Ana səhifə YAZILAR Barat Vüsalın “AlDədə”si

Barat Vüsalın “AlDədə”si

Müəllif: Bizim Yazı
924 baxış

G SemaGülnar SƏMA, DGTYB Məclisinin üzvü

Əməkdar İncəsənət Xadimi, tanınmış şair Barat Vüsalın 65 illiyi münasibəti ilə seçilmiş əsərlərinin iki cildliyi çap olunub. AYB-nin Qazax zona filialının başqanı olan Barat Vüsalın bu iki cildliyinin II cildində üç poeması yer alıb. Onlardan ən irihəcmlisi 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ithaf olunan “Aldədə” poemasıdır. Heca vəznində qələmə alınan bu əsər proloqla başlayıb epiloqla tamamlanır. Əsərdə on yarımbaşlıqdan istifadə edilmişdir ki, bəzi bölümlər də bir neçə hissədən ibarədir.
Əsərin proloqunda yurdumuzun tarixinə ümumi baxış edilərək bildirilir ki, antitürklər boşuna haray çəkiblər ki, bizim tariximiz yoxdur, əslində bizim babalarımız tarix yazıb, amma onu öyrənənlər olmayıb. Buna inanmayanlara belə bir təcrübi nəsihət verilir: “Bu torpağın oğlunu götür təndirə tulla, Görəcəksən oturub söhbət edir Günəşlə”. Poemanın ilk bölümü “Odda yanmayan kişi” adlanır. Bütövlükdə əsəri əhatə edən əfsanə və rəvayətlərin söyləmi bu hissədə də var. Ərəb padşahı bir bahar axşamı üç elçi göndərir ki, pir baba nəsə bir möcüzə göstərsə, ona toxunmayacaqlar, göstərə bilməsə ömrünü tamamlayacaqlar. Pir baba isə onların gəlişinin əsl mahiyyətini ürəyində hiss eləyir. Yəni onlar torpaqlarımızı işğal etmək üçün bəhanə uydurublar. Pir baba da onları qonaq edib, kabab çəkərkən şişdən istifadə etmir. Onun əl-qolunun yanmaması elçiləri çaşbaş salır. Amma gəlmələr kəsdikləri çörəyi tapdalayıb kişini təndirə atmaq qərarını verirlər. Onun qucağına bir quzu verib axşam yanan təndirə atırlar, səhər isə piri saç-saqqalı buz bağlamış halda təndirdən tapırlar. Qorxub getmək istəyən elçiləri Aldədə yenidən yeməyə dəvət edir və təndirdə qucağında bişən quzunun ətindən də yollarına pay qoyur. Bəllidir ki, bu rəyavətin söyləmi əbəs yerə deyil. Yadellilər, həmişə bəhanələrlə gəliblər, buna baxmayaraq, türk həmişə onlara türkanə münasibət bildirib. Onların haqsızlığını sübut etməklə yanaşı, özünün çörək verən, mərd olduğunu da nümayiş etdirib.
Poemanın ikinci bölümü isə “Naltökən” adlanır. Baş verənlərə əsəbləşərək zəncir çeynəyən ərəb xəlifəsi pir babanı hüzuruna gətirməyi əmr edir. Yolçular piri bulaq başında xəyala dalarkən tapıb, əl-ayağını sarıyaraq ondan növbəti möcüzəni istəyirlər. Aldədə isə qımışır ki onsuz da bunların da yolu Naltökənədir. Elçilər yoxuşu çıxmaq istəyirlər, əvəzində belə bir hadisə baş verir: “Üç gündü ərəblər naltökəndədi, Yol gedib… bir addım atmamışdılar”.Vətən torpağı yadelliləri onu tapdayıb işğal etməyə imkan verməmişdi. Lakin ərəblər də yeri gəlmişkən bizim torpaqları gözaltı edirlər. Bölmənin əsas ideyası bu misralarda aydın olur: “Gəlirlər, gedirlər yenə də, baba, Sən varsan, biz varıq, o yoxuş durur!” Bu tarixi həqiqətlərin etirafıdır. Ölkəmiz elə bir coğrafi məkanda yerləşir ki, əksər istilaçıların yolu buradan keçib. Bütün bunlara baxmayaraq, hələ də, həm millətimiz. Həm də ölkəmiz öz varlığına sahibdir.