Ana səhifə BAŞ YAZI İçsəs: “ALLAH QATİL DEYİL”… “PALÇIQ ADAMLAR”…

İçsəs: “ALLAH QATİL DEYİL”… “PALÇIQ ADAMLAR”…

Müəllif: Bizim Yazı
660 baxış

Təranə ANKA (Xudabaxşiyeva)

ALLAH QATİL DEYİL

…Bu gün nə Günəşin doğması ilə başlayacam hekayəmə, nə də buludların dolaraq torpağı islatmasıyla aldadacam sizləri. Gerçəkliyə üz cevirib sizlərə güzgü olmağa çalışacam. Gözünüz qamaşmırsa diqqətli olun, başlayım…
Hər gün övladımı bağçaya qoymaq üçün eyni “ssenari”ni yaşayıram. Uşaq oyanmır, mənsə məcbur oyadaraq, ağlasa da, yalan vədlərlə onu bağçaya aparıram. Qızım ağlayaraq yox, “ana, orda bizi sevmirlər” desə də, inanmırdım. Axı müəllimə xanımdır. Və hər qadının ruhunda körpəyə uşağa sevgi var. Lap öz övladı olmasa belə… usaq görərkən o hiss oyanır və analıq hislərinə çevrilir, uşağı sevib-əzizləyir…
Beləliklə hər gün eyni mənzərə ilə qarşılaşdığımdan yarıyuxulu olsam da, “ssenari”mi əzbər bildiyimdən, rolumu məharətlə oynaya bilirdim. Yağışlı havada daha da həvəssiz olan qızımın nazını çəkərək, saçını sığallaya-sığallaya, hər yağış damlası qədər xoş sözlər deyərək, bağçaya üz tutduq. Qapıya yaxınlaşıb içəri keçməyimizlə “dram səhnəsi”ni görməyim bir oldu..! Müəllimə..! – Yox, yox adını səhv dedim. – Bir vəhşi məxluq 5-6 yaşlarında balaca uşağı döyürdü. Qulağından tutub iki dəfə fırladaraq yerə çırpan bu adam formalı, ürəyi daş canlı… balacanın üstünə qışqırıb “Allah öldürsün səni, canım qurtarsın səndən. Bezdirmisən daha məni. Nə qədər olar, e!” deməklə usağa qarğışlar yağdırmağa başladı.
Yerimdə donub qalmışdım. Axı o uşaqdır, uşaq..! Bir ananın balasıdır o… Usağa diqqət etdim. Uşağ yerində dayanıb soyuqqanlılıqla “müəllimə”yə baxırdı. O məxluq hirslə yenə də usağın üstünə çımxırdı: “Nə mal kimi gözlərini döyürsən, Allah vurmuş? Dur cəhənnəm ol uşaqların yanına!”..
Uşaq yerindən tərpənmirdi. Donuq baxışları müəllimənin isti söyüş və qarğışlarında əridi. Uşaq sakit səslə ona cavab verdi:
– Müəllimə, Allah məni öldürməyəcək çünki, o qatil deyil… Amma siz qatilsiniz. Uşaqlıq, körpəlik qatili…
Uşaq sözləri deyildi bu..! – “Müəllimə” uşağı vaxtından öncə “böyütmüşdü” məgər…

PALÇIQ ADAMLAR

Bilmirəm hardan başlayım.
Keçmişdə baş verənləri danışanda qəribə hislər keçirirəm həmişə. Hər danışdığım kədərli və sevincli hekayədən sanki hər dəfəsində yeni bir şeylər öyrənirəm. Nə isə… keçək indi xatırladığım və danışmaq istədiyim hekayəyə…
Bəzən hekayəyə başlayanda havadan sudan başlarlar… mənsə bunu etməyəcəm. Kasıb üçün nə fərqi var, yazdır ya qış… Hər fəslin bir dərdi var onsuz da… Qışın qış… yazın yaz…
İndiyə kimi xatırlayıram. Cırıq ayaqqabımla fəsilləri aldadıb illəri başa verirdim. Dərd bu dərd deyil ki… Dərdlərimlə dərd boxmanızı daşırmaq istəmirəm. Heç vaxt da şikayətçi olmamışam. Hətta çoxlarına elə qürurlu görünmüşəm ki, arxamca “bəxtəvər” deyənlər olub…
Hələ siz qonşuluqda yaşayan “qarnı burnuna dəyən”, “pulunu balta kəsməyən” Ulduz kişini görəsiz… Özü cənnət meyvələrini yeyəndə mən cəhənnəm tikanlarından şirə çəkib içirdim ki, ac qalmayım… ancaq o zalımın balası da mənə bəxtəvər deyirdi. Bəxtəvər, ha… Nə bilim vallah… “Təki elə bilsinlər” deyirdim.
Qürurum poladdan bərk olub həmişə. Axı maddi yöndən kasıbam. Kasıbın heç nəyi olmasa da, həmişə qüruru olub. Elə bir gün bu varlı qonşunun səsinə küçəyə çıxdım. Həyatdan, dolanışıqdan, şəraitdən-filandan gileylənirdi. Yaxınlaşıb soruşdum ki, “ay qonşu, nə olub belə”?
Cavab verdi ki:
– Əşi nə olacaq, e?!. Bir xaraba tikdirmək istəyirəm, qonum-qonşunun gözünə girir… Deyinirlər ki, məhlədə üç mərtəbəli ev tikmə. Evimiz, həyətimiz qalacaq “ayağının altında”. Arvad var, uşaq var…
Heç dəxli var?…
Mən sakitcə ona dinləyirdim.
– A kişi səninləyəm, e!.. Görürsən bu adamları. Yaşamağa da imkan vermillər, e, yaşamağaca… Daş mənim, torpaq mənim tikirəm də – özüm bilərəm. Sizin pulunuzla alıram, bəyəm.?! Dəhşətdilər, e..!
Gözlənilməz sualım qonşumu çaşdırdı:
Qonşu, sənin çoxmu qohumun rəhmətə gedib?
Qonşu:
– Hə. Necə bəyəm?
Mən:
– Heç… Bilirsən, biz bir gün yaşayıb ölürük. Sonra torpağa cismimizi təhvil verir doğma¬larımız. İllər sonra torpaqla doğmalasırıq ona qarışırıq. Sonra doğmalarımızın doğmaları bizim cismimizi torpaq kimi evlər, saraylar, binalar tikib isti yuva edirlər özlərinə… Görəsən siz özünüz bu üçqatlı evi neçə-neçə doğmalarınızın cisimləri ilə ucaldacaqsız…
Görəsən siz hansı daxmanın tikintisində istifadə olunacaqsız… Görəsən mən hansı binanı sığınacaq edəcəm insanlara…
Qonşumsa gözünü bir nöqtəyə dikib susmuşdu… Sanki sözlərim ona hissə-hissə çatırdı: qum-qum, daş-daş, torpaq-torpaq…
Sözümü deyib ağır addımlarla uzaqlaşdım…
Torpaq olmaq üçün zamana bir neçə addın daha atmış oldum, qaliba…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.