Ana səhifə YAZILAR mən bir əbədi səyyah, sən də bir səhra gülü… – ŞEİRLƏR

mən bir əbədi səyyah, sən də bir səhra gülü… – ŞEİRLƏR

Müəllif: Bizim Yazı
131 baxış

Fəxrəddin ƏSƏD /AĞDAŞ

*  *  *
kağızdan qayıq düzəltdim
yad gözdən gizləmədən
üzüb getdi qayığım
heç məni gözləmədən

 

 

 

qarğıdan tütək yondum
yaralı səsi vardı
məndən sordu burada
bir Fəxrəddin yaşardı

üzüb gəldi qayığım
məni görüb ağladı
amma məndən ötərək
daşa könül bağladı

*  *  *
saatım divarda xofla səslənir
ayın pəncərəmdə baxışı bir sirr
gəl niyə gecikdin gülüm gecikdin
içimdə yenə də küləklər əsir

dibçəkdəki gülün boynu bükülü
divardakı rəsmin gözü kömürdən
bu gün mən gördüyüm atlar  mürgülü
yol ötən adamlar yorğun pəjmürdə

gəl başım bəlası, ağzımın dadı
ay bulud dalından baxır  gözucu
nədən səni sevmək nazını çəkmək
şeir yazmaq qədər şirin üzücü

*  *  *
üzü gündoğanacan
yol bu yordanım budu
mənim xəyallarım bu
məni yoranım budu

tutub getdiyim yolun
sonu görünmür gülüm
mən bir əbədi səyyah
sən də bir səhra gülü

yolu tutaraq getdim
baxmadan öz yaşına
xəyallardan gələcək
nə gələcək başıma

***
bu da bir qismətmiş yaşamışıq biz
bu da bir oyummuş sevgi oyunu
mən sənə nə deyim necə yalvarım
deyimmi dön qayıt göstər boyunu

elə bil hardasa baş girləmişik
sevgiyə sevməyə gec gəldik deyən
həsrətdi xəyaldı xatirələrdi
daha mən deyiləm qapını döyən

bir pöhrə ümidi gül açammamış
eləcə qurudu göyərdəmmədim
daşa üz tutsaydım daş da dinərdi
mən sənə sevməyi öyrədəmmədim

***
ruhlar kimi dolaşır
bu səhrada boz duman
boz dumanın içində
ilğıma dönüb güman

keçidlərdə atları
alıb apardı dava
bircə içimlik su yox
bir udumluq da hava

nə şöhrət nə sədaqət
nə yosundan bürüncək
gözləyirik suya dönsək
sarı qumlar sevinəcək

*  *  *
atam əriyib getdi
damcı-damcı
qətrə-qətrə
gilə-gilə

sonra anam əridi
qorxmayın
yaxşı olar deyə-deyə
gülə-gülə

indi də mən
hər şeyi bilə-bilə

*  *  *
yuxum gəlir
yuxulu boz kəpənək
özünü pəncərəyə çırpır
bu gecə yatmaq olmaz
xəyalımda qızıl almalar
içimdə dekabr soyuğu var
sən onda qar qız idin
mən şaxta babayam indi

*  *  *
bu gələn sənin mövsümün
bu gələn  sənin havandı
küləyi qurudur
ürəyimin şah damarını
al bıçağı
kəs ürəyimi dilim-dilim
üstünə qara-qara həsrət axar
kəsə bilməzsən
qara sevdanın çığırtısını

*  *  *
yasəmənlər yarpız qoxuyur
sənin qoxun gəlir yasəmənlərdən
baxdığım sular lilləndi
günəş kölgələndi bu səhər
bağrı çatlasın xatirələrin
küləklər təsəlli verir

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.