Ana səhifə BAŞ YAZI GÜNAYDINLIQ

GÜNAYDINLIQ

Müəllif: Bizim Yazı
494 baxış

Əkbər QOŞALI

Bu il Yusif Günaydının 60 yaşı tamam oldu – o, indi 60-ın üstündədir.
Bu il Yusif Günaydının müəllifi olduğu “Qərib axşamlar”ın 1 yaşı tamam oldu. – O, öz verilişi ilə neçə uğur qazansa da hələ sıradakı böyük uğur(lar)ın birinci addımını atdı yəni..!
Mən bu yazıda nə onun öz yubileyindən, nə də populyar verilişindən söz açacağam. Bu dəfə onun Yusif kimi Yusif (gözəl), halımızı, günümüzü aydınladan “Mozaikalar”ından söz açacağam. Bunu neçə vaxtdır düşünürdüm, ancaq “düşünürəmsə (demək) varam” ünlü deyimini yenədələmiş olmayım, özümü bu düşüncədən bir an öncə azad etmək istəmirdim. Necə deyim, xoş idi –  usta qələmin, dəyərli aydınımızın haqqında yazacağım yazının yazıərəfəsində olmaq. Bir də oxuyurdum, bir də baxırdım və bir də vurulurdum Yusif Günaydın qələmindən çıxmış “Mozaikalar”a. Hansısa anımda yeknəsəklikdən çıxmaq üçün; bir də görürdün ovqatımın durulması üçün; başqa zaman bir başqa mənəvi-ruhi ehtiyacla üz tuturdum o gözəlim yazılara… Ancaq “həvəsdi –bəsdi” deyiblər; deyiblər “artıq içiləndə dərd verir su da”… Mən bu gün, bəlkə də o qədər geniş olmayacaq yaxud o qədər də qüvvətli çıxmayacaq – bilmirəm – yenə bir şeylər yazmaq, ürəyimi boşaltmaq istəyirəm. Sanki “Mozaikalar” məni elə özünün və yazarının adının energetikası kimi haldan-hala, havadan-havaya salıb…

Yusif Günaydının “Mozaikalar”ı! –yalnız hər biri bir başqa mətləbi, bir başqa mövzunu (zamanı, məkanı, insanı, …) anlatmaqnan qalmayıb, hər mətnin içində belə mozaiklik var (- sözün yaxşı anlamında). Usta bir qələm kiçik bir yazıda ən azı böyük yazının “ipucları”nı verir, oxucusunu fərqli qaynaqlara sövq edir; kitaba, dəftər-qələmə səsləyir…
Yusif Günaydın və “Mozaikalar”! – Deyir – Sürətlər sürəti yüzilliyində, hələ-hələ daha sürətli işlər içərən (görəvlər daşımaqla yükümlü olduğumuz) məkanda, məhz adı Yusif, təxəllüsü Günaydın yazmalıdır və məhz (həm də) bu formatda yazmalıdır!..
Yusif Günaydın “Mozaikalar”ı! – Dünənə (gah fiziki, gah da mənəvi baxımdan dünəndə qalmışlara) özgü yanaşma, bu günə “hesablanmamış yer“dən baxış və gələcəyə ümidli (deyərdim, sorumlu!) yönəliş məzmunundadır!
Yusif Günaydınlı “Mozaikalar”! –İstər “Tünük buz” bölməsini, istər “Qara reyhan”, istərsə də “İşıq” bölməsini oxu, özü də yazarının adını görmədən oxumüş ol – Həssas Ürək, Vətənkeş aydın, Türk Dünyası sevdalısı və İnsanlıq (və Doğa) Aşiqini görəcəksən!
Yusif Günaydının “Mozaikalar”ı! – Elə bil, məni yazıb, səni yazıb, onu yazıb, bizi yazıb… Elə bil, hər birimizi dinləyib, gələnəksəl sözlə desəm, “hamımızın gördüyü, hamımızın yaşadığı, ancaq heç birimizin yazmadığı (bəlkə, yaza bilmədiyi) nəsnələri yazıb!

