Ana səhifə BAŞ YAZI Keçmişin kölgələri (öykü)

Keçmişin kölgələri (öykü)

Müəllif: Bizim Yazı
963 baxış

Muxtar AUEZOV 

(28.09.1897 – 27.06.1961)

Tutqun yay gecəsi idi. Ayın sanki əsrlərdən qalma kədəri torpağa çökmüşdü. Səma aydın görünürdü, hətta xırda buludlar belə yox idi. Qırmızımtıl, yaşıl, sarı…  ulduzlar göyün üzündə sayrışırdı. Səma sanki zənlə yerə boylanır, nə isə gözləyirdi: elə bil ki yer indicə öz tamaşalarından birinə başlayacaqdı.
Ulduzlar yuxulu-yuxulu meşədəki çayın kölgələrinə boylanırdı. Çay dolanbac yollardan axaraq Karacalını dövrəyə almışdı. Jaylyauda Karacalıdan füsunkar yer yox idi. Görünür, elə buna görə də aullar məhz burada dayanır, alaçıqlarını bu çayın sahilində qururdular.
Çay mürgü vururdu, suyun üzərindən sərin hava ətrafa yayılırdı. Torpağa səpələnmiş daşlar da yuxulayırdı. Ulduzlar parlayırdı…
Ancaq budur, yuxulu heyvanın üzünü xatırladan qayanın arxasından iki atlı göründü. Onlar sürətlə aşağıya doğru hərəkət edirdilər. Ağ yallı, açıq kürən və ağ rəngli atlarını yanbayan sürən yolçular danışmadan, səssizcə gedirdilər. Yolçular fınxıran atların yüyənini çəkərək onları yumşaq otlu çəmənliyə yönəltdilər. Ərköyün atlar başlarını yırğalaya-yırğalaya gecənin sərinliyində yorğa yerişlə gedirdilər. Elə bil az qala yüyənlərini qırıb qaçacaqdılar.
Kürən atın belindəki yolçu qaya daşlarının yanından ötüb gedirdi.
Birdən onun gözlərinin qarşısında ayın işığında göyümtül rəngə boyanmış Karacalı çəmənliyi açıldı. O, papağını qulağına tərəf itələdi, sonra isə başından çıxartdı. Bir neçə dəfə köks ötürüb dərindən nəfəs aldı. Ayın parlaq işığı onun dalğın, sınıxmış sifətinə düşürdü. Uzun, qara pırtlaşıq telləri dərisi solmuş alnını örtmüşdü. Açılmış sarı çapanın altından ağ köynəyi və qara jileti görünürdü. Qaçağan kürən atın belində cavan oğlan özünü qəhrəman kimi hiss edirdi. Onu aparan sevgi idi.
Cavanlar yuxarı kənddən Jakipin auluna yollanırdılar. Kürən atı Kabış sürürdü. O, bu yay orta məktəbi başa vurub evə qayıdırdı. Moyıldinsk nahiyəsində Kabışı fərasətli oğlan kimi tanıyırdılar, kəndlərində elə hamı ağıllı-tədbirli insanlar idi, oradan çoxlu savadlı adamlar çıxmışdı. Kabışın yanında olan Jumatay sivri saqqalını yuxarı qaldırıb, ayın işığında mavi rəngə boyanmış vadini seyr edirdi. Jumatay Kabışın yay gəzintilərində ayrılmaz yol yoldaşı idi.
Kabışın ürəyində sirr var idi və bu sirr də onu evə qayıtmağa vadar edirdi.
Cavan oğlan uzaq şəhərdə oxuyurdu, ancaq qara gözlü, gözəl Jameşi unuda bilmirdi. Boylu-buxunlu, gözəl Jameş onun çoxdankı arzusu və gizli məhəbbəti idi.
O, doğma evindən uzaqda yaşadığı vaxtlarda qızın məhəbbəti şirin xəyal kimi onu özünə tərəf çəkirdi. İllər ötüb-keçirdi, Kabışın hissləri yenə də qarın üzərinə düşən, ancaq soyumaq bilməyən qan damcıları kimi isti idi. Bu illər ərzində o, çoxlu məktub yazmış, ancaq qızdan cavab almamışdı: Jameş yaza bilirdi, ancaq ondan heç bir məktub gəlmirdi. Oğlanın tək bir arzusu bu qız idi. Ötən il onun üçün elə də sevincli keçməmişdi. Getməyə hazırlaşdığı gün Jameşdən xəbər ala bilmişdi. Qız heç nə yazmamışdı – Jumatay vasitəsilə dilucu bir neçə söz göndərmişdi. “Gələcək göstərər”, – qızın bu vədi nəsə çox dumanlı idi.
Qış düşdü. Kabış yenidən öz arzularına daldı. O inanırdı: Qız hər zaman belə qürurlu, əlçatmaz ola bilməz. Gün gələcək o da öz gələcəyi haqqında düşünməli olacaq. Jumatay da onun bu ümidlərinə qahmar çıxırdı. Ancaq cigit gecikmişdi. Jameş artıq adaxlı qız olmuşdu.
