Ana səhifə BAŞ YAZI “HEÇ OLMAZSA, YADDAŞDA SƏRHƏDDİ GÖTÜRMƏK LAZIMDIR.”

“HEÇ OLMAZSA, YADDAŞDA SƏRHƏDDİ GÖTÜRMƏK LAZIMDIR.”

Müəllif: Bizim Yazı
917 baxış

FİKRƏT QOCA – 80

Xalq şairi, AYB-nin I katibi Fikrət QOCA ilə müsahibə

– Fikrət müəllim, ilk növbədə, sizi 80 illik əlamətdar yubileyiniz və cənab Prezidentin Sərəncamı ilə “Şərəf” Ordeni ilə təltif olunmağınız münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı diləyirəm.
– Çox sağ olun, minnətdaram.

– Çalışacağam, sizin daha öncə başqa müsahibələrdə cavablanırdığınız yaxud belə demək mümkünsə, hər kəsin verdiyi “ənənəvi” sualları verməyim. Oxucuların 80 yaşlı Xalq şairi ilə maraqlı bir müsahibə gözləmək haqqı var. Soruşmaq istərdim, adı Fikrət, soyadı Qoca olan şair necə bilir, insan qocalınca fikir edir, yoxsa, fikir edə edə qocalır?
– İnsanın əgər ağlı varsa, demək fikir edə-edə qocalır. Əgər ağlı yoxdursa, bəli, qocalanda başlayır fikirləşməyə: Mən nə tez qocaldım?.. Onun da artıq bir mənası olmur.

– Siz “Adi həqiqətlər” adlı poema yazmısız, bir çox dərin həqiqətləri isə kiçik şeirlərdə ifadə etmisiz. Sanki adi həqiqətlər daha böyük format tələb edir, dərin həqiqətlər daha kiçik… – “Asan sualın cavabı çətin, çətin sualın cavabı asan olar” misalında olduğu kimi.. – Bu təsbitlə razısızmı?
– Tamamilə razıyam, çox düzgün təsbitdir.
Adi həqiqətlər geniş ərazidədir, yəni, onun radiusu genişdir, sanki horizontal inkişaf edir, uzununa yayılır… gərək gedəsən, həqiqəti görəsən, o biri həqiqəti də görəsən. – Nə qədər insan var, o qədər həqiqət var.
Həqiqət insanların barmağının ucunun izi kimi fəqlidir, hər kəs öz həqiqətini görür.
Dərin həqiqətlər, dərin düşüncə isə, sanki bir anlığa suya cumub, dərinliyə enmək kimidir, uzunluq dərinliyə işləyir, gərək bir dəfə dalmaqla dənizin dibindəki, dərinlikdəki həqiqəti görə, tapa biləsən.

– Sizcə, yeni Azərbaycanda ədəbiyyat, ədəbiyyatımızda yeni Azərbaycan necə görsənir? Ədəbiyyatımız, ədəbiyyat təsərrüfatımız yeni Azərbaycanı əks etdirməyə, canlandırmağa nə dərəcədə qabildir?
– Bunlar yanaşıdır, məncə. – Ya qoşa gedirlər ya da ayrılırlar. Ayrılırsa, o, düzgün nəticələrə gəlməyə imkan vermir, doğru deyil. Ədəbiyyat nədir? – günün, gündəliyin, dövrün bədii tarixidir. Təsəvvür edin, Troya savaşından, o dövrün hadisələrindən bəhs edən əsər – dastan olmasaydı, Troya döyüşləri haqqında, o dövr haqqında bizim necə məlumatımız olardı? – Ola bilər, müəyyən məlumat olardı, ancaq o əsər miqyasında dolğun məlumat olacaqdımı? Sanki ədəbi əsər bir tarixşünaslıq qaynağına çevrilmiş olur…
Ədəbiyyatın bir missiyası da, yaşadığı dövrü gələcək nəsillər üçün yaşatmaqdır. – Şair, yazıçı başqa dövrdə yaşamır axı, öz dövrünü yazmağa, yaşatmağa, bir baxıma, borcludur. – O öz dövrünün sevincini də, kədərini də, problemini də yazınca, bu olur yeni dövrün ədəbiyyatı, yeni ədəbiyyat yaxud yeni dövrün ədəbiyyatda inkası.
Deməli, yeni Azərbaycan öz dövrünü yaşayır, yaşadır: Bu yeni binalarla, bu yeni küçələrlərlə, təmizliklə, abadlıqla, deyək ki, yeni davranış əxlaqı ilə… Bunlar hamısı şairin, yazıçının öz dövrünə münasibəti ilə açılır, gələcək nəsillərə ötürülür, aydın məsələdir.
Ümumiyyətlə millət də dəniz kimidir, orada neçə cür canlı var… İnsanlar növbənövdür. Ona görə də, akademiya da tikmişik, dəlixna da… cəza evi də açmışıq, xəstəxana da… bunların hər birinin adamları var. Hər halda sağlam kütlə, qüvvə daha çoxdur və yeni Azərbaycan daha çox sağlam kütlənin, qüvvənin yaradıcılığıdır.
Xəstə kütlənin xəstə də şairləri olacaq. Onların içində də istedadlı yazarlar ola bilər. – Baxırsan, istedadlı adamdır, ancaq o sahənin – xəstə təxəyyülün admıdır, başqa şey görür… Məlum məsələdir ki, hər dövrün öz gerçəklikləri var, hər kəsi, hər şeyi öz yerində, öz dərəcəsində görüb, qiymətləndirmək lazımdır.

