Ana səhifə YAZILAR Təkrarsız, bənzərsiz və əlçatmaz Müşfiq

Təkrarsız, bənzərsiz və əlçatmaz Müşfiq

Müəllif: Bizim Yazı
1. 163 baxış

Hələ xoşbəxtlik eyforiyası soyumamış Qələbəmizdən sonra ilk bədbin günümüzü bu gün yaşadıq. 6 yanvar milli mədəniyyət tariximizdə ən böyük qurban verdiyimiz günlərdən biri kimi yaddaşlarda qalıb. Unudulmaz şairimiz, milli mədəniyyətimizin şəhidi Mikayıl Müşfiqin namərdcəsinə güllələndiyi günün 83-cü ildönümüdür.

Müşfiqi xatırlayanda həmişə qara buludlu səmada parlaq bir ildırım çaxşışı gəlir gözlərim önünə. Maraqlıdır, hamı bilir ki, ildırım çox güclü bir təbiət hadisəsidir. İldırım çaxanda yeri, göyü, ətrafı, meşəni, insanı, binanı – hər şeyi yandıra bilər. Hamı ildırım çaxmasından vahimələnir. Amma saniyələr içində görünüb itən bu güclü işıqda elə bir möcüzə yaşayır ki, hamı istəyir onu seyr etsin. Öz istəyini anlayana qədər ildırım kainata sehrli bir işıq seli buraxıb yox olur. İnsan vahiməni unudub gözlərini səmanın dərinliklərinə dikir və “kaş bir də çaxaydı, ona yaxşı-yaxşı bir də baxardım”- deyə fikirləşir.

Mikayıl Müsfiq də mənim üçün ildırım qüdrətli, ildırım sehrli bir möcüzədir. Müşfiqin Azərbaycan şeirinə gəlişi səmada ildırımın çaxışına bənzəyir – çox parlaq, hər yerdən görünən, yaddaqalan və valehedici. Zəkası ildırım kimi parlaq, qələmi ildırım kimi iti, təəssüf ki, həyatı da elə ildırım kimi ani oldu.

Mikayıl Müşfiqin bir çox şeirləri də az-az rast gəlinən təbiət hadisələri kimi əsrarəngizdir. Onlar insanın ruhuna, zəkasına, şüuruna ünvanlanıb, insanın hissiyatında özünə yuva tapır. Hamı onu hiss edir, amma təsvir etməyə çətinlik çəkir, Müşfiq düşüncəsini anlayır, amma onu Müşfiq dərki səviyyəsində anlada bilmir. Müşfiq saf sulu bir dərya kimi görünür. Hər dəfə ona baş vuranda daha dərin olduğunu anlayırsan. Mikayıl Müşfiq o ədiblərdəndir ki, şəxsiyyəti ilə yaradıcılığı arasında qalın bir bərabərlik işarəsi qoymaq olar. O özü də yaradıcılığı kimi nadirdir, təkrarsızdır. Müşfiq XX əsr Azərbaycan ədəbiyyatında yeganə şairimizdir ki, 50-ə yaxın şeiri yalnız ağızdan-ağıza ötürülərək bərpa edilib. Müşfiq təkcə Azərbaycan şeirində deyil, bütövlükdə türk xalqları ədəbiyyatında və ümumiyyətlə dünya şeiri kontesktində də ciddi və örnək sayılacaq bir hadisədir.

Saf Azərbaycan türkcəsi, şeirlərinin gözəl, təkrarsız ritmi, ən uca dağları aşan sonsuz xəyal gücü ilə o, Azərbaycan ədəbiyyatında özünə əbədi abidə ucaldıb. Bu gün qardaş Türkiyədə də Müşfiqi öyrənir, ona valeh olurlar. İnsanlıq hissiyyat qabiliyyətindən məhrum olmayınca Müşfiq seviləcək və sevən ürəklərdə yaşayacaq.

Mikayıl Müşfiq nəsil şəcərəsi ilə də bizim üçün əzizdir – ulu babası, bir türk sufisi aşıq Əliqulu, atası isə həm dünyəvi, həm də dini təhsil verən müəllim və şair Əbdülqadir Visaqi olub. Mənfur düşmən necə qıydı belə bir gəncə?! Əslində amansız Stalin represiyyalarının qanlı maşını Mikayıl Müşfiqi, Əhməd Cavadı, Hüseyn Cavidi, Seyid Hüseyni və başqa böyük ədiblərimizi məhv edəndə bu şəcərələri də, bu saf şəcərələrdən toxunmuş milləti və milli ruhu da məhv etmək istəyirdi. Amma belə olmadı. Mümkün deyildi. Çünki ildırım çaxandan sonra bu çaxışın əks-sədası qulaqlardan, əsrarəngiz parıltısı isə xəyallardan getmir. Şahanə çaxış təkrar-təkrar səslənir, təbiətinin bütün rənglərinin qarışığından yaranmış al-əlvan şüalar seyrəlməkdə olan buludların arasından görünür, bərq vurur. Sonra yağış yağır, tozu-torpağı yatırır, torpağı canlandırır, bərəkətləndirir. Sonda isə böyüklü-kiçikli bütün insanların sevincinə səbəb olan yeddi rəngli göyqurşağı göy üzünə çıxır. Bax, biz bu gün Müşfiqi o göyqurşağı kimi görürük və sevirik. Təkrarsız, bənzərsiz və əlçatmaz bir gözəllikdir Müşfiq.

Cavanşir Feyziyev

Fəlsəfə doktoru, millət vəkili

6 yanvar 2020

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.