairənin təqdimatında:

Əminə UYSAL Türkiyənin Salihli şəhərində yaşayır. O yaşadığı həyatı, müşahidə etdiyi olayları şeirlərində, öykülərində əks etdirir. Kövrək və səmimi insandır, bu onun yazılarında da hiss olunur. Onun şeir dünyasından bir neçə örnəyi oxuculara ərmağan edirəm.

Nazilə GÜLTAC

LEYLƏK

Baharın müjdəçisi,
Damların kamançısı, leylək.
Duydum,
rəvayətə görə
uşaqları sən gətirmişsən.
Boş ver, leylək,
gətirəcəksənsə,
yeni bir eşq gətir.
Körpəni bu dünyaya
mən özüm gətirərəm…

GÖZ YAŞI

Gözlərində göz yaşı olsaydım,
axmazdım.
Kirpiyindən asılıb
gözlərinə baxardım.
Bağrımdakı tikanını
qoparmazdım.
Çiçəyindən çələng hörüb
saçlarıma taxardım.

Dəli sevdam ürəyimdə durduqca,
Həsrətin zəncirini qırdıqca,
Ürəyimin telləri eşqin ilə dindikcə,
Nəğmələri sənin üçün yaxardım.

Dünyaya meyl etməzdim,
həyat sənlə son bulsa…
Sultan olsan könlümdə,
gündüzüm, gecəm olsan,
Damla-damla sızaraq,
qəlbimə sevgin dolsa,
Həsrətindən sel olub
sənə doğru axardım.

SƏRÇƏ

Söyüd ağacına qonan sərçə,
Bəri bax, məni dinlə.
Əsla,
heç vaxt aşiq olma
köçəri quşun birinə…
Onlar dayana bilmir fırtınalara,
soyuqlara.
Əgər sevsən,
atəşində
sən özün yanacaqsan.
Qəlbimi dinlə…

SEVGİ SƏFƏRİ

Elə gəlib, belə getməsin artıq,
Könüldən sevəcək yar olsun mənə.
Üç gündə bezikib, getməsin artıq,
Qəlbimi yandıran qor olsun mənə.

Sevda yollarına yazıldı adım,
Könlümün eşqini gəzdim, aradım.
Yara qovuşmaqdı, ən son muradım,
Bu yoldan dönərsəm, ar olsun mənə.

Edilsin yenidən sevgiyə səfər,
Vüsala yetməyən qalmasın nəfər.
Verdiyim sözlərdən dönərsəm, əgər.
Köksümün qəfəsi dar olsun mənə.

You may also like

1 şərh

Fəxri müslüm 2013-03-07 - 20:11

Fəxri Müslüm: Əminə Vüsalın şeirlərini Nazilə Gültacın təqdimatında dəyərli şair qardaşımız Əkbər Qoşalının “Yeni Azərbaycan” qəzetində ədəbiyyat səhifəsində oxumuşdum və bir daha oxudum çox feyziyab oldum. Hər iki xanımı 8 mart Beynəlxalq qadınlar münasibətilə təbrik edir can sağlığı arzulayıram. Dəyərli qardaşmıza da əməyinə görə təşəkkürlər edirəm.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.