Ana səhifə BAŞ YAZI BÖLGƏLƏRDƏN SƏSLƏR

BÖLGƏLƏRDƏN SƏSLƏR

Müəllif: Bizim Yazı
78 baxış

V YUSIFLIprof.dr. Vaqif YUSİFLİ

   …Çağdaş Azərbaycan ədəbiyyatının araya-ərsəyə gəldiyi məkan təkcə qaynar Bakı mühiti deyil. Əslində, Bakı məmləkətimizin bütün bölgələrindən gələn istedadları doğma anası kimi özünə cəlb edir və deyək ki, ədəbiyyatımızın əksər sənət adamları Azərbaycanın müxtəlif rayonlarından gəlib burda sakin olanlardır. Ancaq bölgələrdə də ədəbi həyat davam edir və bu gün istedadına, sözünün qüdrətinə heç bir şübhə etmədiyimiz bir çox şairlər, nasirlər məhz rayonlarda, kəndlərdə yaşayıb-yaradırlar. Böyük şairimiz Musa Yaqub İsmayıllıda, Barat Vüsal Qazaxda, Əlizadə Nuri, Ədalət Salman, Əlirza Həsrət Cəlilabadda, İltifat Saleh, Ağamir Cavad, Tərlan Əbilov, Samir Sədaqətoğlu Lənkəranda, Aqil Yaqub Astarada, Nisə Bəyim Sabirabadda, İsmayıl İmanzadə Mingəçevirdə, Sakit İlkin, Aslan Quliyev Yardımlıda, Aydın Tağıyev Şabranda, Ramiz Qusarçaylı, Zakir Məmməd Qubada, Məmməd Qədir Xaçmazda, Məzahir Hüseynzadə Şəmkirdə, Ramiz Orsər Şəkidə, Arif Fərzəli Masallıda yaşayırlar və onlar müasir ədəbiyyatımızın inkişafında az rol oynamırlar.

   İndi bölgələrdə yeni nəsil ədəbiyyatı yaranır. “Bilik” nəşriyyatı şair Əkbər Qoşalının layihəsi ilə “Bölgələrdən səslər” adlı bir bir almanax buraxıb. Bu almanaxda Azərbaycanın 28 rayonunda yaşayan gənc yazarların yaradıcılığından seçmə nümunələr toplanıb. Almanaxın tərtibçisi şairə Rəsmiyyə Sabirdir.
Təbii ki, bu almanaxda işıq üzü görən cavan yazarların bədii yazılarının heç də hamısı eyni səviyyədə deyil. Uğurlu nümunələr də var, zəif və ortabab yazılar da. Ona görə də biz ancaq ümid doğuran yazılardan söz açmaq istəyirik.
Almanax Ağcabədidə yaşayan Gündüz Sevindikin şeirləri ilə açılır. Gündüz Sevindik artıq iki şeirlər kitabının müəllifidir, AYB-nin uzvüdür. Şeirləri haqqında bir neçə resenziya da dərc edilib. Onun şeirlərində fikrin obrazlı ifadəsi, ürəklə ağlın vəhdəti hiss olunur. O, bir şeirində fələstinli bir uşağın taleyindən söz açır və sonda Xocalı faciəsini yada salır:

Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Bu qara ölkədə Allah axtarır.
Yeməyin üstündən yarımçıq durub,
Dünyanı qarpız tək kəsib yeyəcək.
Bu uşağı anasına verməyin,
o öz anasını basıb yeyəcək.
Kəsir vücudunu qışın sazağı,
Hardasa görmüşəm
mən bu uşağı,
Xocalı!
…mən səni tanıdım, bala!

   Ağstafada yaşayan Şahinə Könül də artıq gənc yazarlar arasında seçilir, fərqlənir. Onun bir şeir kitabı da çapdan çıxıb. Bu gözəl, poetik biçimli misralar onunkudur: “Yenə gözlərimdə yetim bir istək, Yenə də göründü bənövşə dərdim. Anamın qoynundan çıxandan bəri, Bənövşə qoxladım, bənövşə dərdim”. Ana və Bənövşə obrazları şeirin sonunacan bir-birini tamamlayan müştərək obraza çevrilirlər. Şahinənin şeirlərində poetik tapıntılar az deyil. Bir şeirində yazır ki: “Axtar, gəz, gör hardayam, Gizlində, aşkardayam. Sən hardasan, ordayam, Gəlmə sən mənə doğru”.
Hər bir şeirin canı, cövhəri həm də onun təbiiliyində, fikrin obrazlı ifadəsi ilə yanaşı, səmimiliyindədir. Səmimiyyətdən uzaq olan şeir ürəyə yol tapa bilməz. Arzu Hüseynin (Qubadlı), Taleh Mansurun (Qazax), Elməddin Nicatın (Kəlbəcər), Vasif Əlihüseynin (Cəlilabad), Alimə Gizlinurun (Laçın) şeirlərində o səmimiyyəti və təbiiliyi hiss elədik.
Sumqayıtda yaşayan Emin Pirinin şeirləri haqqında artıq xoş fikirlər səslənməkdədir.
Emin Piri bədii təsvir vasitələrindən uğurla istifadə edən, şeirdə sanki sözlə rəsmlər çəkən bir şairdir və belə davam etsə, axtarışlarını daha uğurlu səmtə yönəltsə, tez bir zamanda Azərbaycanın tanınan bir şairinə çevriləcək. “Şuşa qalasına qonaq gedən Qız qalası” şeirində onun assosiativ təfəkkürü bunu deməyə haqq verir ki, cavan şair sözləri ehya eləməkdə məharət göstərir:

