Ana səhifə YAZILAR O GÜN BiR GÜN GƏLƏCƏK…

O GÜN BiR GÜN GƏLƏCƏK…

Müəllif: Bizim Yazı
466 baxış

Afaq ŞIXLI

Axşamüstü idi. “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin növbəti toplantısından çıxmışdıq. Hava çox soyuqdu. Küləyin olmamasına baxmayaraq şaxta qılınc kimi kəsirdi.
Hörmətli qələm dostum şair Nəsib Nəbioğlu paltosunun yaxalığını qaldıraraq ətrafı diqqətlə nəzərdən keçirdi. Hər yer dümağdı. Həmişəyaşıl şam ağaclarının qar libası onları daha gözəl və möhtəşəm göstərirdi. Qarla örtülü kolların dibi naxış-naxış idi. Bu, nə qədər soyuq da olsa yenə də vətənini tərk etməyən sərçələrin kiçicik ləpirləri idi.
Nəsib müəllim dərindən nəfəs alaraq:
– Şairə, heç qışa, bu ağappaq pambıq kimi qara şeir yazmısanmı? – deyə soruşdu.
– Xeyir! – dedim. – Sevmirəm qışdan yazmağı. Bu mövzuda yalnız bircə şeirim var.  O mənalı-mənalı gülümsədi.
– Bilirsənmi, – dedi. Əminəm ki, Vətənə ömürlük qayıtdıqdan sonra yazacaqsan bunları. Hələ ki, həsrətdən, Xəzərimizdən, xəzrimizdən yazırıq.
Susdum. Bəlkə də, elə olacaqdı. Bəlkə də, nə zamansa, bu qədər gözəl və pak qarı mən də sevə biləcəkdim. Amma indi, bu söhbətdə məni sevindirən başqa bir şey idi – Nəsib müəllim mənə “qayıtsan” deməmişdi, “qayıdanda” demişdi. İnamla!
Deməli, o gün bir gün gələcəkdi. Mən buna inanmışdım!


You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.