-Fikrət müəllim, siz həmişə Azərbaycan dövlətinin ədəbiyyata, ədəbiyyat adamlarına qayğısını yüksək qiymətləndirmisiz. Demək olar, bu qayğıdan söz açarkən də, bu qayğını, sözün yaxşı anlamında, özününküləşdirmiş, öz timsalınızda danışmısız. Bu qədirşünaslıq barədə daha nələri demək istərdiz?
– Bəli, ümumiyyətlə insan qədirşünas deyilsə, o atasını da tanımayacaq. Qədirşünas olmayan, edilən yaxşılıqlar yadında qalmayan adam yaddaşsız adamdır. Yaxud bunun lap kobud variantı – namərd adamdır..! Bir adam sənə əli ilə salam verib, çörək verib, sən necə onu unuda bilərsən? Birinin əlindən çörək alıb, arxasınca danışanı mən başa düşmürəm. – O adam atasının da arxasınca danışacaq, anasının da arxasınca danışacaq. Çünki qədir bilmir. Qə¬dirşünaslıq nə deməkdir? – Sənə qoyulan zəhmətin fərqində olmaq..!
Biz öz başımıza ha yaranmamışıq. Məni müəyyən vaxtadək anam-atam böyüdüb, amma sonra mən başqa insanlar arasında böyümüşəm, yaşamışam – hər kəsin məndə bir az zəhməti var. O zəhmətlərə cavab vermək lazımdır. – Məsələ budur – qədirşünaslıq!
Mən əlbəttə, Prezidentimizə çox minnətdaram. Çox təşəkkür edirəm ki, məni yenə unutmadı, növbəti dəfə təltif edərək, “Şərəf” Ordeni verdi. Bunları qiymətləndirməmək olmaz.

-Fikrət müəllim, 80 yaşın zirvəsindən ötən günlərə baxarkən, qaynar ədəbi mühitli günlər, bir xeyli mübarizələrlə, intiriqalarla “süslənmiş” illər necə görünür? – Siz hansı günlərin, illərin dadını-duzunu unutmamısız. İstərdiz o gün, o il bir də qayıtsın?
– Sizə bir az qəribə görünə bilər, amma mən öz ömrümün hər anının dadını bir-birindən ayırıram və hər anı ləzzətlə xatırlayıram. Məsələn, mən qayıdıb bir də ayrı cür yaşamağı heç fikrimdən də keçirməmişəm… bu heç mənim ağlıma da gəlməyib. Çünki yaşadığım ömür mənim ömrümdür – hər şeyi ilə birgə. Hər yaşanan anı, günü, ili üst-üstə yığanda ömür tam olur, mən dirilirəm… yaşayıram… Bu mənada, səhvim olubsa – o səhv də mənimdir. Mən o səhvi düzəltdiyim üçün yaxşı olmuşam. O səhvim olmasa, yaxşı ol bilməzdim bəlkə…

-Dad-duz demişkən, dövlətçilik baxımından bu suala cavab verdiz, siz haqlı olaraq, bir insan kimi vəfalı dost, duz-çörəyə sadiq insan kimi xarakterizə olunursuz. Bəlkə ona görə də, “Babalarım
qaçaq olub – mərd olub,
qoçaq olub – mərd olub”
deyə başladığınız şeiri yazdınız və şeiri
“Bəs bu namərdlər hardandır? –
Bax, bu mənə dərd olub.”
yanğısı ilə bitirdiniz..? Sizin özünüzün xarakterinizdəki, dediyimiz dəyərlərə sadiqlikmi sizi belə bir yanğılı şeir yazmağa vadar edib?
– Heç şübhəsiz. Axı bu nəmrd də mənim torpaqdaşımdır, vətəndaşımdır… qəbrimiz bəlkə yanaşı düşəcək… Məsələ, budur… o yandırır məni. Namərd düşmən olsa, başa düşmək olar – düşməndir də. Amma elə düşmən var, vallah mən onu namərd qohumdan, dostdan üstün tu-taram. Çünki düşmənim bütöv admadırsa, qoy olsun… Allah heç kəsə namərd düşmən də, dost da qismət eləməsin. Kişinin düşməni də olar, dostu da. Ancaq dost da olsa, düşmən də olsa insanlığı itirməyə..! İnsanlığı itirmək başqa şeydir! Bizi yıxan şey öz aramızdan çıxan namərdlərdir. Çünki onlar içimizə bələddir, xasiyyətimizə bələddir, damarımızı bələddir… Bu çox təhlükəli şeydir.

