Ana səhifə YAZILAR “Ruhun qidasıdır, dərdin dəvası”… – Şeirlər

“Ruhun qidasıdır, dərdin dəvası”… – Şeirlər

Müəllif: Bizim Yazı
989 baxış

Yusif GÜNAYDIN

Aktyorun duası

Çatdı bu əfsanə başa bu axşam
Sonuncu vurğunu vurub son sözə,
İşıqlı səhnədə əfsunlanmışam
Məchul qaranlıqla durub üz-üzə.

Bir sevinc calanır həyəcanıma,
Ələnir aləmin ələmi, yaşı…
Məlhəm tək yayılır yanar canıma
Qaranlıqdan qopan alqış dalğası.

 

Qaranlıq canlıdı, nəfəs alır o,
Qaçırmır heç nəyi, duyur hər şeyi.
İlk andan son ana – tamaşa boyu
Nəbzimlə həmahəng vurur ürəyi.

Rəğbəti ən böyük mükafatımdır,
Zəfər müjdəlidir səsi, sədası.
Fəxri ad umanlar, fəxri adımdır –
qaranlıqdan qopan alqış dalğası…

Fitnə-fəsad səpib, ədavət əkir,
İblislər dolaşır kulis arxası…
Məni yerdən alıb göylərə çəkir
Qaranlıqdan qopan alqış dalğası.

Evdə bir çimdik çay, bir parça çörək
Qalıbmı görəsən, bilmirəm bunu.
Dostlar şuxluq edir – nəyinə gərək?
Qəpik yox, çəpik var, sənət vurğunu!

Mənim rübabım da, neyim də odur,
Ruhun qidasıdır, dərdin dəvası…
Mənim şərabım da, meyim də odur –
Qaranlıqdan qopan alqış dalğası..!

Bir işıq izinə düşüb gedirəm,
Amalım alidir, amacım uca.
Hər gün tər içində təzim edirəm
Alqış dalğasının qarşısındaca…

Uca dərgahına ulu yaradan,
Çatsın bu bəndənin bircə duası –
Kəsilsin nəfəsim, kəsilən zaman
Qaranlıqdan qopan alqış dalğası..!
31 avqust, 2015

***

Yüz axın can atır dərin ümmanın
Qəliz qatlarından duru yerinə.
Hərlənib qayıdan Nuh əyyamıdır,
Güman yox dünyanın quru yerinə.

Yoxuşu qayalıq, enişi çamur,
Bu yola çıxanlar ondan nə umur?
Bir qalaq kül çökür, bir ovuc kömür
Soyuyan ocağın qoru yerinə…

Tər çiçəkləri dər, qoynuna yığ sən,
Vəsli vəsf eləyib, həsrəti yıx sən…
Gözlərim yol çəkir, bu yola çıxsan,
Qayıdar onların nuru yerinə…
26 sentyabr, 2015

***
Bahar sorağı var dan nəfəsində,
Dağlar yeni-yeni binə gözləyir.
Qonşu pinəçinin dar külbəsində
Bir dam ayaqqabı pinə gözləyir.

Yırtıq çəkmələri Məzahir usta
Yamıyıb tikməkçin biz ilə dələr.
Sonradan qayıdıb yolların üstə
Yenə yeriyəcək nimdaş çəkmələr.

Kimi sərvət gəzir, kimisi ad-san,
Çığıra iz atır, yola səs salır…
Yollar çağırdıqca yaşayır insan,
Yollar uzandıqca… ömür qısalır…

Yorsa da bu yollar adamı axır,
Yenə gözü yolda, qulağı səsdə.
Ayaqyalın çıxır, əliboş çıxır,
Axirət yoluna axır nəfəsdə.
14 sentyabr, 2015

Ayrı şeydi

Gəl sənə söyləyim, ay alim əmi,
Şeytan ayrı şeydi, cin ayrı şeydi.
Boğ kini, rədd elə qəmi, ələmi,
Qüssə ayrı şeydi, kin ayrı şeydi!

Necə yaxşı deyim hər cür andıra,
Nadana mətləbi kimlər qandıra?
Haq yolundan azma, dur, amandır, a,
Məzhəb ayrı şeydi, din ayrı şeydi!

Kimlər at oynadıb qoca dünyada?
O mərd ərənləri hərdən sal yada.
Yaxşı bax, gözləri qıyıq olsa da,
Uyğur ayrı aləm, çin ayrı şeydi!

Dünya dəyişəndə çox bərbad olur,
Hamı çaşbaş qalır, hamı mat olur.
“Postovoy” polis də diplomat olur
Axı DİN ayrı şey, XİN ayrı şeydi!

Bu ömür yolunu düz seç, düz yeri,
Qoymaq istərsənsə orda iz yeri.
Fərənin öz yeri, malın öz yeri –
Tövlə ayrı şeydi, hin ayrı şeydi!

Nə dəyər gözünə, çıxsan diki sən?
Ayır himi-cimdən, “cik”dən “bik”i sən.
Çalış ki, seçəsən tükdən-tükü sən
İplik ayrı şeydi, yun ayrı şeydi!

Çəkmə xəncərini o yastı qından,
Qan yox, gül qoxlansın o yastığından…
Görən heç nə qanmaz o yazdığından
Qanacaq, mərifət çün ayrı şeydi!
15 dekabr, 2014

Etiraf
Bilməm niyə getdin, niyə döndün, niyə baxdın…
Hüseyn Cavid

Sən getdin… Düşündüm nə olsun axı,
Ayrılıq hər şeyin sonu deyil ki…
Son anda qanrılıb geri baxmağın
Bir saniyə çəkdi, uzağı, iki…

Bu iti axında nədir iki an?
Çabuq qanad açıb uçan göyərçin.
Bu anlar ayrıldı vaxt axarından
Hökmünü tarixə həkk etmək üçün.

Gözlərin saçdığı o məna nədi,
Sözlərin açdığı mənadan dərin?
Mənə nələr dedi, nələr demədi
Azca doluxsunan ala gözlərin.

Gözümdə fəsillər dolandı bir-bir,
Bilmədim alqışdı, yoxsa qarğışdı.
Ağrılı-acılı bütöv bir ömür
O ikicə ana rahat sığışdı…

Nədir incik salan yarı yarından?
Xəta var, günahdı, əfv etmək çətin.
Bu anlar ayrıldı vaxt axarından,
Anbaan ömrümü qəhr etmək üçün.

Yox, bu qınaq deyil, giley deyildi,
Bilmədim nə idi gözlərindəki;
Saçıma dən düşdü, qəddim əyildi,
Bir saniyə çəkdi, uzağı, iki…
27 iyul, 2015, Bakı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.