Ana səhifə BAŞ YAZI Bir ömrün qəlpələri:

Bir ömrün qəlpələri:

Müəllif: Bizim Yazı
55 baxış

Erməni qəsdinin qurbanı olan Azərbaycan aktyoru MİR PAŞA

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitututnun əməkdaşı, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, DGTYB GƏNƏŞİnin (Məsləhət Kurulu) üzvü Könül AYDIN Nəhmətovanın “Bir ömrün qəlpələri” adlı kitabı 31 mart tarixində işıq üzü gördü. Kitab görkəmli yazıçı, tənqidçi, 37-ci il amansız soyqırımın qurbanı olan Seyid Hüseyn Sadıqzadənin milli ağrılarla yüklü taleyində özəl yeri olan kiçik qardaşı Mir Paşanın faciəli ölümünə həsr edilib. Tədqiqatçı Seyid Hüseynin “Həqiqət illüzyonu” adlı ədəbi məktubunda yazdığı bir cümləyə diqqət verməsi sonucunda milli bir faciənin izinə düşərək erməni xəyanətini əks etdirən tarixi faktın üzə çıxarılmasına nail olub. “Faciəli bir surətdə tərki-həyat etdiyi üçün onun ruhuna ehtiram etməyim lazımdır. Mən sənin qarşında Mir Paşanın Qarabağda verdiyi canına və həsrət gözlərinə and içirəm. (Seyid Hüseyn)” cümləsi bir kitabın ərsəyə gəlməsinə səbəb olub. Kitabın elmi dəyəri ədəbiyyat tariximizdə Seyid Hüseynin həyatının ağ səhifələrini və incəsənət tarixinin ağ vərəqlərini örtməsi baxımından əhəmiyyət daşıyan faktların üzə çıxarılmasındadır.
1921-ci ilin fevral ayında Azərbaycan artistlərindən bir qrupu – AqitBriqada (Təbliğat briqadası) respublikanın rayonlarına göndərilmişdi. Həmin briqadanın tərkibinə H.Q.Sarabski, H.A.Hacıbababəyov, R.Darablı, Ə.A.Vahid, Q.Pirimov, Ə.B.Zülalov (Əzizə xanım Məmmədovanın atası), Ə.Anaplı, Mir Paşa, Ə.H.Rzayev, Mouses dayı, B.Cabbarzadə, Ə.Əhmədov daxil idi. Bu briqada Yevlaxda iki hissəyə ayrılır. Briqadaya daxil olan artistlərdən bir qrupu – Nuxa, Qax, Zaqatala rayonlarına, digəri isə Qarabağa yola düşür. Hər iki briqadaya Əli Heydər Qarayev və Qambay Vəzirov rəhbərlik edirdilər.
Ə.Anaplı və Mir Paşanın daxil olduğu briqada 1921-ci ilin fevral ayında respublikamızın bir neçə rayonunda konsert verdikdən sonra Şuşanın yaxınlığında Keşiş kəndinə gəlmişdi. Konsert kəndin geniş meydançasında olacaqdı. Buna görə də Bakıdan artistlərin gəldiyini eşidən kənd camaatı, hətta əsgərlər də kəndin meydançasına toplaşıb səbirsizliklə konsertin başlanmasını gözləyirdilər. Ə.H.Qarayev meydançaya toplaşan kənd camaatının qarşısında nitq söylədi, sonra bədii briqadanın iştirakçıları çıxış etdi. Konsertdə Ə.Anaplı və Mir Paşanın məzhəkəli çıxışı tamaşaçıların xüsusilə xoşuna gəlmişdi.
Qaynaqların verdiyi bilgiyə görə, Ə.Anaplı və Mir Paşanı, həmçinin üç hərbçini gecələmək üçün bir evə qonaq aparmış ermənilər elə gecə yatdıqları yerdə qətlə yetirmişdilər. Bu hadisədən qəzəblənən xalq isə qatilləri ələ keçirib cəzalandırmışdı.
Könül Aydın Nəhmətova Mir Paşanın həyatı, çalışmaları və faciəli ölümü illə bağlı bilgi verən qaynaqlardan faktları “Bir ömrün qəlpələri” adı altında toplayıb, həyatını gənc yaşlarında itirmiş incəsənət xadimi haqqında təsəvvür yaratmağa nail olub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.