Ana səhifə BAŞ YAZI Gənc yazardan anlamlı bir öykü

Gənc yazardan anlamlı bir öykü

Müəllif: Bizim Yazı
969 baxış

Tural İRFAN

QULAQ (hekayə)

Gedirdi və gedə-gedə fkirləşirdi. Fikirləşdikcə şirin-acı düşüncələrin xoşluğu canına yayılırdı. “Atam qocalır, anam xəstədir. Rusiyada çox veyilləndim. Otuz beş yaşa çatıram. Ailə qurmaq vacibdir… İndi də ki, müharibə. Deyəsən bu xəmir çox su aparacaq. Allah bilər… Hələ ki, vuruşuruq. İki ilə yaxındır başlamışıq türkləri hürkütməyə. Buradan yeddi kəndi aldıq. Alacağıq Dağlıq Qarabağı da. Rusiya lap Pyotrun dövründən bizim arxamızda durur. Fransada, Amerikada, lap bu İranın özündə, hər yerdə bizi müdafiə edənlər çoxdur. Çox yerdən kömək edirlər bizə. Sağ olsun dünyaya səpələnmiş qardaşlarımız, ziyalılarımız, varlılarımız. Xaricdəki lobbilərimiz çoxlu dost qazanıblar, tərəfdar toplayıblar. Aləmi inandıra bliblər ki, Dağlıq Qarabağ qədim erməni torpağıdır, Zori Balayan demişkən, hay ocaqlarından biridir. Dünyanın çox hissəsini inandıra bliblər ki, Azərbaycan türkləri bu torpağa çox sonralar, müsəlmanlığı qəbul edəndən sonra gəliblər. Azərbaycanın ərazisində olan xristian abidələrinə yiyələnməkdəyik. Köhnə-təzə, bütün tarixçilərimizə min rəhmət, albanların, türklərin nəyi varmışsa itirib- batırıb, məhv ediblər. Ən gərəklilərinə isə yiyə durmuşuq. Arakel müəllim demişkən, Matenadarandandakı əlyazmalarından tutmuş, muzeylərimizdəki saxsı parçalarınadək – çoxu Azərbaycan torpağından əldə olunub. Lap yaxşı da eləmişik, əlimizin içindən gəlib. Arakel müəllim deyərdi ki, əsl erməni mişar yox, kərki olmalıdır. Yəni mişar kimi dişinə gələni iki tərəfə verməli deyil, kərki kimi ağzından çıxanı özünə tərəf eləməlidir. Allaha şükür, bizimkilər, irəli çıxan-la¬rımız, imkan tapanlarımız elə də olurlar. Əşi, bacarana baş qurban! İndi türklər sübut eləsinlər ki, ermənilər filan məsələni, filan şeyi düz demirlər, düz yazmırlar. Ay elədilər ha! Ölmüşdü Ambarsum… Öncə albanlara, sonra türklərə qarşı soyqırımı baş-layan bizimkilər olub, fəqət türklərin ermənilərə qarşı soyqırımı barədə planetin hər yerinə car çəkən də bizimkilərdir.
Türkləri həmişə qabaqlayırıq. Onlar dayaz yer tapıb çırmanınca, biz çayı adlayırıq… Budur, Ermənistanda etnik təmizləmə başa çatmaq üzrədir, Dağlıq Qarabağda da həmçinin. Bəli, erməni yaşayan yerdə, ancaq erməni yaşamalıdır. Hayestan haylar üçündür, türklər, malakanlar, kürdlər üçün yox!
Arakel müəllim nələr danışırdı tarix dərslərində?! Bizim daimi düşmənimiz türklərdir. İndiki müharibə planımızda, Qarabağın azad edilməsi planında çox şey var. Keçən həftə gizli müşavirədə general deyib ki, balalarım, qabağınıza çıxanda, yaşayış məntəqələrini qoyub qaçmayanda, necə ki, Bağanıs Ayrımda etdiniz, sizə əsir düşəndə türklərə qarşı yalnız mümkün olan yox, könlünüz istəyən metod və vasitələrdən istifadə edin. Türklərdən gördüyünüz yaxşılıqları unudun, pislikləri iki qat artığı ilə gözünüzün qabağına gətirin, onda onlara ən layiqli cəza verə bilərsiniz…