Zəngin Kenjexanın nişanlısı! Bu xəbəri eşidən Kabış əvvəlcə inanmadı, elə bildi ki onunla zarafat edirlər. Məsələnin gerçək olduğunu biləndə isə ikiqat sarsıldı. Qız öz xoşu ilə əlli yaşlı kişiyə ərə gedirdi. Qardaşının məsləhətlərinə qulaq asmaq istəməmişdi, qardaşı arvadı da heç cür onu yola gətirə bilməmişdi. Qızın bir məsləhətçisi var idi – qoca nənəsi: o, nə desə, doğru idi. Nənəsi də, lap elə atası da. Bax beləcə o, Kenjexanın evinə gəlin köçməyə, onun ikinci arvadı olmağa razılıq vermişdi.
Beş il bundan əvvəl varlı Kenjexan artıq bu auldan özünə arvad almışdı. Kadişa – Jameşin bacısı, Xoca Jakipin böyük qızı varlının ikinci arvadı olmağa razılıq verərək ona ərə getmişdi. Ancaq Kadişa bu yaz ölmüş, özündən sonra bir qızı və oğlu qalmışdı. Kadişa şıltaq və öz bildiyini edən qadın idi. Ona görə də, təsərrüfat işlərinin hamısına özü nəzarət edirdi. Öləndə də son sözünü qəti şəkildə dedi: “İstəmirəm ki, məndən sonra yatağıma yad adam girsin, axı mənim əziz uşaqlarım qalıb. Mənə hörmət qoyun, – o, ərinə və qohumlarına üz tutdu. – Heç olmasa, yerimi bacım Jameşə verin”.
Beləcə Jameş gözlənilmədən adaxlı qız oldu.
Tezliklə elçilər qızı istəmək üçün aulun yerləşdiyi yerə yola düşdülər. Bu yaxınlarda Jameşin valideynləri bildirmişlər – toy burada, Karacalıda olacaq. Artıq Kenjexan öz nişanlısını aparmaq üçün gedirdi. Hazırda Kabış aylı gecədə Jameşlə sonuncu dəfə görüşmək üçün tələsirdi.
Könlü sınmış Kabışın qəlbi sanki qara daşlar kimi sıxılırdı. Amma onun qıza olan məhəbbəti əvvəlki kimi güclü idi. Jameş bütün bu müddət ərzində uzaq zirvə kimi soyuq və əlçatmaz olsa da, Kabış yenə də onunla bir yerdə olmağa razı idi. Hansısa gözəgörünməz qüvvə onu artıq yad olan bu gözələ tərəf çəkirdi.
Moyıldıda qızlar nəyin arzusu ilə yaşayırlar? Əlbəttə, onlar istəyirlər ki qarşılarına gənc, yaraşıqlı və sözsüz ki, təhsilli oğlan çıxsın. İndiki qızlar nəzakətli və hər zaman səliqəli geyinən oğlanları xoşlayırlar. Ancaq hər şeydən əvvəl təhsilli olmaqdır. Onlar ürəklərinə yatan və yaşlarına uyğun gələn oğlana görə valideynlərin xeyir-duasını, hətta onlar üçün tapılmış əri və bunun müqabilində alacaqları başlığı atıb getməyə də hazırdılar. Jameş isə belə deyildi. Kabışın ona təklif etdiyi qiyməti ölçülməyən bu hədiyyədən imtina edir, ondan uzaq gəzirdi. Özbaşınadır, sərbəstdir, özünü məhv edir, qoca kişiyə gedir. Hələ üstəlik 2-ci arvad kimi. Jameşin hərəkəti indiki gənclərin səylərinə, arzularına, təmiz niyyətlərinə tamamilə ziddidir.
Axı Jameşə nə olub. Nə üçün qoca Kenjexan bu qız üçün Kabışdan daha yaxşı və arzu olunandır?
O, gecə-gündüz bu sirli tapmacanın üzərində başını sındırırdı. Sevgisi, qısqanclığı və kini içini qaynadırdı. Ancaq ümidi də onu tərk etmirdi.
Jumatayın dostuna yazığı gəldi, bu gün səhər elə-belə Jakipin auluna yollandı. Jumatayın qarşısına Jameşin gəlinbacısı Bibiş çıxdı. Bibiş dedi: “Bu gün axşam kəndin arxasındakı meşədə gözləyin, qoy uğur sizinlə olsun. Sizə çox ümid verməyəcəm, ancaq heç olmasa bir dəfə qızı görərsən. Kabışla ikilikdə qalarsınız, bəlkə o zaman öz taleyi barədə düşünər. Nə olursa-olsun həmin yerdə gözləyin, kəndin camaatı yuxuya gedən kimi qızı gətirəcəyəm”. Elə buna görə də bu iki yoldaş bu gecə Jakipin auluna yol almışdılar.
