Ana səhifə BAŞ YAZI Azərbaycanın bir qrup tanınmış yazıçısı Prezident İlham Əliyevə müraciət edib

Azərbaycanın bir qrup tanınmış yazıçısı Prezident İlham Əliyevə müraciət edib

Müəllif: Bizim Yazı
159 baxış

Müraciət müəllifləri kitaba tətbiq edilən əlavə dəyər vergisinin ləğv olunmasını xahiş edirlər.

 Bir qrup yazıçı kitabla bağlı əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsi xahişi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Lent.az-ın verdiyi məlumata görə, müraciətə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri xalq yazıçısı Anar, katibi, xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin katibi, P.E.N. mərkəzinin prezidenti, xalq yazıçısı Çingiz Abdullaev, AYB-ninin katibləri Rəşad Məcid, Arif Əmrahoğlu, xalq şairləri Vagif Səmədoğlu, Nəriman Həsənzadə, Zöhrab Tahir, Sabir Rüstəmxanlı, xalq yazıçıları İsa Hüseynov, Gülhüseyn Hüseynoğlu və Mövlud Süleyman imza atıblar.

Müraciətdə qeyd olunur ki, son illərdə Azərbaycan mədəniyyətinin inkişafı naminə böyük layihələrin həyata keçməsinə imza atılıb. Prezidentin fərmanı ilə nəşr olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” Azərbaycan tarixində ən böyük ədəbiyyat layihəsidir: “Kitabxana işində, informasiya sahəsində 2008-2013 – ci illərdə Dövlət Proqramı çərçivəsində Azərbaycanın sıradan çıxmış bütün kitabxanalarının işlək vəziyyətə gətiriləcəyinə tam əminik. Ümid edirik ki, kitabın təbliği üçün Bakıda təşkil olunan “Bakı 2-ci Beynəlxalq kitab sərgisi” Azərbaycanın bütün rayonlarında da keçiriləcək”.

Müraciətdə daha sonra vurğulanır ki, kitab, dövlət dəstəyi olmadan nəinki inkişaf edə, heç yaşaya da bilməz: “SSRİ dağıldıqdan sonra hər dövlət özünün kitab siyasətini müstəqil müəyyən etdi. Bəzi ölkələr kitabı tam, bəziləri isə qismən dövlət vergisindən azad etməklə yanaşı, öz ədəbiyyatlarını xarici ölkələrdə təbliğ etmək üçün ədəbiyyata dəstək fondları təsis etdi. Sizin rəhbərliyiniz sayəsində, Qafqazda iqtisadiyyatı ən güclü dövlətə çevrilən Azərbaycan elə bir mərhələdədir ki, artıq ədəbiyyatı və mədəniyyəti də önə keçməli, mədəniyyət sahəsində keçirilən islahatlar qonşularımıza və ümumən keçmiş MDB dövlətlərinə nümunə olmalıdır. Böyük Britaniya, İrlandiya, Norveçdə, Kiprdə, Moldovada, Tacikistanda, Gürcüstanda ƏDV 0%-dir. Türkiyədə, Fransada, İtaliyada Macarıstanda, Litvada, İspaniyada 4 %, təşkil edir. Yaxın qonşumuz Gürcüstanın kitaba münasibəti unikaldır, bu mənada ki, kitabı bütün vergilərdən azad edib, kitab kağızı, mətbəə avadanlıqları, bir sözlə kitaba gərək olan heç bir avadanlıq və xammaldan vergi almır”.

Yazıçılar bildiriblər ki, bu yaxınlarda Yazıçılar ittifaqında Milli Məclisin deputatlarının iştirakı ilə kitabın üzərindən vergilərin götürülməsi ilə bağlı dəyirmi masa təşkil olunub: “Həmin dəyirmi masada iştirak edən hər kəs kitabın vergi yükündən azad olmasını arzu etdi. Azərbaycan yazıçılarının, naşirlərin, kitabçıların arzularını nəzərə alaraq, səlahiyyətinizdən istifadə etməklə ƏDV-nin kitab üzərindən götürülməsinə sərəncam verməyinizi xahiş edirik”.

//lent.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.