Ana səhifə BAŞ YAZI ÖMÜRmü söyləyim, CƏZAmı deyim?!.

ÖMÜRmü söyləyim, CƏZAmı deyim?!.

Müəllif: Bizim Yazı
1. 023 baxış

 

Namiq HACIHEYDƏRLİ

SƏNİN

Sənə qədər deyim, qəzamı deyim?
Kim qurdu bu oynu, nizamı deyim…
Ömürmü söyləyim, cəzamı deyim,
Nə gördüm bu sirli köçündə sənin?!

 

 

Çeşid-çeşid dərd bitirən zəmisən,
Bəxtəvər eylədin söylə kimi sən?!
Alovdan qaralan təndir kimisən,
Alışıb yanıram içində sənin.

Doğrular yerimir, yalan ağladır,
Nadan əzab verir, bilən ağladır.
Doğulan ağlayır, ölən ağladır;
Bir şeydi gəlişin, köçün də sənin.

Səni dəyişmədi peyğəmbər, nə din,
Şərə boyun əydin, iblisə yendin…
Dünya!
Nə zamandı, bu necə gündü;
İtibdi mizanın, ölçün də sənin…

Yolumda yel əsdi, sellər çağladı,
Sevincə vardıqca, qəm qabaqladı.
Üzüm güləndə də içim ağladı,
Varın da nağılmış, heçin də sənin…

Ömürmü söyləyim, cəzamı deyim,
Nə gördüm bu sirli köçündə sənin?!

12.08.2011

SƏNİ NECƏ SEVMƏYİM?!

Zaman rastlaşdımı sən tək birinə?!
Sözdən deyil, gözdən anladın məni.
Yanlışım olanda qınaq yerinə,
Məsum bir baxışla danladın məni;
Səni necə sevməyim?!

Barmağım ağrısa, qəlbin sızladı,
Kövrək anlarımda doldu gözlərin…
Xəstə günlərimdə dərmandan qabaq,
Məlhəmə çevrildi şirin sözlərin.
Səni necə sevməyim?!

Sən mənə, mən sənə könül verəli,
Yoluma nur saçan çırağım oldun.
Qohumdan, qardaşdan, dostdan irəli,
Sirdaşa çevrildin, dayağım oldun.
Səni necə sevməyim?!

iyul 2011

MİLLİ KİMLİK

-Adın nə?
-Sədrəddin!
-Atanın adı?
-Bədrəddin!
-Soyadın?
-Kəlbiyev!
-Ərəbmisən?
-Türkəm! Niyə ərəb olum?!
-Adın ərəb, soyadın ərəb, atanın adı ərəb
Rusca doğuldun, ingiliscə yaşarsan,
ərəbcə öləcəksən…
Türklüyün harda qaldı?

-Adın nə?
-Elxan!
-Atanın adı?
-Oğuz!
-Soyadın?
-Ərsoy!
-Milliyətini sormaya gərək yox.
Türk olduğun adından bəlli…
…millət öz keçmişini,
hələ daşlayır bala.
Milli kimlik soyaddan
addan başlayır bala…

28.07.2011

You may also like

2 şərh

Habil Yaşar 2011-08-16 - 15:09

Əla şerlərdir Namiq bəy…

Cavab
Samire Hasan 2011-10-09 - 22:35

Biri birinden gozel. ureyimizin en derinliklerinden xeber veren sheirlere gore minnetdariq deyerek, bu gozel sheirleri oxumaq furseti olmayib, sonra ne vaxtsa oxuyacaqlar adindan, oxuyub da, ureyinde min kere qelemine sagliq deyib onu yaziya donusdurmeyenlerin adindan danisma cesareti tapiram. Cunku eminem, bu sheirlerin gozelliyinden, her kesin ureyine xitab edebilecek gucunden eminem… Dunyanin sirrinden tutmus, sevdanin gozelliyine, kimliyimizin qorunmasina qeder gozel sheirlerin feyziyab edir…

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.