Sonuncu dağ yamacını dönəndən sonra, dostlar çayın qırağında mürgü vuran aula gəlib çatdılar. Kabışın ürəyi sanki dayanmışdı. Sevdiyi qürurlu qız burada onu gözləyirdi, ilk dəfə onlar təkbətək qalacaqdılar. Bəs birdən bunların hamısı yalan olar, bəlkə məni lağa qoyurlar? İndi soyuqqanlı gözəlim gələr və öz qoca ərini tərifləməyə başlayar. Olsun. Heç olmasa, Kabış bu işıqlı və ayıl gecədə sevdiyi qızın üzünü görəcək, onunla söhbət edəcək – axı, uzun illərdir həsrətində olduğu arzu, bu deyildimi?
– Nədi Jumatay, biz doğrudanmı Jameşin yanına gedirik? – dostuna baxaraq o dedi. Bibiş bizi aldatmaz ki? Məgər Jameş belə tezliklə fikrini dəyişdi? Gecə yarısı yanımıza gəlmək istəyəcəkmi? O, indi tamamilə özgələşib, aul da həmçinin soyuq və yaddır. Kömək et Jumatay, inanım, bu şübhələrimi özümdən uzaqlaşdırım!
Jumatay fərasətli gəncdir. Ürək məsələsindən dərhal baş çıxarar. Birinci dəfə deyildi. Kim bilməsə də, Kabışın dərdi ona çoxdan məlum idi. Jumatay gənc dostuna təskinlik verirdi, ancaq dodaqaltı gülümsəməyi də əbəs deyildi.
– Qəm yemə, Kabış. Əgər o hələ də mənim bildiyim və tanıdığım Jameşdirsə, bu gün onun zəif damarını tutmağa çalışarıq. O, gözəldir, şıltaqdır, başında qovaq yelləri əsir. Ötən gün Kenjexana getmişdi, bu gün isə bizim yanımıza gəlir. İndi hər şey səndən asılı olacaq, tez təslim olma. Cəsur davran. Bu gün onu elədiklərinə görə peşman etməyə çalışmalıyıq. Qoy, gənc cigitin sevgisinin nə demək olduğunu bilsin, – sonra haraya istəyirsə, vəhşi keçi kimi qaçsın.
Kabışın rəngi duruldu.
– Bəlkə də haqlısan, – o dedi. – Bəlkə bu gün Jameş dünən elədiklərinə görə peşman olacaq, nə bilmək olar…
– Həm də necə! – Jumatay əminliklə çığırdı. – Mən hələ bunu səhər Bibişlə danışanda başa düşmüşəm. İnan mənə, qız artıq səninlə görüşə tələsir. İndi isə sakit ol, həmin yerə yaxınlaşırıq. Ən yaxşısı, atları bağlamaq üçün yer fikirləşək.
Cavanlar çayın sol sahilinə keçdilər. Auldan onları heç kim görməsin deyə, yeni sıxlaşmağa başlamış meşənin dərinliyinə yol aldılar, ağac gövdələrinin arxasında gizləndilər. Qara budaq kölgələrinin altında daldalanan cavanlar gözlərini meşədən aula zilləmişdilər.
Həzin görüş anı yetişmişdi. Gecə səssiz idi, elə bil bu sükutun dərinliyində ətrafa işıq saçan ay dua oxuyurdu. Sanki Kabışın ürəyini dəlib-deşən acı və incik sözlərə görə üzrxahlıq etməyə hazırlaşırdı. O, hələ də Jameşi sevirdi. Həm də çox sevirdi!
Səssizlik idi. Gözətçinin səsi çıxmırdı. Aulun itləri də hürüşmürdülər. Alaçıqların kənarında yanan tonqalların alovu sönmüşdü. Adamlar yuxuya getmişdilər. Kabışın ürəyindəki şübhələr çəkilib getdi, qəlbində sanki həzin eşq mahnısı çalırdı, hər tərəf sükuta qərq olmuşdu, elə bil ondan xəbər alırdı: bəs sonra nə olacaq?
Jumatay etibarlı dostdur. Onun ürəyi azaddır, gözəllər onu ram edə bilmirlər. Sakit, ehtiyatlı adamdır, gecənin səsinə qulaq verir, atları bağlamaq üçün yer axtarırdı. Aulun girəcəyindəki ilk bay alaçıqları lap yaxınlıqda idi. Ona görə də atlarla çox irəliləmək olmazdı.
Kabış isə heç nəyin fərqində deyildi. O, Jameşi arzulayırdı, çöhrəsi oğlanın gözlərinin önündən çəkilmirdi… Cilovları boşaltdılar. Kürən kölgələrin arasından çıxdı. Eşqi başına vuran cavan açıq çəmənliyə gəldi. Görünür, şıltaq at gecənin sükutundan yorulmuşdu – başını sağa-sola yırğalayır, torbanın içindəki samanı xışıltı ilə eşirdi. Birdən boynunu qaldırıb, ayaq dırnaqları ilə yeri döyəcləməyə başladı, bərkdən fınxırdı.
