Ana səhifə YAZILAR Debüt: Kənan AYDINOĞLU (Murğuzov)

Debüt: Kənan AYDINOĞLU (Murğuzov)

Müəllif: Bizim Yazı
163 baxış

(1989-cu ildə Bakı şəhərində doğulub.

Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin məzunudur.)

DÜNYANIN GÖZƏL ŞERİ YUNUS ƏMRƏDƏN GƏLİB

Dastanlar bu torpağa düzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Göz yaşına çevrilib süzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

“Subhənallah” deyincə nurlu gözləri dolan,
Ruminin məclisində yenə ilk bahar olan,
Dərin bir fəlsəfənin qaranlığına dalan,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

Hər misrası gövhərdən, torpaqdan daha dolğun,
Yanaqları lalədən, incidən daha solğun.
Türkün övladı yenə baxanda oğrun-oğrun,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

İllərin arxasında candakı ruhu gördüm,
“Qurani-Kərim”də mən Adəmlə Nuhu gördüm.
Harayı ərşə çatan fəğanla ahu gördüm,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

Əhmədin məktubları sızıldadı tar kimi,
Bağlandı Haqq dininə Haqqı sevən yar kimi.
Allahı sevən qəlbə ələndi bir qar kimi,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

Dağılanda gözümdən həsrət, ayrılıq, kədər,
Sevdim Anam torpağı axan göz yaşı qədər.
Bir elə, bir obaya yayılsın bu xoş xəbər:
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

EY MƏNİM YUNUS ƏMRƏM, SƏNƏ SALAMLAR OLSUN!

            XIII yüzil Ön Asiyada  ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla!

Qaramandan, Ərzurumdan, ey Oğuz dillərinin
Böyük şairi YUNUS, sənə salamlar olsun!
ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,
MÖVLANA məclisində HAQQı deyən söz olan.
Çəkib həsrətin yenə çiçəklər kimi solan,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

HAQQın dininə yenə HAQQ kimi baxıb gələn,
SARIKÖYdən yoğrulub su kimi axıb gələn.
“ALLAHU ƏKBƏR” sözün bayrağa taxıb gələn,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

HAQQın DİNi nur kimi dünyaya ələnəcək,
HAQQ AYƏSİn dinləyib körpələr bələnəcək.
Dünyanın şər, böhtanı gün gələr mələnəcək,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

HAQQ dastanla yağının qəlbini dələn zaman,
KONYAda mədrəsəni bitirib gələn zaman.
Bir nur olub sufinin qəlbinə ələn, zaman,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

Qoşma, gəraylılarda yağının gözün oyan,
Gözləri HAQQ DİNİNDƏN tarix boyunca doyan,
“RİSALƏTÜN-NUSHİYYƏ”, “DİVAN”ı miras qoyan,
Ey mənim YUNUS ƏMRƏM, sənə salamlar olsun!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.