Ana səhifə BAŞ YAZI Deyişmə: Əlirza HƏSRƏT – Barat VÜSAL

Deyişmə: Əlirza HƏSRƏT – Barat VÜSAL

Müəllif: Bizim Yazı
636 baxış

 

 

Ə.HƏSRƏT:

İŞIĞIN QAZAXDAN GÖZÜMƏ DÜŞÜR…
(Şair dostum Barat VÜSAL üçün)

 

Aldım məktubunu, ay Barat qağa,
Çəkildi xəyalım arana, dağa.
Ürəyim öyrəşib üz ağartmağa,-
Şair ocağına, közünə düşür.

Sən şeir mələyi, biz bəndə, ustad,
Saldın gözəlləri kəməndə, ustad.
Hardandır bu qədər nur səndə, ustad?!
İşığın Qazaxdan gözümə düşür.

Bəzəkdir şeirin, sözün bu yurda,
Sevilib ucalmaq belə olur da.
Vallah, hər ürəyin nəşəsi burda,-
Sinənə basdığın sazına düşür.

Tanrı alqışısan, sən bu cahana,
Sazınla köklənib ruhumuz cana.
Əlirza Həsrəti çək imtahana,-
Görüm hansı gözəl izinə düşür?!

B.VÜSAL
ŞAİR Əlirza HƏSRƏTə

Ömrün də günün də, elə könlün də,
Gözəl çağındasan, Əlirza Həsrət.
Nə qədər uzaqsan, elə o qədər,-
Mənə yaxındasan, Əlirza Həsrət.

Səni də bir buta nigar çağırır,
O nar şirnikdirir, bu nar çağırır.
Bəlkə də Tiflisdə Xumar çağırır,
“Sənan dağı”ndasan, Əlirza Həsrət.

Sən elə aşiqsən, yanar, sönməzsən,
Eşqin fövqündəsən, ordan dönməzsən.
Heç vaxt burxulmazsan, sola dönməzsən,
Yolun sağındasan, Əlirza Həsrət.

Sözünü deyəndə, Meyxoşa denən,
Sənsiz gəlməz qardaş, mey xoşa, denən!
Gəlsin süfrəmizə mey qoşa, denən,
Məndəsən,ondasan, Əlirza Həsrət.

Daşır Qoşabulaq yeddi ildən bir,
Göydə iki ulduz rastlaşanda bil.
Gör Günəş yaxanda Barat nə deyir,
Günəş dağındasan, Əlirza Həsrət.

***
Ə.HƏSRƏT
SÖZ MƏBƏDİ
(Şair dostum Barat VÜSAL üçün)

Şeir təşnəsidir, söz muzeyidir,
Kim sevməz ay qağa, Barat Vüsalı?
Bağrına basdığı sazın qüdrəti,-
Bağlayıb torpağa Barat Vüsalı.

Zəhmət çiçəyidir alnının təri,
Nə gözəl düşübdür dilə dərd-səri.
Vəsfinə durduğu o nazlı pəri,-
Döndərib çırağa Barat Vüsalı.

Eh,mən də eşq deyib dad eləmişəm,
Hər gün bir xatirə yad eləmişəm.
Sevib, sətir-sətir yad eləmişəm,
Bu yurda, ocağa Barat Vüsalı.

Əlirza Həsrəti salıb sazağa,
Durnalar üz tutub yenə uzağa.
Şeir meydanında məşəl olmağa,
Çəkdilər Qazaxa Barat Vüsalı!..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.