Kabış dikəldi, cilovu özünə tərəf dartdı, qamçı ilə atın başına vurdu. Oğlan daha bir ehtiyatsızlığa yol verdi – yeyib-doymuş, sakit durmaq istəməyən at zınqırovlarını cingildədib qorxmuş halda fınxırdı. Hər şey elə tez baş verdi ki, Jumatay səksənib: – “Uşaqsan-nəsən, məgər görmürsən ki, aula yaxın yerdəyik?” – dedi. Kürən at dabanlarını yerə vurub arxaya səndirlədi, nazik ağacı sındırdı. Səsə duyuq düşən gözətçi çığır-bağır salaraq onlara tərəf gəldi. İtlərin hürüşməsi çoxaldı, köpəklər çaya tərəf axışdılar. İndi aul da oyanar. Camaat sakitləşənə qədər səhər artıq açılar.
“Nə qədər gec deyil, gərək atları geri sürək” – Kabış düşündü.
Ancaq Jumatay kürən atın yüyənindən yapışdı.
– Dayan yerində, heç yana tərpənmə, – o əmr etdi və Kabışı sıx meşənin içərisinə doğru apardı. Qorxma, itlər buraya gələ bilməzlər, su onların qarşısını kəsəcək. İndi sakitləşərlər. Hə, bir də unutma, bundan sonra diqqəti əldən vermə.
Kabış səssizcə tabe oldu. İtlər uzun-uzadı hürüşdülər, ancaq dostların gizləndiyi sahilə gəlib çata bilmədilər, heç çaya da yaxınlaşmadılar. Təkcə qara rəngli ala-bula it sakitləşmək bilmirdi, bütün itlərdən qabağa qaçıb gecənin səsinə qulaq verirdi. Gözətçi əvvəlcə qorxduğu üçün çığır-bağır saldı, hündürdən qışqırdı. Sonra səs-küyü azaldı. Görünür, qoca özü-özünə təsəlli vermək istəyirdi: “Heç nə yoxdur, get yat”. Sonra tam sakitlik çökdü.
Hamı sakitləşdi. Təkcə qara rəngli ala-bula köpək ora-bura vurnuxur, səssizliyə inanmayıb, hürürdü. Bayın var-dövlətini qoruyurdu. Sanki demək istəyirdi: “Qorxma, sahibim, rahat yat, yad adam bizim aulda xeyir tapa bilməz”.
Yəqin Kenjexan və Jakip özləri bilərəkdən bu iti Jameşə nəzarətçi qoymuşdular ki, görüş baş tutmasın.
Bu qara, kinli heyvanda yəqin ki Kabışla Jameşin arasına girən qara qüvvələrin, onları sınağa çəkən taleyin bütün hikkəsi toplanmışdı. Əgər sevdiyi gözəl itdən qorxmayıb görüşə gəlsə, oğlan daha heç vaxt ona acıqlı sözlər deməyəcək, onu məyus etməyəcəkdi.
Kabış həvəsdən düşürdü. Könlündən geri qayıtmaq keçirdi.
– Ah, Jumatay! Aul yenə mənə uzaq görünür, düşmən təsiri bağışlayır. Sanki aulu aparıb dağın qarlı zirvəsinə yerləşdirmişdilər, elə uzaq görünürdü ki, elə bil insan ayağı oralara dəyə bilməzdi. Bu qara it lap qəzəb püskürən ruha oxşayır. Elə bil ki deyir: “Xoşbəxtlik tapmazsan, Kabış, sən ən yaxşısı geri qayıt”.
– Yaman ağciyərsən” – Jumatay gülümsədi. – Bir az da döz, it bir az sonra səsini kəsəcək.
Yarım saat da keçdi. Doğrudan da, qara it susdu. Jumatay atları irəliyə, ağaclığa tərəf apardı, atların yüyənini çəkib onları möhkəm-möhkəm baş-başa bağladı. İndi isə şərtləşdikləri yerə getmək lazım idi. Əyildilər, meşənin qırağı ilə, gizlənə-gizlənə Jameşin qardaşı Qasımın yurtasının qarşısındakı çəmənliyə çıxdılar. Bibiş qızı buraya gətirməli idi. Kabış, sakit ol, tərpənmə, dinməz dayan, indi qız gəlib çıxacaq.
Axı Jameşə nə olmuşdu? O, birdən-birə niyə öz gəncliyini, gözəlliyini Kenjexana bəxş etmək fikrinə düşmüşdü?
Hər şey gözlənilmədən baş vermişdi. Ərə getmək fikri qəti yox idi. Birdən elçilər qapını kəsdirdilər! Ölən bacısının əri Kenjexan onu özünə arvad etmək istəyirdi. Qohumları da elə bunu istəyirdilər. Qız razılıq verməli oldu. Məgər qohumları, doğmaları onun pisliyini istəyərdilər?
Moyıldın nahiyəsində Jameşdən daha üzüyola, sakit qız yox idi. O, hər şeyə nənəsinin gözü ilə baxmağa alışmışdı. Həm də təkcə o yox. Jakipin aulunda hamı hər şeyə Maken nənənin gözü ilə baxır, onun qulağı ilə eşidir, onun sözlərini təkrar edirdilər. Nənə aulun sahibəsi idi, ağlı da kişi ağlı kimi iti idi. Ətraf aullarda da sözünün çəkisi böyük idi.