“Oxuyan qarğılar” adlı bölümdə ərəblərin əsl niyyətləri üzə çıxır. Artıq tamamilə məlum olur ki, onların Aldədə ilə heç bir şəxsi-qəzlikləri yoxdur, əsas məqsəd onun vətəninin torpaqlarını ələ keçirməkdir. Ona görə də, bu dəfə daha konkret bəhanəylə gəlirlər. Xəlifə elçilərinə tapşırır ki, pirə böhtan atıb deyərsiniz ki, “Özgənin torpağını, Torpağına qatmısan”. Aldədə onlara cavab verir ki, biz yalnız öz halal dədə-baba torpaqlarımıza sahibik. Ərəblər isə öz yanlışlarına inadla haqq qazandırırlar ki, özgələrədən aldığınız torpaqları bizə verməlisiniz. Kimdi bu özgələr, əgər o torpaqlar, doğrudanda, özgənindirsə, onda nə fərqi türkün əsarətindədir, yoxsa ərəbin?! Məhz bu hissədə poemanın niyə şəhidlərə ithaf olunmasının əsl mahiyyəti üzə çıxır. Min illərdən bəri davam edən özgələrin torpaq iddiaları hələ də gündəmdədir. Hələ də torpaqlarımızı bölüşdürməkdən gözü doymayan bəhanə istehsalçıları torpaq iddialarından əl çəkmirlər. Bu da onu göstərir ki, əslində bizim bugünki problemlərimizin kökü çox qədimlərə gedib çıxır. Poemanın qəhrəmanı da yadellilərə açıqca meydan oxuyur ki, mənim belə sınmaz, odda yanmaz olmağımın da səbəbkarı öz torpağımdır. İndi mən öz torpağımı özgə torpağı bilib ondan necə əl çəkim?! Əgər inanmırsınızsa gəlin mənimlə vətənimi gəzin deyə onlara təklif edir. O, Yurd-Vətən nəğməsini oxuya-oxuya yola düşür. O getdiyi yerlərə qarğıdan nişan qoyur ki, elçilər də yolu tapıb gedə bilsinlər. Pirin bir günə gəzdiyi vətəni elçilər üç aya gəzdilər. Bu gəzilən ərazilərin adını çəkməklə şair bütöv Azərbaycanın xəritəsini cızır. Nişan üçün qoyulan qarğılar da nəğmə oxuyur. Lakin ərəbin biri bunun toprağa bağlılıq olmasına inanmır və bir qarğını çıxarıb başqa yerdə basdırır. Bu zaman “Elçilər nəğmə deyil, Bir hönkürtü dinlədi”. Bu epizodla Barat müəllim əsl türklüyün mahiyyətini onu anlamayanların diqqətinə çatdırır. O da məlum olur ki, tanrı öz ilahi qüdrətini türkə ərəbdən daha öncə izah etmişdir.
“Ağçayın Mahpeykəri aparması” bölümündə ərini axtaranda balasını itirən ananın ahını eşidib gələn Aldədə yeddi ildən bir daşan Ağçayı daşdırır. Bununla da “Aldədə həm oğlunu, həm də ki, ocağının İstisini itirdi”. Onun itmiş oğlu Qoroğlunu qurd aparıbmış. Qurd türkün kultudur. Onun apardığı uşaq yeddi il evinə dönə bilmir. Balasının və arvadının həsrətindən xəstə düşən Aldədə “Yuxusunda bir qurdla Oynayan balasını, İgid oğlunu gördü”.Atanın balasını tapmasında yuxu motivindən istifadə edildiyi kimi, onun oğlunu tanımasında da folklor elementindən istifadə edilir. Ata öz oğlunu xalından tanıyır. Qurddan atanın halallıq istəməsi əsərin əsas ideyasını müəy¬yənləşdirir. Necə ki, türk başqasının torpağına göz dikmir, necə ki türkün qarğısı yad torpaqda oxumur (xarıbülbülü xatırlayaq), eləcə də türk ona əziyyəti keçən hər bir kəsdən halallıq alır. Özü də bu halallığı ona öz milli kultu verir. Bu məqamda şairin ritorikası çox düşündürücüdür. “Qoroğluyla boz qurdun Qol-boyun dolaşması Qorxulu deyildimi?!” Bu, türkün düşmənlərini, ən adi bir fürsəti gözləyən işğalçıları rahat buraxmazdı. Əsərin ən əsas diqtəsi də odur ki, ata öz oğluna nə qədər Qoroğlu olduğunu desə də, uşaq özünü qurdun oğlu sanırdı. Nəhayət ki, uşaq böyüyəndə anlayır ki, Qor oğlu, ya da qurd oğlu olmağın fərqi yoxdu, əsas odur ki Yurd oğlu olasan. Uşağın anasının xəyalı da ona yurdu qorumağı tapşırır. Ananın belə bir tövsiyyəsi var.

