Ana səhifə BAŞ YAZI Qəmin çiçəklənən düzənliyində…

Qəmin çiçəklənən düzənliyində…

Müəllif: Bizim Yazı
92 baxış

 

Karol Voytıla –
mərhum Roma Papası II İohan Pavel – filosof, dilçi, aktyor, dramaturq və müəllim olmaqla bərabər, həm də bir polyak şairi idi.

Onun şeirlərindən örnəkləri şair-çevirmən  Rəfail Tağızadənin təqdimatında BizimYAZİ oxucularının diqqətinə sunuruq:

 

 

Polyak şam ağacına

Üzümlük, ətirli portağallar bitdiyi yerdə,
Sən ey mənim, sadə evim, Zakopane şam ağacım,
Ana və bacılardan qoparılmış can
Yad bağın ortasında yetim kimi dayanmısan.

Sən mənim gözlərimdə xoş bir qonaq kimisən,
Çünki mənim kimi eyni taleyi yaşayırsan sən,
Və mən də uzaq ziyarətdə,
Və mənim də ömrüm sona çatır yad yerlərdə.

Yadların qayğısına baxmayaraq, niyə,
İtirdin qüvvəni, boy atmadın bir kərə?
Burda günəşin də bahar şəbnəmi var,
Lakin budaqların cansız sallanıb qalar…

Sədaqətli ağac!
Solursan.
Qəmin çiçəklənən düzənliyində quruyursan anbaan,
Səninçün Vətənsiz həyat yoxdur, inan.

Ölü düşəcəksən!
Tab gətirməyəcəksən həsrətə, sürgünə,
Dözməyəcəksən payızın və qışın çiskininə
Yad torpaq dəfn edəcək səni.
Mənim ağacım.
Mən səndən daha xoşbəxt ola bilərəmmi?

İztirab

„Çox vaxt hisslərin iztirabı
havanın və ya bədənin
istiliyini ölçən
civə sütunu ilə ölçülür–
lakin iztirabın yükünü
başqa cür ölçmək gərək…
(axı sən
öz işlərinin məhvərində olmusan).
Kaş ki anlaya biləydin
bu işlərin məhvərinin Sən olmadığını,
o məhvərin sevgi tapa bilmədiyini-
kaş ki anlaya biləydin.

Axı nəyə gərəkdi insan ürəyi?

Kainatın hərarəti və insan ürəyi– və civə.”

“Sevirəm səni…”

Sevirəm səni, ətirli saman, çünki səndə
tapmışam yetişmiş sünbüllərin qürurunu.
Sevirəm səni, ətirli saman, sən ayaqyalın
uşaqları qucaqlayıb qoynunda sığallayırdın.
Sevirəm səni, dözümlü ağac, çünki sən
yarpaq tökümünü gizlədirdin.
Sevirəm səni, dözümlü ağac, çünki sən Onun çiyinlərini
budağın üstündə donmuş qanlı qarda gizlətmisən.
Sevirəm səni, işıqlanan buğda çörəyi,
bir anlığa ləngiyən əbədilik
gizli cığırla
bizim sahilə üzüb gələcək.

***

Uşaqlar
Kimsə uzun müddət
başımın üstündən aşağı boylanır
Ana
Sevgi mənə hər şeyi anlatdı…
Stanislav
Dostdur…
Mən səni sevirəm…
Aram-aram sözlərlə…
Ölümlə dolu an üçün…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.