Ana səhifə BAŞ YAZI MƏN BİR ŞAİR SEVDİM…

MƏN BİR ŞAİR SEVDİM…

Müəllif: Bizim Yazı
589 baxış

Şəbnəm KARSLI

H.in xatirəsinə…

Mən bir şair sevdim,
hələ uşaqkən,
yolunu gözlədim
ondan xəbərsiz,
xəyallar qurdum,
arzular tutdum,
addımlarını addımbaaddım izlədim,
yolunu qarış-qarış getdim
ondan xəbərsiz…

Mən bir şair sevdim,
onun üçün müəllim oldum onun kimi,
onun üçün siyasətə girişdim onun kimi,
yaşılı sevdim onun kimi,
onun üçün şair oldum,
onun kimi şair olammadım…

Mən bir şair sevdim,
hər şeyimlə sevdim,
bir tək ehtirasdan başqa,
hətta xəyalımda belə
toxuna bilmirdim ona,
toxunsam ölərəm zənn edirdim,
amma sevirdim,
onun şerlərini əzbərləyir,
hər gün təkrar edirdim
unutmayım deyə,
bir gün gələcək
ümidi ilə sevirdim…

Mən bir şair sevirdim,
gələcəyinə inandığım şair.
O gələcəkdi,
önünə çıxıb
“səni sevirəm” deyəcəkdim,
ağlayacaqdım, yalvaracaqdım
inansın deyə,
ayaqlarına qapanacaqdım,
böyüdüyümü isbat edəcəkdim,
daha saçlarımı qarışdırmamasını
istəyəcəkdim ondan,
qadın olmaq istəyəcəkdim onunla,
amma o gəlmədi,
cismini yolladı ağır bir tabutda,
sevgimlə yüklənmiş tabutda…

Mən bir şair sevdim
və itirdim,
o isə bilmədi ki
17 yaşlı qızcığazın
ən böyük itkisi oldu bu,
etiraf edilmədən
sevgilər bitməzmiş,
ağrıya çevrilərmiş sadəcə

Mən bir şair sevdim,
sevməz olaydım…

2002-ci il

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.