…Baxma tufan aparıb,
Xan Arazdı, Tərtərdi,
Kürdü qoru, ay oğul,
Yurdu qoru, ay oğul!

Adı çəkilən üç çay bütöv Azərbaycanın simvoludur. Araz cənubla şimalın arasından keçən çaydır. Tərtər isə əsasən hazırda işğal olunmuş torpaqlarımızdan axır. Kür də öz başlanğıcını Türkiyədən götürür. Araz Kürə qovuşur, Kür də Xəzərə. Xəzərin ətrafında isə daha çox türk xalqları və türk dövlətləri yerləşir. Ana öz balasına bütöv türk torpaqlarını qorumağı məsləhət görür. Yenə də türkün başqalarının torpaqlarında gözü olmadığı, lakin öz torpaqlarına əsl sahiblik etməsi məsələsi qabardılır. Bu məsələdə Boz qurd da öz düzgün mövqeyini tutur. O da ata-anasının dediyi sözləri daim Qoroğluna təkrar edirdi. “O ataydı, bu boz qurd. O anayadı bu da yurd”. Əslində əsərin mərkəzi xəttini bu dörd ünsür təşkil edir. Ata – övladın milli kimliyinin təyini və türklərin milli kimlik kultu- Boz qurd. Ana- övladı dünyaya gətirən və Ana Yurdda ana dilinin daşıyıcısı. Bütün bu komponentlər milli şüuru formalaşdırır. Fərd kim olduğunun fərqinə varanda milli vəbəşəri olduğunun mahiyyətini anlayır. Və dərk edir ki, bütün bəşəriliyə çağırış səsləri əslində milli kimliyini qorumaq deməkdir. Öz yurdunun qayğısına qalmayan insana dünyanın qayğısı heç vaxt maraqlı ola bilməz. Qoroğluna da dünyadan ona pay düşən vətəninə sahiblənməyi öyrədirlər.
“Batan günəşin nuru” bölümü də ibrətamiz xarakter daşıyır. Ölümü yaxınlaşan Aldədə; “Hayanda dəfn etmək gərəkdi məni, Orda dayanacaq atım – demişdi”.Türk kişisi döyüşə də, ölümə də gedəndə atına sadiq qalıb. At onu bütöv Azərbaycan coğrafiyasında gəzdirir. Səhənddən, Alvızdan, Ağrı dağdan, Kəpəzdən keçən at bütöv Azərbaycanı dolaşır. Belə anlaşılır ki, bu torpaqların hər qarışına canını tapşırmaq olar. “Ata qəbri” bölümündə hadisələrin düyünü açılır. Atası dünyasını dəyişəndən sonra düşmənlər oğlunu öldürmək istəyirlər. Onu tutmaq üçün Qara pəhlivanı göndərirlər. Bu ədalətsiz hücumun təsviri ilə şair poemanın əsas məqsədini nümayiş etdirir:

Atmışdı oxunu düşmən hədəfə,
Günahkar cummuşdu günahsız üstə.
Allah, bu torpaqda neçənci dəfə
Silahlı gəlmişdi silahsız üstə.

