Ana səhifə YAZILAR Debüt: Etibar SALMAN

Debüt: Etibar SALMAN

Müəllif: Bizim Yazı
439 baxış

Etibar Salman

 /Etibar Salmanov – 07.06.1992-ci ildə Daşkəsəndə doğulub. Daşkəsəndəki Anar Mürsəlov adına orta məktəbin məzunudur./

…Birisi bir sual vermiş:
“Hardan başlanır Vətən?”
Cavab tapmıram, nədən?
Baş açmıram səhərdən…
Baş açmıram sərhəddən.

Araz adlı sərhəddin
O tayında Təbriz var.
Batıda Borçalı var.
Qarabağ qara bağdır,
Dərbənd dəmir qapıdır…
Və bir də İrəvan var…

Mən sərhəddi bilinməyən,
Beynimizdən silinməyən,
Parçalanıb, tükənməyən,
Çox dərdləri çəkilməyən
Bir Vətənin oğluyam…

Qurban sənə, doğma Vətən,
Bir xəbər ver dərdlərindən…
Qan ağlayan ellərindən…
…Bu torpağın cövhərini istəyirəm,
Vətənimi istəyirəm.

Torpağımız babalardan əmanətdir,
Torpaq üçün candan keçmək səadətdir.
Ömrümüzdən ömür vermək rəşadətdir,
Vətən üçün şəhid olmaq istəyirəm,
Vətənimi istəyirəm.
15.02.2014

İKİ SEVGİ

Dayanmışam iki yolun ayırıcında mən yalqız
Bir yolda şeirlərim, birində sevdiyim qız…
Bir könüldə dayanmış iki sevgi üzbəüz,
Hansı daha qısqancdır – şeirlərim, yoxsa qız?

Şeirlərim təkliyə, qız görüşə səsləyir,
İki hökmdar ilə ürəyim bacarmayır…
Bu sevgilər köksümə heç cürə sığışmayır,
Sevdiklərim sevgimi heç biri paylaşmayır.

Biri ruhuma hakim, biri tam varlığıma,
Hər ikisi yerləşmiş beynimə, ürəyimə.
Biri məhkum eyləyir ağ kağız və qələmə,
Biri məni səsləyir çox sirli bir aləmə…

Görən şeir dünyamı özünə çəkərmi qız?
Qısqanclığın kökünü qazıyıb atarmı qız;
Deyərmi ki, şeirləri sən mənə yaz, sən yalnız?..
Durmuşam iki yol ayırıcında mən yalqız…
27.05.2013

ŞƏRQ

Bəstəkar Tural Bakuvinin “ŞƏRQ” Kompozisiyasına

Dörd cəhətin seçilmişi, mükəmməli qoca Şərq,
Bütün yaranışınla bu dünyanın tacı, qoca Şərq.
Böyük Günəş səndə doğar, bu cahana yayılar,
Şəfəqiylə, işığıyla bütün cahanı aydınladar…

Allahın yaratdığı möcüzəyə, hikmətə, sirrə bax sən,
Mədəniyyət, incəsənət Günəşi də səndə doğmuşdur.
Bir hikmət ki, bütün dinlər ilk səndə yaranmışdır,
Dinlər şahı İslamın Günəşi Şərqdə doğmuşdur…

Yaradan sınağa çəkmiş bütün Şərq xalqlarını,
Keçilməz, susuz səhralarla sınamış insanları.
Sonra böyük “Quran”ı mükafat vermiş Şərqə,
Şükürlər olsun Tanrım, bu böyük məsləhətə.

…İnsanların yaranmış incə ruhlu, gözəlliyə aşiq,
Gözəl sözə, musiqiyə, zərif rəqsə, şerlərə aşiq.
Səslənən hər muğamat sanki ilahi bir ahəngdə,
Aparır dinləyəni çox sirli, əlçatmaz yüksəklərə.

Dünyanın yeddi möcüzəsinin neçəsi səndə məskun,
Zamana meydan oxuyan ehramlar səndə məskun.
Ən böyük memarlıq inciləri yenə də səndə məskun,
Üç cəhətə dərs verən bir hikmətsən, qoca Şərq…

Azərbaycan böyük Şərqin mədəniyyət beşiyidir,
Azərbaycan müdrik Şərqin qapısıdır, aynasıdır.
Nizami Şərq şeriyyətinin əlçatmaz zirvəsidir,
Dünya şeriyyətinin şah əsəri Nizami “Xəmsə”sidir.

Bu gün qan gölündə boğulur, sızlayır yaralı Şərq,
Günəşin batdığı Qərb dağıdır, parçalayır aydınlığı.
Qapından dayanıb baxıram əzabına, acına, ey Şərq,
İnanıram azadlığın Günəşi gətirəcək sənə aydınlığı.
29.07.2013

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.