Jameş hələ balaca olanda, onu öz yanına götürmüş və öz davranışlarını, fikirlərini körpəlikdən qıza aşılamışdı. Jameşin ağlı kəsəndən gəlinləri həmişə nənəsinin qarşısında yarpaq kimi əsmişdilər. Başıaşağı gəzmiş, bir söz deməyə çəkinmişdilər. Jameşin də anası yaşlansa da, yaşı qırxı ötsə də, qayınanasının qarşısında cavan gəlin kimi əsirdi. Anası nədir, hələ atası Jakip də Maken nənə ilə məsləhətləşməmiş heç bir işə qol qoymazdı. Jakip istəsə də, heç vaxt aulun rəhbəri ola bilməmişdi. Aula kim gəlirsə-gəlsin – istər sadə adam, istər atkaminer, ya ağsaqqal, ya qarasaqqal, hamısı Makenin yanına gedirdilər. Jakipi görmək vacib deyildi, Maken çəkinib eləmədən ürəyinin hər sözünü Bibişə çatdırır, nəyin yaxşı, nəyin pis olması barədə mövqeyini açıqca deyirdi. Aul çoxdan varlı, cəsarətli nüfuzu ilə ad çıxarmışdı, iradəsi ancaq özündə olan sərbəst davranışlı sahibəni hamı belə tanıyırdı: ötkəmliyini işə salıb nəsə desə, sözsüz yerinə yetirilməli idi. Qadın getdikcə təkəbbürlü və lovğa olurdu – başqasını onun yanında tərifləmək mümkün deyildi, acığı tuturdu.
Ancaq onun öz ailəsindən çıxan adam ləyaqət yiyəsi ola bilərdi. Yad adamların onun nəzərində heç bir müsbət keyfiyyəti ola bilməzdi.
Jameş məhz belə bir qadının himayəsi altında böyümüşdü. İndi o, ikinci Maken idi. Fərqləri təkcə onda idi ki, biri hələ həyata yeni başlayırdı, digəri isə ömrünün çoxunu geridə qoymuşdu. Onun gənc xarakterində nənəsinin cizgiləri daha aydın sezilirdi. Jameş də başqalarının onlardan üstün olmasına dözə bilmirdi, onun üçün kimisə məzəmmət etmək, tərifləməkdən qat-qat asan iş idi. Onun tayı-bərabəri ola bilməzdi, təkcə özünə güvənirdi. Özünə, bir də nənəsinə.
Qonşu aula qonaq gedirdilər, sonra isə nənəsi ilə birgə oturub gördüklərini, eşitdiklərini bir-bir danışır, xırdalıqlarına qədər götür-qoy edirdilər: heç nə də onları razı salmırdı, nə qonaq getdikləri evin təmizliyi, nə kiminsə geyiminin təmizliyi, nə də başqalarının bər-bəzəyi. Baybişə yaşıdlarının qeybətini edir, Jameş isə yeni gəlinləri və həmyaşıdı olan qızların dalınca danışırdı.
Jameşin ibrət götürəcəyi, nümunə kimi seçdiyi təkcə bir insan var idi – nənəsi. Nənə nə desə, o da düz idi. Başqalarının məsləhətini qulağının bir ucundan alıb digərindən buraxırdı, heç izi-tozu da qalmırdı.
Moyıldıda son vaxtlar tez-tez qəribə xəbərlər yayılmaqda idi: gənc qız özü-özünə ər seçdi, ər arvadını qoyub sevdiyi qadının yanına qaçdı. “Kim belə iş görər? – Maken qəzəblə deyirdi. – Ancaq tərbiyəsi pozulmuş qızlar! Niyə? Hər şey əcdadlardan gəlir, nəsilləri pis nəsildir, ona görə.
Ancaq nənə tərbiyəsizliyin, pozğunluğun kökünü təhsil almaq ilə bağlayırdı. Oxumaq adamı yolundan azdırır. Bu “oxumuşlar” ki var ha, yelbeyindirlər, ağılları kəsmir, heç bir işə yaramayan vecsiz adamlardır. Onların arasında Baybişənin nəvəsi Jameşin doğma qardaşı da var idi. Oxuyub təhsilini başa vuran nəvə geri qayıdanda, təhsilli olduğunu büruzə verməkdən çəkinməmişdi. Maken isə ondan söz düşəndə belə deyirdi: “Mən hələ oxumaqla ağlı başına gəlmiş adam görməmişəm. Bu da kəndimizdə yolunu azan adamlardan biridir. Elə bilərik ki, onu itirmişik. Necə bilir, qoy elə də yaşasın! Kaş rədd olub buralardan gedəydi, digər uşaqları da öz toruna salmazdı! Jameşi öz yanında əyləşdirib, ona səfeh-səfeh şeylər danışır. Nənə Kabış haqqında da acıqlı sözlər danışmaqdan çəkinməmişdi. Tez-tez Makenin onun barəsində dediyi sözlər tikan kimi qulağını dəlirdi. Ancaq bədbəxtlik onda idi ki, oğlan təvazökar və üzüyola idi. Onda nöqsan tapmaq mümkün deyildi. Ancaq Maken nənə yenə dil-boğaza qoymur, onda eyib tapa bilmədiyindən, söhbəti onun qohum-əqrəbasının üzərinə gətirir, onları çox varlı olmamaqda ittiham edirdi, aulun kasıblığını üzlərinə vururdu.