Qeyri-bərabər çarpışmada Qoroğlunu yenə də vətənin qayası, dərəsi, uçurumu, dumanı qoruyur. Xeyli təqib olunan Qoroğlu birdən ayaq saxlayır. O, Qara pəhlivana bildirir ki, bircə addım da atsa, atasının qəbrini tapdayacaq. Təbii ki, düşmən buna inanmır. Lakin türk oğlu düşmənini də xəbərdar edir ki, bir addım da atsan, atamın qəbri səni yandıracaq. Düşmən düşmənliyini edir, qəbri tapdamaq istəyəndə qəbirdən yüksələn alovu görür. Qorxuya düşən düşmən aradan çıxır. “Can şirin olsa da, qorxma zalımdan, Tapdama, ay oğul, ata qəbrini!” Bu sadəcə adi bir tövsiyyə deyil, haqlının haqq mübarizəsindən həmişə qalib çıxacağına əminlikdir. Bu tövsiyyədən sonra şəhidlər mövzusuna keçid də rəmzi xarakter daşıyır. Can nə qədər şirin olsa da, şəhidlər ata-babalarının qəbri tapdanmasın deyə canlarından da keçiblər. Əsərin finalı olan “Şəhid qəbirləri” bölümündə min illər bundan əvvəl baş verən hadisələrin eyni bəhanələrlə çağdaş dövrdə də davam etməsi reallıq olaraq göstərilir. “Dövlət çevrilişi edirmiş guya, Bir uşaq evində yatdığı yerdə”- bu misralar 20 Yanvar qətliamının əsl mahiyyətini göstərir. Vaxtı ilə ərəb xəlifəsi Aldədənin üstünə hansı bəhanələrlə adam göndərmişdisə, indi də sovet dövləti eyni bəhanələrlə Azadlıq meydanına qoşun göndərdi. Məlum oldu ki, “Xalqı qorumurmuş xalqın dövləti, Xalqdan qoruyurmuş özünü dövlət? ”Zaman dəyişsə də, köhnə düşmənlər öz məkrli məqsədlərini dəyişməyiblər. Bununla yanaşı, bütün məqsədyönlü parçalamalara, mənəvi aşınmalara baxmayaraq türkün türkanəliyi hələ də öz diqtəsini etməkdədir.

Həddi-hüdudu yox alçaqlığının,
Gör indi gəlmisən hara Pəhlivan?
Ölsəm də, bir addım ata bilmərəm,
Şəhid qardaşımın, şəhid bacımın
Qəbridi qarşıda… qara Pəhlivan!

Qara pəhlivan simvolik düşmən obrazıdır. Şəhidlərin qəbri isə bizə ölməzlik örnəyidir. Onlar bu torpaqda bu torpaq üçün can qoydular. Qara Pəhlivanlara onların qəbrini tapdamağa icazə vermək olmaz. Bu qəbirlər həm də vətənin ümumiləşdirilmiş obrazıdır.Poemada sadəcə mifik hadisələr təsvir olunmayıb. Tarixi rəvayətlərlə müasir dövrün reallıqları arasındakı bağlılıq verilib. Düşmənlərin hələ də öz düşmənçilik mövqeyində qaldığı bəlli olur. Poemanın məna və məntiq tutumu ilə bədii tutumu da bir-birini tamamlayır.

DondarQuşçu – TOVUZ, avqust-2016

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.