Ana səhifə YAZILAR Afaq ŞIXLI. Üç Şeir

Afaq ŞIXLI. Üç Şeir

Müəllif: Bizim Yazı
109 baxış

 

25 .06. 1969-cu ildə Bakıda anadan olub.
Orta məktəbi 15 yaşında qızıl medalla bitirib.
1990-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirib. Orta musiqi təhsili də var.  Şairənin “Qəlbimin dedikləri” (2003), “Sevərsənmi” (2005), “Məndən uzaqda” (2008) və “Səni düşünürəm” (2011) adlı kitabları nəşr olunub.
Azərbaycan Gənc Şairlər Birliyi və Rusiyadakı “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin üzvüdür.
İlgi alanları:  Təbabət, poeziya, musiqi, rəssamlıq…

 

İNCİYİRƏM…

İncimirəm məndən uzaq duranlardan…
İncimirəm qeybətimi qıranlardan…
İncimirəm adi aravuranlardan…
Kürəyimdən vuranlardan inciyirəm!

İncimirəm mənə əyri baxanlardan…
İncimirəm hər tərəfə axanlardan…
İncimirəm qurduğumu yıxanlardan…
Ümidimi yıxanlardan inciyirəm!

İncimirəm mənə yalan deyənlərdən…
İncimirəm özlərini öyənlərdən…
İncimirəm müftə çörək yeyənlərdən,
Haram tikə yeyənlərdən inciyirəm!

İncimirəm məni darda atanlardan,
İncimirəm tikan kimi batanlardan…
İncimirəm sözü baha satanlardan
Vicdanını satanlardan inciyirəm!

İncimirəm məni soyuq sananlardan…
İncimirəm həsəd çəkib yananlardan…
İncimirəm dediyini dananlardan…
Öz dilini,
Öz dinini,
Vətənini dananlardan inciyirəm!

 SEVƏCƏYƏM ÖZÜM SƏNI!

Məndən uzaq olma bir an,
Görə bilsin gözüm sən.
Gah aşıkar, gah da pünhan
Vəsf eləsin sözüm səni.

Demə sənsiz ürək dözər,
Xəyalım da səni gəzər.
Yollarıma sal bir nəzər,
Qoy gətirsin izim səni…

Bu dünyanın işığı bol,
Sən də mənim qəlbimə dol.
Şeirim ol, hekayəm ol,
Sətirlərə düzüm səni.

Bir gül olum eşq bağında,
Bülbülüm ol budağımda.
Yanaqların yanağımda –
Hiss eləsin üzüm səni.

Sən mənimsən, mən səninəm,
Eşqin ilə yanır sinəm.
Bu sevdadan çətin dönəm,
Sevəcəyəm özüm səni!

 BƏZƏN OLUR…

Bəzən olur darıxırsan…
Hər bir şeyə səssiz qalan
dörd divarda sıxılırsan…
Bəzən olur
yerli-yersiz deyilənə darılırsan,
Sussan belə öz içində qırılırsan…
Bəzən olur
öz-özünə danışmaqdan yorulursan,
Bəzən olur
şikar kimi ürəyindən vurulursan…
Bəzən olur
daş-kəsəkdən keçib gedir,
düz yoldasa büdrəyirsən, yıxılırsan…
Haqsızlıqlar səni didir…
Sən də dözə bilmədikcə
kainata üsyan edir,
bir hücrəyə çaxılırsan…
Yaşamaqçün ümidlərə sarılırsan…
Sən dünyaya qucaq açıb vəsf edərkən,
dünya səni almır vecə…
Sən də yanıb-yaxılırsan…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.