Jameş bax beləcə nənəsinin himayəsi və təsiri altında yaşayır, onun yanından bir addım belə olsun ayrılmırdı. Elə bir adam da yox idi ki, ona nənəsinin düz demədiyini, onu düzgün öyrətmədiyini desin, ətrafındakı xoşməramlı və mehriban məsləhətlərinə qulaq verməyin də vacib olduğunu qıza tövsiyə edə bilsin…
Əksinə atası da, anası da yorulmadan ancaq eyni şeyi təkrar edirdilər: nənənin müdrik sözlərinə yaxşı qulaq ver, nə qədər ki sağdır, ondan hər şeyi öyrən. Səndən başqa heç bir qızın bu cür ağıllı tərbiyəçisi və müəllimi yoxdur, ona layiq olmağa çalış.
Qoca tərbiyəçi Jameşlə hər şey barəsində danışsa da, onun gələcəyi, sonra onu nəyin gözlədiyi ilə bağlı heç nə demirdi. Jameş də çox dərinə getmirdi. Nənə susursa, deməli, belə lazımdır.
Qızcığaza aulu idarə etməyi öyrədirdi. “Jameş ağıllı qızdır, təsərrüfat işlərindən yaxşı baş çıxarır, hər şeyi başa düşür”, – deyə camaat onu tərifləyirdi. Bu doğrudan da belə idi: Jameş hər kimlə – istər qonşularla, qadınlarla, çobanlarla kəlmə kəssə, həmişə nə deyilməli olduğunu əla bilirdi. Hamı onun üçün deyirdi ki, aulun gələcək sahibəsi yetişir, o, indiki qızlara heç oxşamır.
Jameş geyimində də köhnə adət-ənənəyə sadiq qalmağı üstün tuturdu. Geniş qolları, uzun ətəyi olan paltarlar çox xoşuna gəlirdi. Yeni dəbə uyğun geyinmək, özü dediyi kimi “fason vermək” istəmirdi.
Köç vaxtı gələndə qız yorğa ata minir, üstü lələklərlə bəzənmiş, dəridən olan papağını alnına qədər örtür, qolsuz kişi paltarında, üstündən bərk sarıqlı çapan geyinərdi. Ona baxanlar vaxtilə bu aulda olan say-seçmə igid qızları yada salırdılar.
Həyata oyun kimi baxan, yelbeyin, həmyaşıdı olan qız-gəlinlərə də Jameşin marağı yox idi. Kimisi özü qaçırdı, kimisi isə hansısa oğlanı özü tapıb ərə gedirdi. Nənə düz deyirdi: Elə bil camaatı əməlli-başlı lənətləyiblər. Bu sevgililər bununla nə əldə edirlər ki? Nə üçün valideynlərinin ahu-zarını öz üzərilərinə götürürlər? Jameş heç vaxt görməmişdi ki, özü qoşulub qaçan qızın başı səadətdən göylərə ucalsın, yaxud da tale onlara sözəbaxan qızlardan daha böyük xoşbəxtlik nəsib etsin. Ərli qadın olmaq yaxşıdır, hamı kimi! Adi qadın, üzüyola, başıaşağı, səssiz-səmirsiz. Qız hamı kimi olmasa, bu lap pisdir. Onda hamıdan ayrı düşür, tək-tənha gəzir. Ya dediyi ilə əməli düz gəlmir, ya hər şey yadından çıxır, ya da valideynlərinin tapşırığını yadında saxlaya bilmir. “Oxumuşlar”la qaçan qızlar ağıllarını tamamilə itirirlər, səfehləşirlər, hörmətdən düşürlər. Jameş hər gün bir az daha bu fikri özü üçün qətiləşdirirdi: Yox, ona yeni həyat tərzi lazım deyil.
Ancaq Jameş öz bacısına doğrudan da həsəd apara bilərdi. Hərdən nənəsi ilə oturub söhbətləşəndə bacısının güzəranının necə yaxşı olması barədə qoca tərbiyəçi öyünə-öyünə söz açırdı.
Bacısı Jameşdən cəmisi dörd il böyük idi. Onu Kenjexana ərə verəndə getmək istəmirdi, qoca kişiyə ərə getmək ürəyincə deyildi. İkinci arvad olmaq istəmirdi! Ancaq nənəsi onu yola gətirdi, qorxu yaradan şübhələri ondan uzaqlaşdırdı. Toy gününə qədər Kenjexanın gözünə görünməmək üçün Kadişa valideynlərinin evində gizlənmişdi. Ərə gedəndən sonra isə yeni aula yerləşdi, bir il keçəndən sonra isə onu tanımaq qətiyyən mümkün deyildi.
