Ana səhifə YAZILAR Bir aprel zarafatı

Bir aprel zarafatı

Müəllif: Bizim Yazı
441 baxış

Cavid ŞÜKÜROV

Daha sevmirəm Səni. Dünən it kimi içib bütün şəkillərini yandırdım, ən sevdiyin ətri divara vurub çiliklədim, qəbul etmədiyin doğum günü hədiyyəsini də qırıb atdım. Səni xatırladan hər şeydən vaz keçdim… Daha sevmirəm Səni…
Göz yaşı vəzilərim də qanqren olmuşdu, amputasiya etdirəcəm bir azdan. Həkim anesteziyanı hazırlayır. Cərrah skalpelin sterilliyini yoxlayır. Səninçün ağlaya da bilməyəcəm. Bağışla, Əzizim, daha sevmirəm Səni…
Dünyada bir ilkə də imza atacam bu gün. Beyin transplantasiyası etdirəcəm amputasiyanın ardınca. Səni görsəm də tanımayacam daha. Amma Sən Allahımız, çıxma qarşıma, bu beynimdə də taxt qurmanı istəmirəm. Şanssızın biriyəm, yenə aşiq olaram. Axı, daha sevmirəm Səni…
Həəə, Rüzgar Saçlı qız, bu gün külək də əsmir, saçların məni keçmişə sara bilməz. Bircə Günəşdi Səni xatırladan – Günəşi sevirsən axı. Sənlə aramızda daha maddi heç nə qalmayıb. Hər şeyi məhv elədim sərxoş başla. Ayıq olsam gücüm çatmazdı. Sonra yandırdığım şəkillərin külünün üstünə sərilib ağladım doyunca. Nə də olmasa, sonuncu dəfəydi. Daha sevmirəm Səni…
Həkim deyir ki, lap vaxtında gəlmisən. Qanqrena öldürərdi yoxsa. Amma o bilmir ki, dünən ölmüşəm – daha sevmirəm Səni…
Bu da xlorofol borucuğu… Həkim, barı, sonuncu dəfə xatırlayım Onun bahar mehi saçlarını, yaşam harmoniyası səsini, canımdan can qoparan gülüşünü, hələ gözləri, adımı deyən anda baş gicəllənməmi…
Amma daha sevmirəm Səni…
Bu da boşluq, anesteziya huşumla birgə yaddaşımı siləcək…
…Yaxşı, Əzizim, pozma kefini. Unutmusan? Bu gün 1 apreldir – daha sevmirəm Səni…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.