Ana səhifə YENİLİKLƏR “Riyaziyyat və Poeziya”… “Əkiz ruhlar”…

“Riyaziyyat və Poeziya”… “Əkiz ruhlar”…

Müəllif: Bizim Yazı
527 baxış

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) NATAVAN KLUBUnda Birliyin üzvü Vahid Aslanın “Əkiz ruhlar” ilə “Riyaziyyat və poeziya” kitablarının təqdimatı keçirildi

Təqdimat mərasimini kitabın naşiri şair Musa Ələkbərli açdı və qonaqları salamladı. Vahidin əsərlərinin poetikliyindən, səmimiliyindən bəhs edərək hər iki kitab haqqında məlumat verdi. İlk növbədə, “Əkiz ruhlar” kitabının şəhid şair Nizami Aydına və onun simasında bütün Azərbaycan və Türk Dünyası şəhidlərinə həsr olunduğunu qeyd etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra Milli Məclisin deputatı, şair Musa Uruda söz verildi.

Musa Urud qəhrəman Nizami Aydının həyatından müxtəlif fraqmentləri diqqətə çatdırdı. Qəhər onu boğsa da, özünü toplayıb fikirlərini belə  bir cümlə ilə tamamladı: “Şəhidlərimizin ruhları narahatdır. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirən İlham Əliyev cənablarının başçılığı ilə Qarabağda üçrəngli bayrağımız dalğalananda bütün şəhidlərimizin, eləcə də Nizami Aydının ruhu rahatlıq tapacaq. O gün tezliklə gələcək. Vahid Aslanın Nizami Aydına həsr etdiyi bu kitab isə dəyərli, vaxtında yazılmış bir əsərdir, müəllifin şəhidin ailəsinə kiçik bir hədiyyəsidir. Vahid Aslana gələcək işlərində uğurlar arzu edirəm”.
Bundan sonra Musa Ələkbərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanovaya söz verdi. Elmira xanım da şəhid-qəhrəman Nizami Aydının igidliyindən, qırx nəfərin həyatını qorumaq üçün özünü çəhid etməsindən danışdı, eyni zamanda digər şəhidlərimizi – Mübarizi, Fəridi və başqalarını da yada saldı, Vahid Aslanın “Əkiz ruhlar” kitabının  bütün şəhidlərimizə həsr olunduğunu diqqətə çatdırdı və müəllifə belə bir xeyirxah işi həyata keçirdiyinə görə  təşəkkürünü bildirdi.
Daha sonra ATU- nun professoru, Nəsimi rayonu YAP Qadınlar Şurasının sədri Məhbubə Vəliyevaya söz verildi. Məhbubə xanım da öz növbəsində yazıçıya bu işində uğurlar dilədi və xalqımızın şəhidlərin ruhunu daim uca tutacağını, onların həyatlarını qurban verdikləri məqsədlərin mütləq reallaşacağını söylədi. Məhbubə xanım Vahid Aslanın ikinci kitabına da diqqəti yönəltdi. Riyaziyyatla poeziyanın qırılmaz tellərlə bağlı olduğunu, riyaziyyatdakı dəqiqliyin, sistemliliyin şeirdə, poeziyada da əsas olduğunu nəzərə çatdırdı. Kitabdakı rəqəmlərin dialoqunu, riyazi terminlərin dəqiq əlamətlərini əks etdirən poetik  parçaların mükəmməlliyini yüksək qiymətləndirdi.
Daha sonra şairlərdən Əkbər Qoşalı, Qəşəm Nəcəfzadə, Gülayə, Hacı Loğman, Məhərrəm Şəmkirli, Akif Azalp, ədəbiyyat qəzetinin əməkdaşı Sərvaz Hüseynoğlu, ADPU-nun professoru Azadxan Adıgözəlov, orta məktəb nümayəndələri və başqaları çıxış edərək, tədbir haqqında fikirlərini bildirdilər. Hər kəs öz çıxışında Nizami Aydının qəhrəmanlığını örnək göstərməklə, bütün şəhidlərin xatirəsinin anıldığı tədbirə və “Əkiz ruhlar” əsərinin müəllifinə vətəndaşlıq borcu olaraq belə bir mövzuya müraciət etdiyinə görə təşəkkür bildirdi.

Sonda şəhid şair Nizami Aydının oğlu Cavidə söz verildi. O da öz növbəsində ailəsi adından atasına belə bir əsər həsr etdiyinə görə Vahid Aslana, təqdimatın təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinin kollektivinə və təqdimatın iştirakçılarına minnətdarlığını bildirdi.

Qeyd edək ki, “Əkiz ruhlar” kitabının redaktoru xalq şairi Nəriman Həsənzadə, “önsöz”ün müəllifi professor Maarifə Hacıyeva, “Riyaziyyat və poeziya” kitabının isə redaktoru bu sətirlərin müəllifi, “önsöz”ün müəllifi  tanınmış şair İlyas Tapdıqdır.

Həcər Hüseynova,
Filologiya elmləri doktoru

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.