Oturub-durub Kenjexanı öyür, hər yerdə ondan söz açırdı. Hara getsə, onun müsbət məziyyətlərindən bəhs etməkdən yorulmurdu. Ərinin dediklərini hər yerdə təkrarladığı da olurdu. Əri özü gəlib çıxanda isə kişinin ürəyi nə istəsə dərhal əlüstü onun üçün hazır edirdi. Yəqin Kenjexan elə buna görə özünü ağa kimi aparmaq istəmirdi. İradəsini də, hətta bəlkə öz başını da Kadişanın ixtiyarına vermişdi. Bax, bu Jameş üçün əsl nümunə idi! Maken Kadişanı öyməkdən, tərifləməkdən yorulmurdu.
Kenjexanın birinci arvadı, qocalıb əldən düşmüş qadın bir söz də deyə bilməzdi. O, heç nəyə qarışmırdı.
Beləcə, Kadişa böyük aulun, iri ilxı və sürülərin sözün əsl mənasında sahibəsinə çevrildi. Nə istəsə, dərhal hazır olurdu.
Ürəyi darıxsa, məşhur aullardan qonaqlar dəvət edir, hamını – qocaları, cavanları, qızları və ərə gedənləri bir yerə yığır, gəzintilər təşkil edir, müxtəlif oyunlar keçirirdi.
Onun həyatı Jameş üçün sözün tam mənasında toy-bayram demək idi.
Kenjexanın isə arvadı üçün ürəyi gedirdi. Evdən bayıra ayağını qoyan kimi dərhal evə tələsir, onun üçün darıxırdı.
Qonaqlarla, başqa aullardan gəlmiş böyük adamlarla Kadişa özü danışır, Kenjexana ağzını açmağa belə imkan vermirdi: danışır, gülür, zarafatlaşır, söhbət edirdi. Qonaqları heç yanda bu cür qarşılamırdılar. “Sənin evin həmişə dolub-daşır, cənnət-məkanda yaşayırsan elə bil” – nənəsi ona deyirdi.
Hər il Jameş və nənəsi iki ay Kadişanın evində qonaq qalırdılar. Hər dəfə, istər yayda, istərsə də qışda Kadişanın evi ona rahat, nəşəli və dolu görünürdü. İlin hər mövsümünün öz qayğıları və məşğuliyyətləri var. Kenjexan da belə işlərdən özünə həmişə boş vaxt ayıra bilirdi – vaxtını qaçağan atlara, tazılara, ov quşlarına həsr edirdi. Ov da, at yarışları da Kadişa üçün əsl bayrama çevrilirdi. Xidmətçilər dərhal onun buyruqlarını yerinə yetirir, Kenjexanın dostları onu güldürür, əyləndirirdilər. “Xoşbəxtlik elə budur!” – nənə izah edirdi.
Jameş qoca yeznəsinə dərin hörmətlə yanaşırdı. Kenjexan atın belində auldan çıxanda hörmətli adamlar Kenjexana ehtiramla təzim edirdilər. Bircə bu nəyə desən dəyərdi: Jameşin bacısı tanınmış, hamının dərin ehtiramını qazanmış atkaminerin sevimlisi idi. Jameşin ürəyi fəxarət hissi ilə dolu idi.
Yeznəsi özü də hələ gümrah idi, kökdən düşməmişdi, saqqalında bir-iki ağ tük olsa da, qabaq üç dişi tökülsə də, bu elə də bədbəxtçilik sayılmazdı. Bu, hətta ona yaraşıq verirdi. Qoca Maken nənə tez-tez özünü saxlaya bilməyib Kenjexanın yaraşıqlı olduğunu Kadişanın yanında deyir, onu tərifini göylərə qaldırır, Jameş də əlbəttə ki, bütün bunları eşidirdi.
Yox, bacısı əməlli-başlı xoşbəxt idi! Bu beş il ərzində Jameş onu qəmgin, kefsiz görməmişdi.
Jameş indi nəyə görə dərin fikirlərə qərq olmalı idi? Kenjexan özü ondan evinə gəlin gəlməyi xahiş edirdi. Bacısı da bunu təkidlə deyir, ona yalvarırdı. Jameş razılaşmaya bilmədi. Qoca nənəsinin əməyi hədər getməmişdi. Qadın bütün ömrü boyu qızı məhz bunun üçün hazırlamışdı. Jameş sinəsindən qəfil vurulmuş dağ keçisi kimi başını itirmişdi. Qardaşı Qasım özündən çıxır, etiraz edirdi: “Bəsdir, Kadişanın bədbəxtliyi bəsdir, Jameş getməyəcək!”. “Nə bədbəxtlik? Qasım nə bilir axı?” – Jameş hirslənir, qardaşı ilə danışmaq belə istəmirdi.