Təsviri sənətdə “Mozaika” puldan, balıqqulağından, qumdan, lələkdən,  istifadəndən çıxmış (yaxud başqası üçün gərəksiz görünən) əşyalardan hazırlanır; pulnan pul (var-dövlət), balıqqulağı ilə balıq canlandırılmır, təbii – baxarsan puldan adam çıxdı, balıqqulağından ulduz çıxdı, qumda Aypara (yaxud Ayüzlü qız) iz saldı, qanadlı at doğdu… Yusif müəllimin “Mozaikalar“ında “material” duyğudu, hiss-həyəcandı, fikirdi, qayğıdı, kədərdi, sevgidi, ümiddi..! O, “Mozaika(lar)” türündə yazır və mən 60-ını aşırmış usta qələmin niyə povest yazmadığını, roman yazmadığını, nə bilim, örnəyi, irihəcmli yeni bir elmi-fəlsəfi əsər yazmadığını düşünürəm. – Özündən soruşmamışam, doğrusu. – İstəyirəm, özüm tapım. Mənə elə gəlir (əgər bənzətmə gərəkirsə), onun romanı Mixail Şoloxovun, İsmayıl Şıxlının, Fərman Kərimzadənin romanına bənzəyər, o miqyas(lar)da şəkillənərdi. Hələ-hələ təbiət lövhələri!.. Tanrı Yusif Günaydına bəxş etdiyi qüvvətli yazıçı müşahidəsi yetənəyini çox az adama verib. Ancaq Tanrı Yusif Günaydına eyni zamanda başqa görəvlər, yetənəklər də verib və onlar günümüzdə, televiziya aparıcısı, rejissor, ssenarist, siyasi icmalçı, öyrətmən, çevirmən, şair-publisist, ictimai xadim, ülviyyətli dost, fədakar ailə başçısı, aydından-aydın qonşu, sayğılı iş yoldaşı, sevən ürək sahibi və daha necə şəkildə təcalla edir… O, necə deyərlər, birxətli, biryönlü çalışmada buluna bilməz, onun münasibətlər, çalışmalar toplusu özü roman(lıq)dır..! ( – Nə gizlədim, özüm-özümü inkar etmiş olmayım, hərdən də düşünürəm, bəlkə onun dostdan, iş-gücdən oğurladığı vaxtlar nə zamansa üzə çıxacaq romana yönəlib, bilgimiz yoxdur.!? – Keşkə olsun! – İnciyəsi ha, deyilik…)

Yusif müəllim doğulduğu ailə, doğulduğu yurd, daşıdığı qan, sahib olduğu Ürək, aldığı təhsil, gəzdiyi Sibir, vurulduğu Türk Dünyası, peşəkarı olduğu Sənətlə; özəlliklə vurğulamaq istərdim Ulutürk dostu olmağı ilə “ətə-qana doldurur” GÜNYADINlığını! Elə “Mozaikalar”ın bir neçəsi də Xəlil Rza Ulutürkə ad edilib. Ad edilib demişkən. – Balaca bir yazı və onu kiməsə ad etmək! – Bu hər dəm uğurlu saylmaz, doğal olaraq. Yazar öz yazısından, o yazıdakı mətləbin miqyasından, həmin mövzunu necə həll etməsindən onca əmin olmalıdır ki, onu kiməsə ad etsin, özü də Ulutürk kimi bir parlaq ada!

Yusif müəllimin Sibir anılarını dinləmək, oxumaq mənim üçün ayrı bir ləzzət qaynağı, ilham bulağıdır. Türk yurdu Sibir ola, türk oğlu Yusif Günaydın ola, gözəlim Söz ola! Eləcə də onun “əbədi tufanlar məmləkəti” Çilinin Nobel ödüllü şairi Pablo Nerudadan oxuduğu şeirlər… – Bu axışın, bu vuruşun, çırpıntının qarşısında duruş gətirməkmi olar?!. Su (Anasu, Yenisu!) kimi qıvrım-qıvrım axar xəyallar, Dəniz kimi qabarar Ürək..!.. O gecə yuxum ərşə çəkilər, o səhər üfüqün ötəsinə can ataram və qələm dadıma çatar… – Belə günlərin birində “Altaylardan qopan atlar”, birində “Ürəyimin yaddaşı var”, birində “Yovşan qoxlamırıq, ata minmirik”, digərində bir başqa şeir, nəhayət “Turan söyləmələri” yaranar…

Yusif Günaydın! – Neçə ildir eşidirik onu, baxırıq ona, öyrənirik ondan, işbirliyində bulunuruq onunla! Nə mutlu onun dostlarına!
Sayğılar, əfəndim…

Abşeron, Atyalı, 13.07.2011.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.