Ana səhifə YAZILAR “Mənə bir az ondan danış” deyən şairdən yeni şeirlər

“Mənə bir az ondan danış” deyən şairdən yeni şeirlər

Müəllif: Bizim Yazı
983 baxış

Vüqar RAHİ

SƏN..!

Böyüklüyün zərrələrə bölünübdü yenə bu gün,
Hara getsəm, harda olsam rast gəlirəm sənə bu gün,
Ya sənə bir şey olubdu… ya bilmirəm mənə bu gün

Nə olub ki, dayanmadan eyni kəsi mən görürəm?!
Bu gün hara baxıramsa hər yerdə bir sən görürəm.

 

 

Deyirsən ki, unut məni, bu eşqi ver yelə, gülüm,
Cəhd edirəm, cəhdlərim var mən də edim elə, gülüm,
Mən neynim ki, əgər ki, sən hər misradan belə, gülüm,
gah mənə dil çıxarırsan, gah əl edirsən, görürəm?!
Bu gün hara baxıramsa hər yerdə bir sən görürəm.

Nöqtələrim aciz qalıb kəsəmmirəm qabağını,
Hər kəlməmdə gəzməkdəsən mən yazığın varağını,
Ürəyimə dağ çəkirsən öpdürərək ayağını
Misralara bilə-bilə, çünki görürsən görürəm,
Bu gün hara baxıramsa hər yerdə bir sən görürəm.

Göy üzünü üzün tutub, gözlərindən yağış yağır,
Eyni anda sənlər gəzir qənşərimdə ağır-ağır,
Nə deyirsən denən mənə, istəyirsən çığır, bağır,
Mən gözümə inanıram nə qədər ki, mən görürəm,
Bu gün hara baxıramsa hər yerdə bir sən görürəm.

ÜRƏYİM TİTRƏYİR GÖRƏNDƏ SƏNİ…

Səni istəmirəm görəm ağlayan,
Görmək istəyirəm güləndə səni.
Necə ki, yuxuma girərdin əvvəl,
Necə ki, görmüşəm dünən də səni,
O cür istəyirəm olasan hər an,
Təbəssüm səninçün yaranıb inan,
Lütf elə, bir az da yanımda dayan,
Ürəyim titrəyir görəndə səni.
Yad kimi nə olar ötmə yanımdan,
Səninçün ayrıldım öz ünvanımdan,
Əzrail sayağı oyna canımnan,
Al, götür, görəyim öləndə səni.
Rəhm elə, qəlbimi bu cür yaxırsan,
Durmadan dünəni başa qaxırsan,
Axı sən özün də mənə baxırsan,
Bəs nədən görməyim de, mən də səni?!
Bülbüləm, gülümdən baş açammıram,
Həsrətin zəncirin gücüm yox qıram,
Nə qaça bilmirəm, nə uçammıram,
Durub gözləyirəm çəməndə səni.

YUXUSU GƏLİR

Yalandır büsbütün səni unutmam,
Nə olub yadıma çoxusu gəlir,
Hələ də üzünə həsrət gözümdən,
Bəzən kədər yağır, bəzən su gəlir.

Nə edim, tutmağa yoxdur bir ətək?!
Qismət belə imiş yaşayalım tək,
Nə zaman istəsəm vüsala yetək,
Burnuma balamın qoxusu gəlir.

İnan, çox istərdim sözümdə duram,
Həsrətin zəncirin gücüm yox qıram,
Bir sözlə, mən daha bacarammıram,
Artıq hisslərimin yuxusu gəlir…

XOŞUMA GƏLİR

Yenə də düşmüsən yadıma mənim,
Xəyalın qoymayır yatım bu gecə.
Yuxusuz gözlərim həsrət yuxuya,
Başımı aldadım, qatım de necə?

Rahatlıq tapmıram can mənzilimdə,
Xəyalındır döyən göz pəncərəmi,
Yenə də başlandı… Hər axşamkı tək
Oyaq qalmalıyam bütün gecəni.

Hər gecəm belədir onsuz da mənim,
Onsuz da əzəldən öyrəncəliyəm.
Günəş də inciyər gözümü yumsam,
Mütləqdi doğuşun mən görməliyəm.

Günəş də alışıb oyaqlığıma,
O da adət edib buna, ay gözəl.
Gözlərim qapanır, bir azca yatım,
Sən də yüzə qədər yenə say, gözəl.

Mütləq oyanacam, oyanmalıyam,
İlk dəfə deyil ki, başıma gəlir.
Günəşin doğuşun zikrinlə sənin,
Hər səhər görməyim xoşuma gəlir.

Gözəldir olanlar xəyalsa belə,
Sənli xəyallarda yoxdur qəm, kədər.
Gözəldir olanlar xəyalsa… belə,
Bir ömür getsə də yolunda hədər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.