Ana səhifə YAZILAR DƏRVİŞMİSAL XAQANIM

DƏRVİŞMİSAL XAQANIM

Müəllif: Bizim Yazı
437 baxış

Neçə gündür Ehtiram İlhamdan ismarıc var ki, qarşıdan əzizimiz Xaqani Qayıblının 60 yaşı, yubiley günü gəlir, mən də bir ovuc söznən təbrik karvanına qoşulumamı istədilər.

Di gəl indi bu yükün altına gir, görüm! Hardan başlayaram, mövzuya hardan açar taparam? Bu qədər yaxından tanıdığın, bildiyin adam üçün, sənin bildiyini də yüzlərlə bilənlər bilirsə, sən təzə nə yazarsan, hə? Könül qapısının bu qədər açıq olması möcüzədir axı!

Allahyar Əyyubla danışıram telefonda, ordan-burdan… Bizim vatsap üzərindən bir dostluq qrupumuz var, dedik-güldük. Söhbət Xaqandan düşür, məlum olur ki, Allahyar müəllim də, Həmid Ormanlı da mənim kimi bu mövzuya, bu təbrikə “giriş açar” axtarışındadirlar!
Mən Xaqanla ilk görüşdə illərin tanışı, sirdaşı kimi və ya illərin ayrılmışı kimi görüşdük, bağır basdıq, kövrəldik. Bu görüşlərin, bu dostluqların, bu sevdaların əsas addamancı, körpüsü, səbəbkarı, komutanı isə birmənalı olaraq Çiçək xanımdır! Bu danılmazdır!

Xaqani Qayıblı Şəms Təbrizinin, Mövlana Cəlaləddinin, Xızırın dərvişlibas müridlərindən, səma adamı, ayağının birinin burda, birinin isə yeri, məkanı, mənzili bilinməyən, dünyanın hər yerində olan ruh adamlarındandır. Şəmsin qırx kuralının otuz doqquzu Xaqaninin canında, qanında, dilində, beynində, onun kövrək könlündə, bir andaca göllənən gözlərində, yanaqlarına tərəf uçunan göz yaşlarında köklənmiş, kök atmışdır. Kimsə bilə bilməz, seçə bilməz ki, Xaqani onu başqasından fərqli düşünür, sevir, hörmət qoruyur, sevgi bölüşür, dərdləşir. Bu mümkün deyil!

Düşünürsən ki, İlahi, bu qədər sevda, enerji, inam-etibar, səmimiyyət hardandı? Təbii ki, onun fərqində olduğu, sevdası üstün olduğu, içdən özününkü olanlar var… Amma, bunu digərindən saxlamaq, qorumaq, bildirməmək ya bir istedad istər, ya da saxlanc yeri nə qədər nəhəng olmalıdı, yahu?!

Xaqani Qayıblının, həm də, maraqlı təhsil alma, davam etmə, artırma yolu, xəritəsi var. Orta, tam orta, ali orta, ali və s. Məsələn, bizim kənddə onun traktorist peşəsi üzrə üç-dörd tələbə yoldaşları var. Bir dəfə söhbət zamanı onlar Xaqandan fəxrlə, qürurla danışdılar. Bu gün onun hansı mərtəbədə olduğu isə bəlli, gün kimi görünməkdədir.

Vallah yazdım e, yazmağına! Amma, onu bilirəm ki, onun haqqının yüzdən birini də bu yazıda çatdırammadım. Bir ovuc sözlə Xaqanın həndəvərinəmi hərlənmək olar? Bircə onu diləmək istəyirəm ki, balalarının başından əskik olmasın. Turanın özü istədiyi, arzuladığı kimi, Qaraçöpdən bir qızla, elə Qaraçöpdə də toyunda Xaqanın başına dolanaq, pərvanə misal!
60 il haqqın-halalın olsun, Xaqanım!

Üzümə tutalğac dördcə xana şeir də sənin şərəfinədi, XAQANIM!

Buna bax, gözüm yol çəkir,
Kimdəsən, nəydəsən, gəl çıx!
Kimin bəxtinə çıxıbsan,
Xandasan, bəydəsən, gəl çıx!

Söhbəti, gapı açıqdı,
Özünü tapın, açıqdı!
Yenə də qapın açıqdı…
Çöldəsən, öydəsən, gəl çıx!

Bu hava oynatdı məni,
Sonradan göynətdi məni,
Nəydi ki, inlətdi məni,
Sazdasan, neydəsən, gəl çıx!

Oyanırsan günəşmisal,
Yeriyirsən yürüşmisal,
Sən hardasan dərvişmisal,
Yerdəsən, Göydəsən, gəl çıx!

Sənin müdrik, işıqlı, yaraşıqlı simanda göyü, səmanı, təbiəti, cümlə dünyanı görmək arzusuyla, mən, qardaş bildiyin MÜBARİZ QARAGÖZLÜ.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.