-80 yaşlı bir Xalq şairi ilə söhbət edərkən istər-istəməz, gənc yazarlara, ümumən xalqımızın gənc övladlarına, yeni nəsillərə sözünüzü, tövsiyyənizi soruşmadan keçmək olmaz… Nə de-yərdiz?
– Əslində “yeni nəsil” deyirik, bu anlayış özlüyündə çox köhnədir – Nizami də yeni nəsildən olub, Füzuli də öz dövründə yeni nəsildən olub, yeni nəslin şəxsiyyəti olub… Yeni nəsil həmişə olub. Amma bunların arasında, bilirsən, əlbəttə, keşmişə münasibət məsələsi də olub və bugün də var. Leninin məşhur sözü vardı, deyirdi: “Vannada çimdirilən uşağı, çirkli su ilə bərabər atmaz olmaz”. Yəni keçmişə münasibətdə “hər şeyi atmaq” düşüncəsi ilə hərəkət etmək olmaz. Heç gələcəyə münasibətdə də, hər şeyi atmaq olmaz. Yeni nəsli özünə görə təhlil etmək lazımdır. Bəzən deyirlər, filankəs qanmır. A balam, qanmır, çalış qandır də. İstedadın qabağını kəsmək olmaz. Qanmasa da, başı daşa dəyib qayıdacaq. Amma yolunu kəsməklə, sındırmaqla, sən ola bilər, onu məhv edərsən. Bəlkə, bir balaca dözsən, dəstək dursan, yanlış yoldan dönəcək? Yanlış yoldasa da, gedib, divara çırpılacaq, qayıdacaq bəlkə? Bəlkə böyük yoldan çıxıbsa da, cığır axtarıb, qayıdacaq. Əgər içində istedad əlaməti varsa, haqq yola mütləq qayıdacaq… Gərək düşünəsən ki, mən özüm də yeni nəsil olmuşam axı… Bir sözlə, istedadlı gəncin yolunu kəsmək yox, onu dinləmək lazımdır. Onlar da, dinləməyi bacarınca, deyilən söz, görülən iş daha təsirli olur.

– Fikrət müəllim, Qarabağ, Bütöv Azərbaycan, Türk Dünyası mövzularının ədəbiyyata gəlişi, şəkillənməsi sizi qane edirmi? Bu mövzular nə dərəcədə əks olunur? “Qarabağsız Azərbaycan, Azərbaycanısz Türk Dünyası, türk Dünyasız Dünya yoxdur!” – Bax, o üfüq ədəbiyyatımızda görünürmü?
-Deyərdim, tam deyil hələ. Mənim fikrimcə, biz hələ tam əhatə edə bilməmişik bu mövzuları. Bilirsən, bizim Güney Azərbaycanımız var, ancaq elə bil ki, bircə Araz çayı yaddan çıxmayıb. Sovet dövrü daha çox yazılırdı Güney mövzusunda. Heç olmazsa, yaddaşda sərhəddi gö-türmək lazımdır. Axı Arazın altında torpaq ayrı deyil, bütövdür, sərhədsizdir… Təkcə Qarabağ deyil axı, dərdimiz… İntəhası, Güneydə hər halda insanlar öz ev-eşiklərindədir, Qarabağda tamam başqa cürdür. Qarabağı illa da almalıyıq. Bəlkə də, almağımızın gecikməsi də bizi Qarabağa daha çox bağladı – qədir-qymətini getdikcə daha çox başa düşdük… Getdikcə bizi daha çox göynədir Qarabağ..! Həm də, yalnız Qarabağ deyil – yenə torpaqlarımıza göz dikənlər var. Biz isə heç kəsdən torpaq istəmirik – özümüzün olanları istəyirik, qaytarmaq, qorumaq istəyirik. Özümüzünküləri istəyirik.
Güneydəkilər bizim öz millətimizdir deyəndə niyə təəcüblənməlidirlər? Yaxud İrəvanda mənim torpağım var, orda qohum-əqrabam yaşayıb… Özü də ermənilər bizim torpaqlara gəliş-lərinin 150 illiyi ilə bağlı abidə ucaltmışdılar. Biz isə burada min illərdir varıq, buralar bizimdir.
Amma onu da deyək ki, get-gedə it gününə düşür ermənilər və yenə bizə möhtac olacaqlar, bizə ağız açacaqlar. Yenə biz torpaqlara qayıtmalıyıq. Biz bunu istəyirik, bunları ifadə etmək istəyirik. Biz o torpaqlarımızı alacağıq və öz gücümüzə alacağıq. Mən buna inanıram!

