Ana səhifə BAŞ YAZI “İLK… VƏ… SON…”

“İLK… VƏ… SON…”

Müəllif: Bizim Yazı
878 baxış

Ara məsafə uzun və maraqlı olanda…

Bəlkə də kimsə mənimlə mübahisə edəcək, fikirlərmi doğru saymayacaq və yaxud da bu fikirlərdə bir pafos axtaracaq. Deyə bilmərəm, ancaq hər nə olur olsun, mən bütün hallarda öz fikrimdə qalıram və inanıram ki, hər bir söz adamı qələminin gücündən asılı olmayaraq, özü özünü yazır, öz iç dünyasının şəklini çəkir. İndi buna kim nə qədər müvəffəq olursa, bu artıq onun istedadının, qələminin qüdrətindən, gücündən asılı olan bir məsələdir. Bir az loru desəm, naşı bənna da divar hörür, əl qabiliyyəti dillər əzbəri olan da. Əslində ikisi də bənnadı.

Bu mənada hər dəfə oxuyub başa çıxdığım və yaxud elə ilk səhifələrindən yadımdan çıxan kitabları göz önünə gətirdikcə məni özünə çəkənləri məhz özünü təsdiq etmiş, özünü təqdim etmiş, öz iç dünyasını göstərə bilmiş və bu yolda da davamlı olan söz adamları gəlib durur mənimlə üzbəüz. Onların bəzilərinin özünün dostuyam, bəzilərinin isə sözünün dostu. Özünün və sözünün dostu olduğum yaradıcı insanlarla tez-tez və ya gec-gec görüşməyimdən asılı olmayaraq, mən onların yaradıcılığını, həyatını həmişə müşahidə edib izləyirəm və onların uğurları mənə son dərəcə doğma gəlir,öz uğurum kimi…

Nə vaxtdır ki, bir kitabı gözdən keçirirəm. Açığını deyim, bəzən bir-iki vərəqini oxuyuram, sonra qatlayıb qoyuram gözümün önünə və başlayıram fikirləşməyə. Müəllifin çöhrəsini gətirirəm gözlərimin qarşısına, onunla söhbətlərimi xatırlayıram. Hətta biz bir-birimizlə qarşılaşanda o görüş səmimiyyətini yaddaşımda təzələyirəm. Mənə elə gəlir ki, bu bir-iki şeir artıq bizim növbəti görüşümüzdü, hal-əhval tutmağımızdı. Yəni Dəyanət Osmanlı özü necədirsə, hansı əxlaqın, hansı düşüncənin, hansı davranışın, hansı iç dünyanın sahibidirsə, şeirləri də elə odur. İstəyir bir şeirini oxuyum, istəyir bütöv bir kitabını.

Barəsində söz açdığım kitabın ilk ön sözünün müəllifi AMEA-nın müxbir üzvi, əməkdar elm xadimi, millət vəkili, professor Nizami Cəfərov Dəyanət Osmanlının şeirlərini çözərkən elə mənim düşündüyüm kimi, onun iç dünyasını da bir növ araşdırıb. Dəyanətin yaradıcılığı ilə ədəbiyyatımızın müxtəlif zümrələrini və qollarını müqayisə edib, paralelləşdirib. Vurğulayıb ki, “bu kitabdan sonra ədəbiyyatı sevənlər, böyük poeziyanı bilənlər bizim ədəbi-ictimai mühit onu ən görkəmli şairlərimizdən biri kimi qəbul edəcək və bir daha sevinəcəklər”. Təbii ki, son dərəcə səmimi, ciddi və konkret fikir artıq Dəyanət Osmanlı yaradıcılığının ədəbiyyatımızdakı yerini bir səmt nişanı kimi birbaşa göstərir. Elə mən də həmin o fikirlərin birmənalı gerçəkliyinə inanaraq yanılmadığıma sevinirəm. Çünki Dəyanətin şeirləri mənim üçün bir fikir yüküdü. Elə onun bu kitabının adından göründüyü kimi hər şeyin ilki, ara məsafəsi və sonu o fikirlərin qan damarıdı. Şair dostum yazır ki:

Gün ötdü,
mən hələ də evdəyəm
Yuvadan düşən ölü quşlardək
tökülür xatirələr.
Nigaranam ruhlar görünüb itir
arabir.

Bəli, bu əslində ilkdi, əvvəldi, hər şeyin sanki başlanğıcıdır. Çünki biz – sən, mən, o hələ evdəyik, hələ addım atmamışıq, qərar qəbul etməmişik. Deməli,ilkinliyin, başlanğıcın dadını-tamını, təlaşını yaşayırıq. Ona görə də anlayırıq ki:

Bütün gözəlliklər ruhun rəsmidi,
bütün canlıların ahıdı külək.
Mən gəzən bir torpağam,
torpaqdan dərdlisi yoxmuş
adamların içində.

Və yaxud da:

Ağlıma hardan düşdün, ölüm,
səni görmək istədim
hamıdan üz çevirdiyim
uğursuz bir gündə.

Bütün bunlar ilk olduğu üçün şair qardaşımın dili ilə desək:

ömür ortada qalıb.
payız saraldır hər şeyi…

Bu saralan hər şeyin içərisində ilkinlik yoxdu, ara məsafə var, yəni VƏ…
Bax elə həmin o ara məsafəsi olan VƏ artıq saralmanın əlamətləridi, təqdimatıdı. Ona görə də:

Qiyamət
Tanrının hökmü çatmayan
şeytan yuvasından başlayır.
Ana könülləri orda
azad bir həyat abidəsi yapar.

O ki, qaldı sona, bu artıq hər kəsin yenə verə bilmədiyi qərardı. Çünki:

Telefon susmuş.
Hərdən küləyin ritmini
yük maşınlarının
səsi pozanda
sanki komadan ayılıb
maraqsız həyatı xatırladan
bir küçədə görürəm özümü.

Şair dostum özünü gördüyü küçədə hələ evdən çıxmayıb, hələ ara məsafəni getmədiyi məqamları düşünmək üçün dayanıb. Çünki arxada ilk və ara məsafə var. Düşünürəm ki, elə həmin o yerdə dayanıb özünü sükuta bənzətməyin bir mənası da ara məsafənin hələ xeyli uzanacağından xəbər verir. təki hər şey uğurlu olsun.

Mən bu yazının adını “Sükut adamı” qoymaq istəyirdim. Amma sonra fikrimdən daşındım. Amma bilmirəm niyə. Bəlkə də ara məsafənin daha da uzun olması üçün etdim bunu. Nə bilim…

Əbülfət MƏDƏTOĞLU

/http://baku.adalet-az.com/

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.