Qasım isə bilirdi. Ona görə də, bacısının yanına adam göndərmişdi: “Razılaşma, özünü məhv edərsən. Kadişa xoşbəxt yaşamadı, hər şey gözdən pərdə asmaq, özünü göstərmək üçün idi. Bacım mənə öz dərdini danışmışdı, dəfələrlə yanıma gəlib ağlamışdı. Bayramların, şənliklərin gözqamaşdırıcı rayihəsi sənin gözlərini tutub, ona görə də bacının qüssəsini, ürəyinin kədərini görə bilməmisən. O, nənədən də hər şeyi gizlədirdi. Yaxşı fikirləş, məsləhət elə”. Jameş də məsləhətləşdi. Kiminlə? Nənəsi ilə. Cavab isə bu oldu: “Qasım, bura bax, mənim işlərimə başını soxma”.
Sonra isə hər şey öz yoluna düşdü: elçilər gəldi, başlıq gətirdilər, Kenjexanın adamları gəlib-getməyə başladılar. Beləcə iki ay keçdi. Dünən isə toy elədilər. Toy necə lazımdırsa, elə də keçdi. Çoxlu adam gəlmişdi. Xalq bəyi, gəlini tərif edib əyləndi, sonra hamı dağılışdı. Gecə vaxtı yetişdi. Kenjexan uzun müddət onun yeznəsi, dayı kimi, ata kimi böyüyü, hörmət etdiyi şəxs olmuşdu. Bu gecə onun gözlərindəki pərdə nəhayət düşdü. Qardaşının onu nədən qoruduğunu Jameş başa düşdü.
Jameş bu gecə nə hiss etmişdi? O nədən məyus olmuşdu? O, sirrini heç kimi etibar etmək istəmirdi. Hətta həmyaşıdı, ona yaxın olan rəfiqəsi, qardaşının bacısı Bibişə də heç nə demirdi.
Jameş ertədən ərinin aulundan çıxdı, camaat hələ oyanmamışdı. Nənəsinin yanına gəlib, qoca tərbiyəçisinin yanında uzandı. Nəfəs almırdı, əzab çəkirdi, elə bil zəhər içmişdi. Sonra ayağa durdu, Bibişi çağırdı, onu təpənin arxasına apardı. Heç nə danışmaq istəmədi, onu ağlamaq tutmuşdu, birdən qəfil dilləndi: “Kabışı görmək istəyirəm”.
Bibiş təəccübləndi. Bu sözləri necə başa düşmək olar? Jameş əmr etməyə öyrəşdiyindən, qızın sözünü kəsdi:
– Heç nə soruşub eləmə. Bu gün heç nə deməyəcəyəm. Kabışla görüşməliyəm, illərdir mənimlə görüşmək istəyir. Bir dəfə gedim görüşüm, heç nə olmaz. Onu tap, xəbərimi çatdır.
Bibiş yenə də öz bildiyi kimi fikir yürütməyi üstün tutdu – görünür, cavan qızla oğlanın arasında nəsə var idi – onlara kömək etməyə qərar verdi.
Bir gün keçdi. Axşam Kenjexanı varlı aullardan birinə dəvət etdilər. Bütün günü bəy kimi oturub qalmayacaqdı ki. Dost-tanışı da yada salmaq lazım idi. Bütün qonaqları yığıb özü ilə apardı. Jameşi isə evdə qoydu.
Sakit gecə yetişdi. Kabış dostu ilə aula yaxın yerə gəldi. Bibişlə Kenjexanın gənc arvadı isə bu vaxt Qasımın yurtasında uzanıb, sakitcə söhbət edirdilər. Aul yuxuya getmişdi. Cigitlər bir qədər sonra gəlməli idilər. İtlər hürüşdülər. Bibiş rəfiqəsinin əlini sıxıb, pıçıldadı:
– Onlardır… Ah, bəs nə üçün belə ehtiyatsız davranırlar, yəqin tələsirlər… Kaş itlər onların gəlişini hiss etməyəydilər.
Jameş qaşqabağını tökdü.
– Bəsdir, narahat oldun! – deyə Bibiş pıçıldadı. Elə bilirsən, bu, onların birinci görüşüdür?
Jameşin Kabışa acığı tutmurdu. O, qardaşı arvadının bu qədər açıqsözlü olmasından hirslənmişdi.
Aulda səs-küy kəsildi, əl-ayaq kəsildi. Jameş Bibişin qolunu dürtmələyə-dürtmələyə əmr etdi:
– Hə, indi apar məni!…
Qara çapanını başına örtən qız Bibişin arxasınca düşdü.
Gecənin səssizliyində Jameşin paltarındakı pullar səs salaraq cingildəyirdi. Ürəyi isə daha bərk döyünürdü. Qəlbi nəğmə oxuyurdu, sanki ağır və lazımsız daş çiyinlərindən yerə düşmüşdü.
Ağ örtüklü yurtanın qapısı yarıaçıq idi. Ay gecə tələsə-tələsə gedən gözələ təzim edirdi. Jameşin bənizi bir günün içində ağappaq olmuşdu.
– Tez ol, tez!… – Jameş ağır-ağır nəfəs alaraq Bibişi tələsdirirdi.

1925

(Öykünü Azərbaycancaya DGTYB üzvü Turan Teymur çevirib)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.