-İnşallah. Şair sözü həm də alqışdır.
Fikrət müəllim, siz bir dəfə gənc yazarlarla görüşdə dediniz, sizə ən böyük tövsiyəm odur, özünüzü aldtmayasız. Siz neçə illərdir AYB-də çalışırsız, I katibsiz. Bura gəlib-gedənlər arasında özünü aldadanlar çoxdurmu? Çoxmu rast gəlir sizə özünü aldadanlar?
– Çoxdur, çox!.. Öz yerini bilməyən, özündən razı, müştəbeh olanlar… Amma beləsi başa düşmür ki, öz təsəvvüründəki deyil. Çox təəsüflə deyirəm, bunları… Bu da bir xəstəlikdir. Düzdür, mədəni adı var – eqozim..! Hamıya özündən aşağı baxır, amma öz yerini müəyyən edə bilmir. Bilmir, neçənci mərtəbədədir. Güzgüyə baxıb, özünü tanıya bilmir. Güzgü sənin əməllərindir. Ola bilər, kimsə özünə sünii bığ qoyar, güzgü də.. şüşədir də, onu göstərər, amma bu sənin özün deyilsən axı. Adamın özü əməllərində açılır, əməllərində görsənir, əks olunur… Adamın əməli, qaldırdığı yük onun özünü ifadə edir. Bunu bilən azdır. Belə bir söz var, “Heç kəs öz ayranına turş demir”. Ancaq turş deməsə də, şəkər deyil axı o ayran… Üstəlik, öz turşunu şəkər yerinə sırıyırsan, başqasının şəkərinə turş demə barı… Gərək adam bunları görə və öz qiymətini də doğru verə.

– Sonda bir məsələyədə fikir bildirməyinizi istərdim. Bu da dövlət dilimizin ayrı-ayrı mü-əssisələrdə, idarələrdə gərəkən səviyyədə tətbiq olunmaması barədədir. Dövlətin, şəxsən dövlət başçımızın dilimizin qloballaşan dünyada qorunması, inkişafı ilə bağlı mövqeyi, bir parlaq örnək olaraq mövcudkən, müşahidə olunan çatışmazlıqları necə qəbul etmək olar? Bu mövzuda nə düşünrsüz?
-Vallah, bizdə bir Dil Komissiyası vardı, o da son vaxtlar işgüzar deyil, gərək cavanları, fədakarları işə cəlb etsin, fəaliyyətini daha canlandırsın.
Doğrusu, bəzi məmurların danışığı da məni qane etmir, dili doğrayıb-tökürlər. Məmurlar gərək prezidentdən örnək alsınlar. İlham Əliyev neçə xarici dil bilir, öz dilində hamısından yaxşı danışır, bəzi məmurlarsa, öz ana dilində doğru-dürüst danışa bilmir.
Yaxud öz restoranına, şadlıq evinə və s. ad verən işadamı da, birinci növbədə, öz sözümüzə, öz dilimizə müraciət etsin gərək. Gərək çox ciddi fikir verilsin bu işə.
Qabaqlar da belə problemlər olub, tarix boyu… Məsələn, “Quran” ərəbcədir, görürsən, bir molla onu əzbərləyə bilir, ancaq öz ana dilimizdə izahını vermir. Axı bu mənim müqəddəs kitabımdır, bilməliyəm orda nədən danışılır. Birdən elə surəni ölünün üstə oxuyurlar, ölüyə heç bir aidiyyatı yoxdur. Ölünün sözünü diriyə, dirinin sözünü ölüyə demək lazım deyil. Bunu bilib, sonra oxumalıdırlar.
Bax, şadlıq evlərində, başqa yerlərdə dilə münasibətlə bağlı çatışmazlıqlar da həmin qəbil-dəndir, deyərdim. Gərək, elan, çağırış, ad göstəricisi və s. dövlət dili ilə yazılsın, digər dil (ingiliszə, rusca…) və əlifbada yazılırsa da, bir qədər fərqli, kiçik şəkildə və doğma yazılışdan sonra olsun…
Qanunumuz var. Hamımız boynumuza düşəni eləməliyik. Hər şeyi Prezidentdən göz-ləməliyikmi? Hər şeyi omu etməlidir? Bəs bizim mənəvi öhdəliklərimiz… vətəndaşlıq borcumuz… yazar borcumuz?!.

– Doğru deyirsiz. Maraqlı söhbət üçün təşəkkür edir, bir daha yubileyiniz və yüksək təltifiniz münasibəti ilə təbrik edirəm.
– Mən təşəkkür edir, uğurlar arzulayıram.

“BizimYAZI”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.