Ana səhifə BAŞ YAZI Mən dünyanın çölü boyda deyiləm, Dünya mənim içim boyda görünür…

Mən dünyanın çölü boyda deyiləm, Dünya mənim içim boyda görünür…

Müəllif: Bizim Yazı
2. 225 baxış

Elməddin  NİCAT

QAYIT GƏL

Sən gedəndən məni təkcə görüb qəm,
Qapımızı döyür hicran, qayıt gəl.
Mən çıxsam da yaddaşından, yadından,
Sən çıxmazsan heç bir zaman, qayıt gəl.

Sən gedəli bağrım başı göynədi,
Yandı mən tək torpaq nədi, göy nədi…
O inciklik keçib daha köhnədi,
Kimdir səndən giley uman, qayıt gəl.

 

Elməddini qərq etmisən ünlərə,
Ya qismətdir: kim görməyə, kim görə…
Sevgi xatirinə ötən günlərə,
Bicə anlıq olaq mehman, qayıt gəl.

YERİSƏN

Sən tanrının son ümüdü,
Sonuncu güman yerisən.
Başa gələcək işlərin,
Ürəyə daman yerisən.

Ayrı xəyal dərk eyləyən,
Vaxtından tez tərk eyləyən.
Ürəyimin ərk eyləyən –
Küsüsüz uman yerisən.

Ömür sevgi nağılımı,
Hardan aldın sən ağlımı.
Aranın isti ilğımı –
Dağların duman yerisən.

YUXUMA
Elşən Əzimə  

Elşən Əzim, könlüm yaman darıxır,
Ana dağlar yenə girib yuxuma.
Pişvazımda dayanıbdı nərgizlər,
Bənövşələr xalı sərib yuxuma.

Məni görüb həsrət elə sozalıb,
Bahar deyir: dərdim, qəmim azalıb.
Göy yamaclar adaxlanmış qız olub,
Əhd bağlayıb könül verib yuxuma.

İtənlər tapılıb mənim olubdur,
Sevincim dərdimə qənim olubdur.
“Gəlinqaya”naz çəkənim olubdur,
“Qartalqaya” qanad gərib yuxuma.

Elməddini tərpətməyin, yatıb ki,
İstəyinə yuxularda çatıb ki!
Səhərlər elə bir zəhər qatıb ki,
Bu qaçqın yuxuma, qərib yuxuma…

DÜNYA İÇİM BOYDA

Ötən illər bir qərənfil həyatı,
Şən mahnılar oxunmamış bayatı.
Günü-gündən şaxələnib boy atır,
Dünya mənim içim boyda görünür.

Arzum dönüb yel aparmış əlçimə,
Uzağa yox, boylanıram içimə.
Ülgüsü var, uyğun gəlmir ölçümə,
Dünya mənim içim boyda görünür.

Bir sahilik ayrı tayda deyiləm
O günəşdə, mənsə ayda deyiləm.
Mən dünyanın çölü boyda deyiləm,
Dünya mənim içim boyda görünür.

Dünya tutmaz de kimdəki arzunu?
Boyundakı, biçimdəki arzunu.
Ancaq tutur içimdəki arzunu,
Dünya mənim içim boyda görünür.

YAŞADIM

Tanrının verdiyi ömrü,
Taleyin qəsdin yaşadım.
Bəzən coşdum haylı-küylü —
Bəzən də susdum, yaşadım.

Dünyanın dar dalanında,
Düz çıxdı tər dabanımdan.
Ən zəhərli ilanın da
Quyruğun basdım, yaşadım.

Səni sevdim, səni, qəsdən,
Çıx könlünə, məni səslə.
Ürəyimdən gələn səsdən
Özümü asdım, yaşadım.

QIZLARIN

Qarşımdakı dərd divar,
Mənim kimi dərddi var?
Qara-qara dərdi var
Sarı qızların.

Dağın bulud alayı,
Çıxır sinə dolayı.
Vüqarı – oğlan payı
Qarı qızların.

Çoxları incik yaşar,
Şeytanlıq, cinlik yaşar.
İçində gənclik yaşar
Qarı qızların.

ÇATMIR

Qəlbimdə cücərən toxum Allahın,
İlahi hisslərə qohum Allahın.
Çatır dərgahına ahım Allahın
Bir məndən aşağı, dolayı çatmır.

Bu səs o pərdədən yuxarı getmir,
Bu çayın o səmtə axarı getmir.
Hələ ki, çoxunun paxırı getmir
Hələ ki, çoxunun qalayı çatmır.

Tanrı, yan baxırsan niyə doğmana,
Bir özün çıxsana yiyə, doğmana.!?
Adına min şükür, saya daxmama
Qəlbi olmayanın sarayı çatmır.

Müqəddəs sevginin əzabı bəsim,
Gəl dərdim, gəl sənə bir qurban kəsim.
Bir aşkar həsrətə göynəyən kəsin,
Bir gizli ünvana harayı çatmır.
Şəmkir

You may also like

3 şərh

Namiq Hacıheydərli 2011-11-17 - 19:26

Var ol gənc şairimiz!

Cavab
Elməddin Nicat 2011-11-19 - 15:13

Çox sağ olun Namiq bəy təşəkkür edirəm. Burdan Əkbər bəyə də təşəkkür edirəm çox sağ olsun ki, qayğıların başdan aşdığı vaxt bizi yaddan çıxarmır.

Cavab
Rashad Jafarov 2012-11-23 - 00:17

Mən dünyanın çölü boyda deyiləm,
Dünya mənim içim boyda görünür.
vəya
Məndə sığar iki cahan, mən bu cahana slğmazam.
Gözəl misralardır! Uğur olsun!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.