Ana səhifə YENİLİKLƏR CASCFENdən təntənəli yubiley və Yenigün tədbiri

CASCFENdən təntənəli yubiley və Yenigün tədbiri

Müəllif: Bizim Yazı
87 baxış

17 mart 2013-cü ildə Bakıdakı Royal Hoteldə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) özünün 10 illik yubileyini təntənəli qəbulla qeyd edib. Azərbaycan himninin ifası və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə yaddaqalan anların zənginliyi diqqət çəkib.
Təşkilatdan verilən xəbərə görə, qurumun İdarə Heyətinin üzvü, professor, doktor Ramiz Əskər tədbiri açaraq qeyd edib ki, martın 20-də Azərbaycanda xüsusi yeri olan CASCFEN təşkilatının 10 yaşı tamam olur. CASCFEN öz üzvlərinin və qonaqların iştirakıyla 20 mart günü tamam olan 10 yaşı ilə bərabər Novruz bayramını da qeyd edir.
Çıxış edən CASCFEN sədri Azər Həsrət isə təşkilatın yaradılması tarixi barədə qısa məlumat verib. Onun sözlərinə görə, 10 il öncə bu təşkilatı məhz 20 mart tarixində təsis etməkdə məqsəd o olub ki, qurumun ad günləri Azərbaycan xalqının ən əziz bayramı Novruzla eyni günə düşsün. O əlavə edib ki, hazırda öz sıralarında 93 nəfəri birləşdirən CASCFEN ötən il dövlət qeydiyyatına alındıqdan sonra iki beynəlxalq təşkilatla bərabər Azərbaycan Mətbuat Şurasına və Milli QHT Forumuna üzv olub. Bundan başqa qurum Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) adlı beynəlxalq təşkilata üzvlük üçün müraciət edib və artıq bu yolda ilk mərhələni uğurla keçib.
Sonra musiqi ilə davam edən tədbirə Azərbaycan Dövlət Kukla Teatrı sənətçilərinin Novruz təbriki və Bakı Milli Geyim Evinin təmin etdiyi milli geyimli CASCFEN üzvlərinin iştirakı xüsusi rövnəq verib.
Bundan sonra çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev və Mətbuat Şurasının sədri Əflatun Amaşov təşkilata öz təbriklərini çatdırıb, xoş arzularını bildiriblər.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev CASCFEN-in sıralarında Azərbaycan mediasının sayılıb-seçilən nümayəndələrinin təmsil olunduğunu qeyd edib və bu təşkilata missiyasına uyğun olaraq təkcə Azərbaycanda deyil, ölkəmizin xaricində də aktiv fəaliyyət arzulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, istər CASCFEN, istərsə də ona rəhbərlik edən şəxslər nəinki Azərbaycan mediasında, ümumiyyətlə region ölkələrində öz sözünü deməyi bacaran, sayılıb-seçilən şəxslərdir və belə olacağı təqdirdə bu təşkilatın ən uğurlu təşkilatlar sırasında olmaması imkansızdır.
Qonaqların çıxışından sonra R.Əskər qeyd edib ki, CASCFEN ona təmənnasız informasiya dəstəyi verən iki qəzeti – “Bakı xəbər” və “Ekspress”i diplomla təltif edib. Diplomlar təntənəli şəkildə “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramova və “Bakı xəbər” qəzetinin baş redaktor müavini Samirə Səfərovaya təqdim edilib.
Bundan sonra Azər Həsrət bildirib ki, qurumun sədr müavini Nadir Azərinin bugünlərdə 40 yaşı tamam olub. Bu münasibətlə və həmçinin CASCFEN-in formalaşmasındakı xüsusi xidmətlərinə görə Nadir Azəri diplomla təltif edilib.
CASCFEN üzvü, vətənpərvər mahnıların usta ifaçısı Şəmistan Əlizamanlının çıxışı isə tədbirə xüsusi rəng qatıb. Tədbirdəki hər kəsi cuşa gətirən ifalar rəqslər və xüsusi canlanma ilə müşayiət edilib.
Əslən Təbrizdən olan sənətçi Yasser Ehsanın də eyni üslubda yüksək və peşəkar ifaları iştirakçıların ürəyincə olub. Bundan başqa müğənni Tutu Göyçaylının xüsusi olaraq seçib ifa etdiyi Azərbaycan mahnıları, həmçinin tədbir iştirakçılarının fəallığı yaddaqalan olub.
Tədbirdə həmçinin, Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan və başqaları da öz çıxışlarında CASCFEN-ə xoş arzularını bildirib, bu təşkilatın üzvü olmaqdan məmnunluq duyduqlarını dilə gətiriblər.
CASCFEN üzvü Lalə Xəlilqızının təşkilatın rəhbəri Azər Həsrətə ortaq türk bayrağı hədiyyə etməsi iştirakçıları xüsusi olaraq canlandırıb və milli rəqslər, Ş.Əlizamanlının təkrar ifası ilə məclis davam edib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.