Ana səhifə YAZILAR Elman TOVUZdan üç şeir

Elman TOVUZdan üç şeir

Müəllif: Bizim Yazı
548 baxış

 

ELƏMİ?!.

Yenə fikrin külüngünü saplayıb,
Ha qazırsan daşa çıxır, eləmi?..
Sevincinin qazanı boş, min hayıf,
Qəm qaşıqda qoşa çıxır, eləmi?..

 

 

 

Oğruya bax, ovcundakı püstədir,
Doğru hələ dünənkinin üstədir…
Ədalət öz yatağında xəstədir, –
Dərman atır , boşa çıxır, eləmi?..

Elman Tovuz, çox yazılıb bu haqda,
Dönən dönüb: nə həqiqət, nə saxta…
İnsan olan ayaqlanır ayaqda,
Nadan olan başa çıxır, eləmi?..

NƏ ÇOX…

Aldanma, a dostum, dönüb zamana,
“Can” deyib bağrına basanlar nə çox!
Yaxşının işini salıb yamana,
Söhbətə gələndə susanlar nə çox!

Elə ki, söz düşdü mərdanəlikdən,
Azdımı siçantək çıxan dəlikdən?!
Nə günə qalmışıq biganəlikdən…
Doğrunu dilindən asanlar nə çox!

Hələ bataqlığı göl bilir camış…
Ay Elman, nə fərqi: ya sus, ya danış?!
Hələ qarşıdakı xoruzlanmamış,
Ayağı altında yasanlar nə çox!

QAYITMA

Özün də bilmirsən bu nə dərd idi –
Mən üzə çıxıram, sənsə batırsan…
Nə oldu: tapanda – gözü dörd idin,
Atanda – gözünü yumub atırsan?

Bu boyda günahı üstünə yığıb –
Bu ürək indicə daş olar, qorxma…
Yanına düşmüşəm – yadından çıxıb,
Gedərəm, yanın da boşalar, qorxma…

İsti nəfəs, – deyə axtarma hədər,
Qar düşər başımı qatdığın yerə.
Səni xatirələr daşqalaq edər –
Qayıtma o, məni atdığın yerə…

 

You may also like

1 şərh

Aysel Memmedli 2012-09-19 - 17:15

Dilin rəvanlığı, axıcılığı və şairin poetik axtarışları şeirdə çox gözəl bir hava yaradıb. Şeirləri oxuyub qurtarandan sonra o havadan çıxa bilmirsən. Çox sağ olun, təbiniz daha da aşsın-daşsın. Əla şeirlərdi.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.