Doğru deyib, lap ürəyimdən deyib general. Hə, o gün əsir türk gədəsini bizim uşaqlar öz qibləsinə boğazladılar, qanından içdik. Son yarım ayda üç cüt türk qulağı, iki türk başı gətirib uşaqlarımız. Gətirənlərə qapalı fonddan pul mükafatı veriblər, beş günlüyə evə buraxıblar. Budur indi mən də türk qulağı gətirməliyəm; amma qorxulu işdir. Ölümlə siçan- pişik oyunudur. Nə edim? Vaxtım da azdır. İki gün iki gecə keçib. Sabah saat on ikidə məni gözləyəcəklər ki, gətirdiyim türk qulağına doyunca baxsınlar, sonra mənə pul mükafatı versinlər, sonra oturub yeyib-içsinlər, sonra qulağı öncəkilər kimi Stepanakertə çatdırsınlar.
Görəsən, haraya göndərirlər türk qulağını, türk başını? – dəqiq bilən yoxdur. Bəziləri deyirlər, Yerevanda onun da uçotunu aparırlar. Bəziləri söyləyir ki, imkanlı və ahıl ermənilər nəmər verib alırlar. Bir parası da deyir, bununla biz cavanlarda türk ovlamağa, türk öldürməyə vərdiş yaradırlar. Nə bilim, vallah…
Bir az nəfəs dərmək üçün dayandı. Oturdu. Ətrafa diqqət yetirdi, qulaq asdı. Sakitlik idi. Axşamdan olsa da, hava soyuyurdu. Qışdır axı. Yola düşəndə bir nəfəsə başına çəkdiyi yarım litr spirtin istisi hələ canında idi. Qalın geyinmişdi. Yaxşı ki, papiros çəkmirdi. Hələ xeyli yol vardı qəbiristanlığa. Dünən bu fikrə gəldiyi vaxtı xatırlayıb ayağa durdu və yoluna davam elədi. “Türk qulağı gətirmək üçün gərək türk kəndinə girəsən, ya da türk kəndinin yollarında pusquda durasan, ya da ki, əlbəyaxa döyüş ola… Bəlkə… Əşi, bunların heç biri mümkün olan deyil. Mən də ki, türk qulağı gətirməyə boyun olmuşam, daha doğrusu, boynuma qoyublar. Xüsusən batalyon komandiri lap bezdirmişdi məni, yarızarafat, yarıciddi hey deyirdi: “Simonyan türk qulağı gətirməsə, öz qulaqlarını verməli olacaq.” Ay verdim ha! Ölmüşdü Ambarsum… Başınızı elə piyləyim ki… Çox düşünüb, götür-qoy edib baş sındırsam da, yaxşı yol tapdım dünən… Bağanıs Ayrım soyqırımından sonra nə məkrli məqsədləsə faciədə iştirak edən şəxslərin yerlərini dəyişmişdilər. Bəzilərinə yüksək rütbə və vəzifə də vermişdilər. Bu yerdəyişmə bəlkə də, necə olsa, həmin şəxlərin qisasın – intiqamın qurbanına çevrilə biləcəkləri qorxusu və ehtiyyatı üzündən idi.
Simonyan Ambarsumu da belə olub yerini dəyişib Qarabağ istiqamətindəki hərbi hissəyə göndərmişdilər. Buranın komandirlərinə o, hələ isnişməmişdi. Bəziləri, onu elə bir qətliamın iştirakçısı kimi öyür, üstün tutur, tərifləyirdi. Bəziləri isə ona soyuq və ögey yanaşır, onu adi gözdə görürdülər.
…Simonyan hörmətini bir az da qaldırmaq üçün dünən uydurub tapdığı yolu belə düşünürdü: “Hə, qulağı necə əldə etdiyimi onlara belə izah edəcəyəm: Köhnəqala kəndinin meşə yolunu kəsdim, daha doğrusu, gecə-gündüz nəzarətdə saxladım. Axır ki, dünən axşam Dar dərənin girəcəyində birini yaxaladım. Qaçmaq istədi. Avtomatı qaldırıb, dedim, qaçma, söz soruşacağam, yolu azmışam. Əllərini qaldırıb dayandı. Çatan kimi öncə ağzına əski tıxadım, sonra əllərini və ayaqlarını bağladım. Üzü üstə yerə uzatdım. Bıçağı çıxarıb sağ qulağını kəsdim. Budur…”
