Ana səhifə YAZILAR Haqdan əmanətdi…

Haqdan əmanətdi…

Müəllif: Bizim Yazı
941 baxış

BƏYDADAŞ CƏFƏRLİ. 2013-ün şeirlərindən

Mən

Tamahla ağlımın çəkişməsində,
Həmişə ağlıma havadaram mən.
Nəfsinə uyanlar günahkardılar,
Harda qanun vardı, orda varam mən.

Min bir hikmət vardı bir həqiqətdə,
Əsil insanlıq var səmimiyyətdə.
Bütün dostlarımla münasibətdə,
Elə özüm boyda ehtibaram mən.

 

Zirvələr bürünür dumana, çənə,
Dövran doğrulara olubdu tənə.
Bundan əziyyətlər çəksəm də, yenə,
Sözümdə, vədimdə düz ilqaram mən.
05.01.2013

Çıxıb

Xoş güzəranlığı yaylaqlardadı,
O yaylağın yolu yadımdan çıxıb,
Divanı başlayıb günahsızların,
Qolumun qandalı yadımdan çıxıb.

Taleyim həyatda azdırıb məni,
Çöküb yollarıma dumanı, çəni.
Təkcə əzab olar bəxtimin təni,
Sevincin sağ-solu yadımdan çıxıb.

Halallıq olurdu insan vüqarı,
Tamah üstələdi namusu, arı.
Təhnəni doldurmur əlin qabarı,
Xalqın cah-cəlalı yadımdan çıxıb.
05.01.2013

Sıxılmasın

Bir böyrü üstünə əyilən yerə,
Çiyin vermişəm ki, qoy yaxılmasın.
Dərdinin çoxunu özüm çəkirəm,
Haqdan əmanətdi, çox sıxılmasın.

Biri meşələrin hasara alır,
Biri dağlarına vəlvələ salır.
Biri ilan olub ayağın çalır,
Necə eləsin ki, bu dağılmasın.

Deyən tapılır ki, çatıbdır sonu,
Xilas edə bilmir duyanlar onu.
Bərbad hala salıb insanlar onu,
Necə görsənsin ki, pis baxılmasın.
05.01.2013

Alın yazısı

Təkcə zəmanəsi müxtəlif olur,
Ölüm hamımızın alın yazısı.
O, kəs bu dünyadan  xoşbəxt köçür ki,
Həyatda qalmasın gözdə arzusu.

Dar ağacı olub indi çörək də,
O ağac qurulub milyon ürəkdə.
Qanun yetim qalan çox məmləkətdə,
İnsanların daşdan çıxır ruzusu.

Pozurlar əxlaqı tükənir həya,
Bulaqlar qarışıb bulanıq çaya.
Hər cürə çirkaba qarışıb maya,
Həyat özü olub ölüm kabusu.
05.01.2013

Eləməyək

Söz Allah payıdır, paydan pay olmaz,
Mədhə gəlməyəni mədh eləməyək!
Söz təkcə Allahdan  aşağı durur,
O cür yüksəkliyə qəsd eləməyək.

İstedad Tanrıdan deyilsə, hərgah,
Şairəm söyləmək ən böyük günah.
Onun qiymətini veribdi Allah,
Dəyərdən salmağa cəhd eləməyək.

Nəsimi söz üstdə çəkildi dara,
Yenə də dönmədi, büründü ara.
Suriya bu gün də gəlibdi zara,
Tanrı qisas alır, əhd eləməyək.
05.01.2013

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.