Ana səhifə YAZILAR HƏRBÇİ ŞAİRDƏN YENİ ŞEİRLƏR

HƏRBÇİ ŞAİRDƏN YENİ ŞEİRLƏR

Müəllif: Bizim Yazı
987 baxış

Zaur SAHİL

Adınla səslənən qadını sevdim

…Mən oyunu artıq başa vurmuşdum,
Sən oynunu oynadıqca oynadın.
Uşaq vaxtı oynadığım, qızcığaz,
Böyüyəndə həyatımla oynadın..!

Səndən umacağım nə ola bilər? –
Bir dünya boydalıq dərdlər qazandım.
Adınla səslənən qadını sevib,
Sənsizlik damının altda dayandım…
17.02.2014, Bakı şəhəri

İlahi, görəsən, o qız hardadır?

Həmişə yanımda əzizdi xətri,
Ruhuma hopubdu bənövşə ətri,
Yaman darıxıram o qızdan ötrü,
İlahi, görəsən, o qız hardadır?

Hər məni görəndə uşaqlaşardı,
Qaçaraq üstümə qucaqlaşardı…
Sevgisi bulaq tək aşıb-daşardı,
İlahi, görəsən, o qız hardadır?

Bir istək içimdə haray qoparar,
Məni məndən alıb, ona aparar…
Bağlanar üzümə həsrət qapılar,
İlahi, görəsən, o qız hardadır..?
Sentyabr 2013/ Bakı

***
Həsrətin gözümə batır tikan tək
Qəmli xəyalları yığa bilmirəm.
Bulud tək dolsam da, boşalsam da mən,
Nədənsə heç zaman yağa bilmirəm…

Kədəri bağlayıb sevgi yoluma,
Sevən ürəyimə xal gətirirsən…
Yazığın gəlmirmi tənha halıma,
Mənə gül yerinə xar gətirirsən..?

Ayrılıq əzaba bağlıdı billəm,
Səni unutmağım ölümdü mənə…
Nə qədər yaxında olsam da, inan,
O qədər uzağam… uzağam sənə…
Yanvar 2013/ Bakı

Qaldı
Zülfiyyə bibimə

Qışın gözəlliyi qardı, deyirdim,
Yaşın gözəlliyi yardı, deyirdim,
Çoxlu ümidlərim vardı, deyirdim,
Düşüb əllərimdən sınığı qaldı.

Böyüdüm arzular göründü, getdi,
Üşüdüm həsrətə büründü, getdi,
Saxladım, yıxılıb süründü getdi,
İlişib qəlbimdə qınağı qaldı…

Baş alıb səhraya getmək istədim,
Gecələr göyləri güdmək istədim,
Ayın yaxasını didmək istədim,
Yaxşı ki, həyatın sınağı qaldı…
Oktyabr, 2013/Bakı

Təmiz qadın

Nədir gözlərində o sual, qadın?
Məndə o suala cavab gəzirsən?
Bir görsən, dünyanın hansı vaxtıdı,
Günahkar adamda savab gəzirsən.

Məndə günahlara batan biriyəm,
Hiss etsə milçək də qonmaz üstümə…
İstəsən qəlbimi verə bilərəm,
Ancaq gəl təmizlik, saflıq istəmə…

Çalış qoruyasan təmizliyini,
Natəmiz dünyadan, ey təmiz qadın..!
Oyunlar içinə düşə bilərsən,
Oyuncaq adlanar o gözəl adın.
26.04.2013, Bakı şəhəri

***
Qəribə duyğular ötür sinəmdən,
Nəğməkar deyiləm, şair deyiləm.
Sən Allah sevgimi götür sinəmdən
Mən sənin sevginə dair deyiləm

Sənin ürəyində yanan məhəbbət
Məni alışdırıb, yandıra bilməz.
Qəlbində nə qədər sevgi olsa da,
Müqqədəs sevgini andıra bilməz.

Sən ayrı məhəbbət ocağındasan,
Mən ayrı istəyə bağlıyam indi..!
Bircə öz atamın oğlu deyiləm,
Başqa atanın da oğluyam indi..!
25.01.2013, Bakı şəhəri

***
Mən səndən yarımadım
Sən məndən yarı yarı
Məndən adam olmadı
Səndən adam olsun barı

Ürəyimdə qızınan
Ovunmadı yazınan
Hər gün sənə uzanan
Sındıracam qolları

Dərdim başımdan aşır
Gözüm yaşımdan aşır
Sənsiz mənə dolaşır
Saxlayacam yolları
Bakı-20.06.2014 

20 Yanvar günü

O gün şəhid məzarına çevrilmişdi,
Başdaşı tək dayanmışdı Azərbaycan.
Gözlərindən su yerinə qan axırdı,
Qan rənginə boyanmışdı Azərbaycan.

Əsarətin zəncirini qirmaq üçün,
Azadlığın naxışını vurmaq üçün,
Yeni həyat, Yeni dünya qurmaq üçün,
Yuxusundan oyanmışdı Azərbaycan.

Özü boyda dərd olsa da, sinəsində,
Yaşamağa ümid vardı nəfəsində…
Azadlığa yol gedirdi sevgisində,
Həsrətini soyunmuşdu Azərbaycan.
20.01.2014, Bakı şəhəri

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.