Birdən ayağı çökəyə düşdü, yüngülcə burxuldu. Qorxdu. Sağ ayağı topuqdan ağrıyırdı. Dayandı. Özünü tarazladı. Çiynindəki rus avtomatını, cibindəki fransız bıçağını yoxladı. Ətrafa boylandı. Qəbristanlıq arxada qalmışdı. Qayıtdı. Elə gəldi ki, düz təzə qəbrin baş tərəfinə çıxdı. Balaca ağac xaçı və qəbrin üstündəki kağız əklili götürüb yana qoydu. Nazik qar vardı. Əllərini hovxurdu. Talvarın altından bel gətirdi. Avtomatı çiynindən çıxarıb qırağa qoydu. Arxayın idi: erməni kəndinin sakinlərinə gecə bayıra çıxmamaq və işığı gizlətmək tapşırığı verilmişdi, türklər də ki, buralara gələ bilməzdi. Qazmağa başladı. Torpağı çıxardı. Köndələn taxtaları götürdü. “Yazıq Kolya. Tabutun üstünü torpaqlayanın biri özüm idim. Köpəyoğlu türk snayperi düz alnından vurmuşdu. Bədbəxt Kolya, son sözü bu oldu: “Qarabağı alammadım”. “Yerevanda, uşaq evində, daha doğrusu, yetimxanada böyümüşdü. Bir dəfə möhkəm keflənəndə söylədi ki, anam məni bic doğub, iki aylığımda yetim¬xanaya verib. Sonralar axtardım, tapa bilmədim, Dilicanda yaşayan xalamı tapdım, o da dedi, anan Kanadaya köçüb, orada da ölüb. Nə isə peşə məktəbində oxuyub çilingər oldum. Rus ordusundan qayıdan kimi Qarabağ uğrunda döyüşə atıldım. Qarabağımız ayrıca dövlət olandan sonra, evlənib buralı olacağam.”
Yazıq Kolya bir də deyirdi ki, “ölsəm və meyidimi əldə edə bilsəniz, elə burada, Qarabağ torpağında dəfn edin məni.” Biz də onun vəsiyyətinə əməl etdik, budur, buradaca torpağa tapşırmışıq. Uşaqlar taxta -tuxta tapıb tabut düzəltdilər; ən yaxın erməni qəbristanlığına çatdırdıq onu…”
Tabuta çatdı. Əlinə birtəhər yer eləyib qapağın baş tərəfini araladı və yavaş-yavaş qaldırdı. Təzə əsgər paltarında arxası üstə uzanmış döyüş yoldaşı Nikolay Vanyans sanki gülümsədi… Yox, qorxmadı. Bıçağı cibindən çıxarıb Kolyanın sağ qulağını dibdən kəsdi, cib yaylığına büküb, qoltuq cibinə qoydu. Tabutun qapağını yerinə yerləşdirdi, köndələn taxtaları dəli-tərsinə tabutun üstünə düzdü. Torpaqladı. Ağac xaçı yerinə sancdı. Karton–kağız əklili torpaq qalağının üstünə qoydu. Avtomatı çiyninə aşırdı. Beli talvarın altına qoydu. Hardasa xoruz banladı. Deməli, gecənin üçdə biri qalıb. Tələsmək lazımdır. Təqribən üç km. yol olar… Dönüb qəbrə baxdı. Pıçıldadı: “Bağışla!”
Başının qısa tükləri qulaqlı papağı yuxarı qaldırdı. Uzun qara saqqalından əllərinin və ayaqlarının üs¬tündəki xırdaca tüklərədək biz-biz oldu. Bədəni isindi, ürəyinin döyün¬tüsünü eşitməyə başladı. Kolya onun qabağında ayaq üstə durmuşdu: “Nəyi bağışlayım?!” Sağa döndü… Yenə qənşərində durub ona baxırdı Kolya: “nəyi bağışlayım, nəyi?!” Sola döndü, yenə həmin həngamə..! Arxaya çevrildi. Onunla lap burun -buruna, çənə-çənəyə dayanan Kolya yenə dilləndi: “Nəyi bağışlayım axı?!”
Sonra nə oldu, bilmədi… Simonyanı axtaran dəstə dörd gün sonra həmin qəbristanlığın böyründən keçirdi. Başçıları “uşaqlar, gəlin mərhum Kolyaya baş çəkib sonra gedək” dedi. Döndülər o tərəfə. Ya¬xınlaşanda gördülər ki, Şimonyan tirtap uzanıb qəbrin bir böyründə. Çoxdan keçinmişdi. Nədən öldüyünü bilmək üçün hər yerini axtardılar, yoxladılar. Yarası yox idi. Yalnız… qoltuq cibindən yaylığa bükülmüş bir qulaq çıxdı, elə bil yenicə kəsilmişdi…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.