Bakının bəkarəti
Qız qalası,
Tək-tənha yalqız qalası.

Harda darıxan varsa
Qız qalasını göstər.

Harda darıxan varsa
Qız qalasını göstər.
Hər qız qalası yanında
bir oğlan qalasın istər.
Ancaq
Şuşa qalasına
qonaq getmək də
keçir könlündən
bizim Qız qalasının.

  Şeirin sonrakı misralarında Qız qalası “üz-gözündə dənizin izi, Günəş boylanar, qızarar öpüş yeri”. “Anlaya bilmir ayaq səslərinə dolaşan əcnəbi sözləri, kəlmələri, uzaqlardan gəlmələri”. Şeirdə dənizlə Qız qalasının paralel təqdim olunması təkcə məkan yaxınlığından irəli gəlmir. Qız qalası Dənizsiz, Dəniz də Qız qalasız düşünülə bilməz.
“Dolanbac pillələrdə fırlanır zamanın daşı Qız qalası – dənizə uzanan barmağımızda üzüyün qaşı”.
Tural Adışirinin (Şəki) almanaxda təqdim olunan üç şeiri onun gələcəyinə inam hissi yaradır.

Dünya məni dərdə salır,
Üzündən keçə bilmirəm.
Ağlasam, qəlbim yumşalır,
Gözümdən keçə bilmirəm.

Nədir faydası bu qəmin?
Gedin Məcnundan öyrəning
Füzuli kimi iynənin
Gözündən keçə bilmirəm.

Hər cür savaşdan keçirəm,
Qurudan, yaşdan keçirəm.
Yol açıb daşdan keçirəm,
Özümdən keçə bilmirəm.

   Hiss olunur ki, Tural Adışirin xalq şeirinə, qoşmaya, gəraylıya bağlıdır və bizim bu qədim, amma əbədiyaşar şeir şəkillərində məharətini göstərə bilir. Yeri gəlmişkən, qeyd edək ki, almanaxda toplanan şeirlərin əksəriyyəti heca şeirləridir. İlham İsmixanoğlunun (Ağdam), Rüfət Axundlunun (Ağstafa), Hikmət Qarayevin (Bərdə), Mailə Ağaqızının (Cəlilabad), Davud Fərhadın (Xocalı), Pərviz Ülvinin (Gədəbəy), Arzu Abbas qızının, Ofelya Səmanın (Quba), Elnur Quliyevin (Naxçıvan), Aybəniz Əliyarın (Şabran), Elçin Habiloğlunun (Şirvan), Gülnar Səmanın (Tovuz) şeirlərində-birində az, birində çox hecanın dadını-duzunu hiss elədik.
Almanaxda nəsr nümunələri ilə də qarşılaşırıq. Şəfa Vəliyevanın (Gəncə) “Sevimli küçə süpürən”, Teymur Mustafayevin (Quba) “Ay işığı”, Ləman Cavidin (Lənkəran) “Yaşıdım 22 etiraf edərkən”, Səbinə Dənizin (Sumqayıt) “Möcüzə” hekayələri əsasən ortabab yazılardır. Müəlliflərə ciddi mütaliə, həyatı, gerçəkliyi müşahidə qabiliyyəti arzulayırıq.
Orxan Zamanın bir şeirinin bu misraları ilə sözümüzə xitam vermək istəyirik:

Yenə
yaşamaq həvəsi var içimdə.
Yenə
bomboz səma,
uzun və ensiz küçələr,
bir-birinə sarılan iki sevgili.
Yenə
sevmək həvəsi var içimdə.

   Qoy cavan yazarlar bir-birinə sarılan iki sevgilidən, bomboz səmadan, uzun və ensiz küçələrdən, torpaqdan, dənizdən, həyat eşqindəngnədən yazırlar-yazsınlargtəki ortalıqda əsl ŞEİR olsun. Onların hamısına ədəbi uğurlar arzulayırıq!..

Qaynaq: “ƏDALƏT” qəzeti03.09.2014

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.