1
Bir buludun uzatdığı əllərindən tutub keçirəm küçələrindən ötükənin
cibimdə ay ulduzlu bir qolbağı
tapsam bir asenanın alnından öpüb qoluna taxmalıyam
aç aç qapılarını ey ərdəbil
mən savalanda yuxuya gedən sevgilinəm
tanrılar səni mənə yazıblar
uçmağım sənsən
minsəm atıma can boğazıma çatana kimi kin qusmadan gülməliyəm
sunsam sənə ən bilgə sevdalarımı
abbas lisani yumruqlarımı sıxıb ayaqda durmalıyam
ən sarsaq nağılını danışıb yağı illərlə
dinlə
mək
dən
dən
dən düşüb saçlarıma
dan dan ağarmağımı
gözləmişəm sabahlarımı
don don vurub
keyiyib ciyərlərim
soluq soluğa qalmışam
qırmızı almalarını mən almışam
ərdəbil
qapının üstündə asdığım qoçbaşının altında gizlətmişəm
anam babam
ərdəbil
sel suyunda yuyunan qoroğlular
tamusuna qonaq getməz
tamusundan tikə parça çıxarar qısır zəhmini yağının
Mənim ötükənim sənsən ərdəbil
2.
burur buram buram
burulur burma burma
budundan bucaq bucaq
busatlanır budaq budaq
bayraqların
babam ərdəbil
ayı ayırıb ayrılıqlardan
arındırmışam
damdar dalanlarından daşıb
dağının daşının dolaylarında dizginlərimi
darandırmışam
öy öy öyrədib
köy köy göyrədib
soy soy söylədib
bağrımın başında
barındırmışam
babam ərdəbil
nənəmin nənni nənni
yelləyib yellə yuğladığı
bitiklərim bəlləyində bağlanar
saxsı saxsı salar sağuları saxlanar
oxay oxay ovurdları
oğlanların ovuclarında oxlanar
yadım yaddaşım
qurdum qurddaşım
yazımsan yazıtımsan
babam ərdəbil
üzündən üzüntüləri
silmək saatıdır
BABAM ƏRDƏBİL
3.
Bir qatar gedirdi yolçuların tanrıları əllərində
bir kölgə sürünürdü arxalarınca turuncu axşam üstülərində
Bir vağzalın alnından öpürdüm özümə sıxıb
kənardan baxanlar deyirdilər dəlidi e
əllərini gicgahlarına qoyub
açar kimi iki dəfə də bururdular hələ üstəlik
bilmirdilər ki mən sənə həsrətimdən belə edirəm
ah anam babam ərdəbil
qara gəlsin yığvalları
boş qalsın qara qara çalmaları
həsrət qoydular səni mənə
küçəmdən bir maşının keçsə tozuna bələnirəm
toxum düşür bədəninə
qaçışır bitiklərim evlərinin arasıynan
qələmim qapılarından söz dilənir
bir maşın pul verirlər saçı saqqalı pırtdaşıq bu qoca qorçubaşına
ehhhhhh çalmaları boş qalsın
almaları dərilməsin
çürüsün budaqlarında
anam babam ərdəbil
məni sənə həsrət qoyublar
